Polis müxalifətçi xanımdan əl çəkmir

Dünən sahə müvəkkili Şərabani Hüseynlinin evinə gələrək onun qohumlarına qarşı hədə-qorxu gələrək onun olduğu yeri soruşmuşlar. Şərabanının qohumları onun ölkədə olmadığını bildirdikdə, sahə müvəkkili onlara qarşı daha da aqressiv davranaraq onlardan kimisə polis idarəsinə aparacağı ilə hədələyib. Bu haqda məlumatı saytımıza Ş.Hüseynlinin adının mətbuata açıqlanmasını istəməyən qohumlarından biri verib.
Sahə müvəkkili Şərabanının qohumuna bununla bağlı rəhbərlik tərəfindən xüsusi tapşırıq verildiyini deyib. Sahə müvəkkili heç bir rəsmi sənəd göstərmədən Şərabanının qohumuna polis bölməsinə gəlib izahat verməli olduğunu deyib: «Şərabanı mütləq “Qorotdel"ə getməlidir. Əks halda sizlərdən kimisə zorla aparacağıq".
Qeyd edək ki, ADP-çi xanım Şərabanı Hüseynli “NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinə qarşı 06 may 2014-cü il tarixdə ağır məhkəmə hökmlərinin oxunmasına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak etdiyinə görə polis və mülki geyimli şəxslər tərəfindən döyülmüş, saxlanılaraq polis bölməsinə aparılaraq orada işgəncələrə və qeyri-insani rəftara məruz qalmış, daha sonra məhkəmə tərəfindən 600 manat cərimə olunmuşdur. Bu hadisədən sonra o cəriməni ödəmək imkanı olmadığına görə hüquq-mühafizə orqanları tərəfindən təqiblərə, təzyiqlərə və həbslə təhdid olunduğuna görə ölkəni tərk etmək məcburiyyətində qalıb. Ölkəni tərk etməsinə baxmayaraq ona və qohumlarına qarşı təqiblər bu günə qədər davam etməkdədir. Hakimiyyət orqanlarının bu tipli hərəkətləri müxalifət partiyalarında təmsil olunaraq aktiv siyasi mübarizə aparan, kütləvi aksiyalarda fəal iştirak edən insanlara qarşı yönəlik addımların tərkib hissəsidir. Hakimiyyət bütün dəyərləri bir kənara qoyub mənəvi terrora əl atıb. Polislər cinayətkar axtarmaq əvəzinə, rəsmi şəkildə fəaliyyət göstərən  partiya fəallarını güdməklə, təqiblərə və təzyiqlərə məruz qoymaqla məşğuldurlar. Bu gün narahatedici hallardan biri də ondan ibarətdir ki, təqib və təzyiqlər üzündən ölkəni tərk etmiş müxalifətçilərin yaxınlarının da təqiblərlə üzləşməsi adi hal alıb. Hakimiyyət bu davranışla müxalifətçi fəalları proseslərdən çəkindirməyə, ölkədə 37-ci illərin ab-havasını yaratmağa çalışır. Bunun nəticəsidir ki, minlərlə müxalifətçi siyasi mənsubiyyətinə və kütləvi aksiyalarda fəal iştirak etdiyinə görə təqiblərə məruz qaldığından ölkəni tərk edib, yüzlərlə müxalifət və ictimai fəallar isə qondarma ittihamlarla həbsxanadadırlar.