Polis mayorunun bıçaqlandığı kütləvi davaya görə həbs edilənlərə hökm oxunub

Bakıda baş verən kütləvi davada polis mayorunu və dostlarını bıçaqlamaqda təqsirləndiriləm şəxsin və onun tanışının məhkəmə prosesi başa çatıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərrəmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən Ə.Həsənov 14 il 6 ay müddətinə, Ə.Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Əli Həsənov kafedə mübahisə edən tanışı Əhmədyar Məhərrəmovun döyüldüyünü görüb. Bu zaman Ə.Həsənov tanışını döyən şəxslərlə mübahisə edib və sonda onları bıçaqlayıb.
Məhkəmədə Əli Həsənov deyib ki, özünü qismən təqsirli bilir. Ə.Həsənov əlavə edib ki, bıçaqladığı şəxslərdən Namiq Abdullayevin polis olduğunu bilməyib. Digər həbs edilən şəxs Əhmədyar Məhərrəmov isə özünü qətiyyən təqsirli bilmədiyini deyib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib.
Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov içkili olub. Və onların arasında naməlum səbəblərdən mübahisə düşüb. N.Abdullayev yanında olan şəxslərı və Ə.Məhərrəmovu obyektin qarşısına çıxarıb.
 Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov mübahisəyə qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Məhərrəmov və Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə bıçaq xəsarətləri yetirərək ərazidən qaçıb.
Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir./musavat.com/