“Polisə dedim ki, məni tutun, qalmağa yerim və bir qarın yeməyim olsun” – Mingəçevir sakini

Baxış sayı:
634

Mingəçevir şəhər sakini Valeh Rüstəmov bu gün bomj həyatı yaşamasına baxmayaraq onun da özünə görə adı-sanı olub, Azərbaycan Dövlət Universitetinin (ADU) məzunu olub, vaxtı ilə Əfqanıstan müharibəsində 2 il 4 ay iştirak edib, igidliyinə görə 5 medalla təlif olunub.
Amma həyat elə gətirib ki, Valeh bu gün məscidin həyətində bomj həyatı yaşayır. Onun sığındığı yer məscidin həyətidir. Qış aylarında həyətdə skamyanın üstündə yatmaq onun üçün nə qədər çətin olduğunu Yeniavaz.com-a danışdı:
“Artıq havalar isinib. Məscidin həyətində hər ağacın altı mənə sığınacaqdır. Mənim heç kimim yoxdur. Nə atam var, nə anam, nə də ailəm. Yetim olduğum üçün Allah evinə sığınmışam. Artıq 52 yaşım var. Özüm Əfqanstan müharibəsinin iştirakçısıyam. Əfqanıstan Müharibəsi Veteranları Cəmiyyətinin Mingəçevirdə ilk sədri mən olmuşam. Mingəçevir Rezin zavodunda işləmişəm. O vaxtı zavodun Komsomol təşkilat katibi işləmişəm. 90-cı illərdə həbs olundum. Ondan sonra hər şeyim əlimdən çıxdı. Həbsdən gələndən sonra bomj həyatı yaşayıram. Bugünkü gündə mənim sığınacağa ehtiyacım var. 2015-ci ildən şəhərdəki yataqxanalara növbəyə yazılmışam. Amma heç kim məni yadına salmır. Dəfələrlə icra hakimiyyətinin o vaxtkı rəhbərlərinə müraciət etmişəm. Amma müraciətimə baxmayıblar. Nə vaxta qədər mənim yeməyimi ibadət əhli verəcək? Biri corabımı alır, biri yeməyimi alır. Allah hamsından razı olsun. Əfqanıstan döyüşəndə başımdan xəsarət almışam. Əlillik ala bilməmişəm. Məndən pul istədilər ki, sənə “əlillik” (əlilliyə görə müavinət – red.) düzəldək. Amma mənim pulum yoxdur ki, onlara verim. Mənim başımın bir hissəsində sümük yoxdur. Sadəcə dəri ilə örtülüb. Mən ayaq üstə çox dayana bilmirəm. 80 manat Əfqanıstanda döyüşməyimə görə pensiya alıram. Onunla da necə dolanmaq olar. Mən də istərdim ki, ailəm olsun, bir qarın isti ev xörəyinə ehtiyacım var. Buradan üzümü veteran qardaşlarıma tuturam, mənə kömək edin. Heç olmasa başımı qoymağa bir balaca damım olsun. İki dəfə həyatıma qəsd etmək istəmişəm. Amma məni o vəziyyətdə görən uşaqlar imkan verməyib. Hətta polis bölməsinə müraciət etmişəm ki, mən cinayət etmək istəyirəm ki, məni tutasınız bəlkə orada qalmağa yerim və bir qarın yeməyə yeməyim olar, inanırsız məcburiyyətdən belə demişəm”.