​Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət: "Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"

Baxış sayı:
5968

Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn Teleqraf.com-a müsahibə verib.
Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:
– Nikol Paşinyanın rəhbərliyi dönəmindəki Ermənistanda son vəziyyəti necə şərh edərdiniz?
– Ermənistanda gələn ilin aprel-may ayında seçki gözlənilir. Seçkiyə qədərki zamanı qeyri-müəyyənlik dövrü kimi dəyərləndirmək olar. Çox böyük ehtimalla Ermənistanda ya həmin seçkilərə qədər, yaxud seçkilərdən sonra Rusiya və Qərbin layihələrinin nə dərəcədə reallaşacağı məlum olacaq. Hər halda Ermənistandakı ümumi situasiya region üçün əhəmiyyətlidir.
Hesab edirəm ki, Azərbaycan orada baş verən hadisələrlə bağlı prosesi ciddi izləməli və torpaqlarımızın azad olunması üçün əlverişli məqam yaranarsa, istifadə etməkdən çəkinməməlidir.
– Sizcə, Paşinyan hazırda Qərbin, yoxsa Rusiyanın mövqeyindən çıxış edir?
– Paşinyanın hakimiyyətə gələnə qədərki dövrdə şüarları, siyasi platforması daha çox Ermənistanın siyasi palitrasında Qərbyönümlü kimi görünə bilərdi. Lakin müxalifətdə olarkən söylənən şüarlar başqa, hakimiyyətdə ikən real kurs tamam başqa şeydir. Ermənistandakı qeyri-müəyyənlik həm də Paşinyan və komandasının hansı kurs yürütməsinin müəyyən olunmaması ilə bağlıdır. Hər şey heç də Paşinyan və onun komandasından asılı deyil.
Azərbaycan bu situasiyadan torpaqlarımızın azad olunması və düşmənin zərərsizləşdirilməsi üçün maksimum istifadə etməyə hazır olmalıdır. Rusiya- Qərb qarşıdurması və Cənubi Qafqazda təsir uğrunda beynəlxalq güclərin savaşı bu prosesə ciddi şəkildə təsir edir.
– Keçmiş prezident Robert Köçəryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun həbsinin Rusiya-Ermənistan münasibətlərini gərginləşdirdiyi barədə səslənən fikirlərlə nə dərəcədə razılaşırsınız?
– Hər halda Ermənistan-Rusiya münasibətlərinin mürəkkəb dövrdən keçdiyi faktdır. Bizim nəzərə almalı olduğumuz məqamlardan biri də budur.
– Azərbaycan və Ermənistanın NATO təlimlərinə qatılmasını necə qiymətləndirirsiniz?
– Bunu siyasi xarakterli addım sayıram. NATO təlimlərində Azərbaycanın iştirakı sual doğurmadığı halda, əlbəttə, Ermənistanın 4 nəfərlə də təlimlərə qatılması müəyyən dairələrdə, məsələn, Rusiyada əsəbiliyə səbəb olmaya bilməz.
– Rusiya Baş naziri Dmitri Medvedyevin Gürcüstanın NATO-ya girməsi qorxunc münaqişəyə səbəb olacağı barədə bəyanatına münasibətiniz necədir? Yeni müharibə gözləniləndir?
– Medvedyevdən əvvəl Vladimir Putin Gürcüstan və Ukraynanın NATO-ya daxil olmasına nəzərən kifayət qədər sərt və açıq mövqeyini ortaya qoymuşdu. Yəqin bu bəyanatlardan konkret hansı real işlərə keçəcəyi NATO-nun Gürcüstan və Ukrayna əlaqələrinin dərinləşməsindən asılıdır. Hər halda, Rusiya bunu qəbul etmədiyini aydın şəkildə ifadə edib.
– Bu gündən ABŞ-ın İrana qarşı sanksiyaları işə düşüb. Bu situasiya barədə fikirləriniz nədən ibarətdir?
– Əlbəttə, bu bizi də ciddi şəkildə əhatə edən və narahatlıq yaratmalı olan prosesdir. Hansısa böyük müharibə olsa, Azərbaycanın da taleyinə təsir göstərə bilər. Ona görə də hər cür situasiyaya hazır olmaq lazımdır. Bu məsələlərdə Amerikanın strateji, yoxsa taktiki məqsədlər güddüyünü aydınlaşdırılmasını vacib sayıram. Çünki təxminən 1979-cu ildən bu yana ABŞ bütün prezidentləri dövründə İrandakı rejimi dəyişmək istiqamətində fəaliyyəti özünün əsas xarici siyasət istiqamətlərindən biri kimi irəli sürüb. Hazırda bu məsələ çox qabarıb və təhlükə var ki, bu, həm də müharibəyə keçə bilər. Proseslərin yönləndirilməsi Azərbaycandan asılı olmadığına görə, biz də gözlənilməz şəraitə hazır olmalıyıq.
Bu, Ermənistan-Azərbaycan münasibətlərinə də aiddir. İstənilən halda İranda milyonlarla azərbaycanlı yaşayır. Qonşu dövlətdir və oradakı xaos bütün regiona keçə bilər. Nəzərə almaq lazımdır ki, böyük güclər arasında İran barəsində sövdələşmə olarsa, bu, Azərbaycanın həm cənubunu, həm də şimalını əhatə edəcək. Ona görə də ehtiyatlı olmaq lazımdır.
– Son dövrdə İrandakı daxili hərəkətlənmələr haqda nə deyə bilərsiniz?
– Bu məlumatlar xeyli dərəcədə təbliğat xarakteri daşıyır, amma İranda iqtisadi böhran və əhalinin əhəmiyyətli bir hissəsinin oradakı siyasi rejimdən narazı olması da bir faktdır. Əlbəttə, bu cür hərəkətlər və narazılıqlar həm də xaricdən stimullaşdırılır. İran islahatlara getməsə, bu problemlərin əvvəl-axır daha ciddi böhrana keçməsi labüddür.
– Yeri gəlmişkən, ABŞ həm də Türkiyənin iki naziri barədə sanksiya qərarı vermişdi. Artıq qarşılıqlı sanksiyaları dayandırmaq və diplomatik böhranı həll etmək barədə razılaşma əldə edildiyinə dair xəbərlər yayılır. ABŞ-Türkiyə münasibətlərinin gələcəyi barədə fikirləriniz necədir?
– ABŞ İranın ardınca Türkiyənin iki naziri barədə sanksiya tətbiq elədi. Bu, onu göstərir ki, iki müttəfiq ölkə arasında gərginlik hələ ki qalmaqda davam edir. Hər iki tərəf gərginliyi aradan qaldırmaq üçün addımlar atıldığını bəyan edir. Hər halda, bu məsələdə birmənalı şəkildə ABŞ tərəfinin haqsız olduğu və Türkiyəyə təzyiq göstərdiyi, öz maraqlarını Türkiyənin hesabına həyata keçirmək istədiyi aydın görünür. Biz bu məsələdə Türkiyənin tərəfindən olmalıyıq.
– Pənah bəy, dünəndən Feysbuk sosial şəbəkəsində paylaşımlarınız yayılır. İllərdir sosial mediadan uzaq durmusunuz, Feysbuka gəlişiniz nə ilə bağlıdır?
– Aktiv Feysbuk istifadəçisi deyiləm. Son dövrlərdə internet məkanında ölkədə baş verən hadisələrlə bağlı müəyyən debatlar gedirdi. Mənə təklif olundu ki, səsləndirdiyim fikirləri Feysbuk səhifəsində yerləşdirim. Bəzi suallar verilir ki, ona yazılı şəkildə, yaxud birbaşa ünsiyyətdə cavablandırmağa ehtiyac yaranıb.
Bundan başqa sosial şəbəkələrə həmrəylik nümayiş etdirmək baxımından Feysbuka gəldim. Təkcə Feysbukda yox, Tvitter və digər sosial şəbəkələrdə də qeydiyyatdan keçmişəm. Hələlik bilavasitə özüm işlətmirəm, xahiş edirəm materialları yerləşdirirlər.