Polis rəisi cinayəti ört-basdır edir...

Natiq Heydərov: “Zərdab rayon Polis Şöbəsi qardaşımı vəhşicəsinə döyərək, öldürmək istəyən bir qrup şəxsi açıq-aşkar himayə edir”

“Qardaşımın boğazına qalın məftili bağlayıb, sürüyüb ağacdan asmaq istəyiblər”

Zərdab rayonu Alcanlı kəndi sakini Heydərov Natiq Ramiz oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Müəllif yazır ki, qardaşı 23 yaşlı Sadiqi vəhşicəsinə döyərək, öldürmək istəyən bir qrup şəxsi Zərdab rayon Polis Şöbəsi açıq-aşkar himayə edir:
“Zərdab rayon Polis Şöbəsi açıq-aşkar törədilmiş ağır cinayətin üstünü ört-basdır edir. Qardaşım Sadiq kənd sakini Cavadova Aytac İbad qızı ilə biri-birini sevirlər. Atamgil onlara elçi getsələr də, qızın valideynləri razılıq verməmişdilər. Səbəb isə odur ki, qızı özündən çox-çox böyük olan imkanlı şəxsə vermək istəyirlər. Aytacın ad günündə qardaşım Sadiq ona telefon alıb hədiyyə etmişdi. 22 avqust 2016-cı il tarixdə Aytacın qardaşı Şövqü bizə gələrək Sadiqdən xahiş etdi ki, onlara gedib həyətdə 1 saatlıq köməklik etsin və qardaşımı evlərinə aparmışdır. Həmin vaxt Aytacgilin həyətində atası, qardaşı, əmisi və əmisinin oğlu qrup şəkilində qardaşımın üstünə tökülüb onu vəhşicəsinə döyüb, sonra boğazına qalın məftili bağlayıb sürüyüb ağacdan asmaq istəyiblər. Həyətin qarşısında traktorun mühərrikini işə salıblar ki, səs-küyü heç kəs eşitməsin. Onların niyyəti qardaşımı öldürmək olmuşdu. Qardaşım Sadiq boğulmamaq üçün əlini boğazına bağlanmış məftilə salmışdır. Qardaşımın huşu getdikdə, onlar onu ölmüş bilib, məftili buraxmışlar. Sonra Aytacı ora gətirib döymüşdülər.
Biz xəbər tutan kimi ora gedib təcili yardıma və polisə zəng etdik. Zərdab Rayon Mərkəzi Xəstəxanası qardaşımın vəziyətinin ağır olduğunu görüb, onu ambulans maşınla Ucar rayon xəstəxanasına apardılar. Qardaşım Sadiq 3 gün Ucar rayon xəstəxanasında qaldı, səhhəti pis olduğu üçün təcili yardım maşını ilə Bakı şəhərinə Respublika Xəstəxanasına gətirildi. Orada 7 gün stasionar müalicə edildi. Qardaşıma kəllə beyin tramvası, beyin silkələnməsi diaqnozu qoyuldu. Zərdab Rayon Polis Şöbəsində isə rüşvət alıb ağır cinayət hadisəsinin üstünü ört-basdır etmək istəyirlər.

Qardaşım Sadiqin verdiyi etibarnamə əsasında onun nümayəndəsi kimi Zərdab Rayon Polis Şöbəsinə getdikdə orada təhqiqatçı polis baş leytenentı Nurlan Mahmudov məni və mənimlə ora gedən şəhid atası Ataxan Əsədovu nalayiq şəkildə söyüb təhqir etdi, məni şillə yumruq və təpiklə vurdu. Polis adına qara ləkə olan təhqiqatçı Nurlan Mahmudov izahat alan zaman qardaşımın üstünə qışqışqırıb, zor edib ki, yaz, bir nəfərlə dalaşmışam, o birilərin adını yazma. Beləliklə də Zərdab Rayon Polis Şöbəsi törədilmiş ağır cinayətin üstünü ört-basdır etməyə çalışır”.
Şikayətçi yazır ki, hadisənin üstündən 1 aydan çox keçməsinə baxmayaraq, ekspertin rəyi açıqlanmayıb, hələ də cinayət işi açılmayıb: “Respublika Xəstəxanasının ortada rəyi var ki, qardaşımın aldığı xəsarət ağırdı. Zərdab Rayon Polisi isə istəyir ki, ekspert yüngül və ya dərəcəsi təyin olunmayan xəsarət rəyi versin. Biz bu qanunsuzluqlar barədə bütün aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik. Ancaq hələ heç bir cavab verilməyib. Çox narahatıq ki, qardaşımı öldürmək istəyən, ona ağır xəsarət yetirən cinayətkar dəstə cəzasız qalıb azğınlaşacaq və bundan da ağır cinayətlər törədəcəklər.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər Naziri cənab Ramil Usubova, Ombudsman Elmira xanım Süleymanovaya müraciət edib xahiş edirəm, 22 sentyabr 2016-cı il tarixdə Zərdab rayonunun Alcanlı kəndində bir qrup şəxs tərəfindən törədilmiş ağır cinayət hadisəsinin üstünün ört-basdır edilməsinə imkan verməyəsiniz. Qardaşımı öldürməyə cəhd etmiş və onu vəhşicəsinə döyüb, ağır xəsarət yetirmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə və bu ağır cinayət hadisəsinin üstünü ört-basdır etməyə çalışan vəzifəli şəxslərin cəzalandırılmasına tapşırıq verəsiniz”.

Muxalifet.az

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq...