Plastik paketlər qadağan edilirsə, kağız təminatı necə ödənəcək?

Baxış sayı:
4372

Azərbaycan plastik əleyhinə qanunun qəbulu ilə bağlı gecikir

 

2019-cu ildə Azərbaycanda insan sağlamlığına və ətraf mühitə zərər verən 20 mikron qalınlığında birdəfəlik plastik torbaların istifadəsinə qadağa haqqında qanun qəbul ediləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Umayra Tağıyeva bildirib. Bir neçə gün öncə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər məmuru vətəndaşları plastik torbalardan istifadədən imtina etməyə, ərzaqları zəhərli olmayan və təbiətdə asanlıqla parçalanan kağız torbalarda almağa və saxlamağa çağırıb. Plastik paketlər təbiətdə 100-500 il ərzində parçalanır.

Azərbaycanda ticarət üçün plastik torbalar Gilan Holdinq, El-Plastik MMC və digər özəl şirkətlər tərəfindən istehsal olunur. Hər il istehsal artır. 2015-ci ildə ölkədə 5600 ton, 2016-cı ildə 7832,6 ton, 2017-ci ildə 10697,9 ton plastik torba və çanta istehsal edilib. Ölkədə belə istehsal üçün heç bir xammal çatışmazlığı yoxdur, çünki Dövlət Statistika Komitəsinin məlumatına görə, paket çantaların istehsalında təkrar istifadə üçün yararlı olan plastik və polimer tullantıların miqdarı hər il artır. 2015-ci ildə bu cür tullantılar 0,4 min ton, 2016-cı ildə 1,7 ton, 2017-ci ildə isə 2,5 ton olub. Görüldüyü kimi, əgər sərt məhdudlaşdırıcı tədbirlər həyata keçirilməsə, 2019-cu ildə zərərli məhsulların istehsalının həcmi 3 tona qədər arta bilər, tullantı kütləsi isə 1,5 mln. tona çata bilər. Dövlət Statistika Komitəsi 2018-ci il üçün məlumatları təqdim etməyib.

Əgər ötən il Azərbaycanda 2,5 ton plastik torba və çanta istehsal olunubsa, qadağandan sonra ticarətdə eyni, sonrakı illərdə isə daha çox həcmdə analoji kağız məhsullara ehtiyac olavcaq. Gilan Holdinq və digər şirkətlər plastik torbaların istehsalını dayandırıb, kağız torbalara keçməli olacaqlar. Azərbaycana kağız əsasən Rusiyadan idxal olunduğuna görə ölkədə belə məhsullar üçün yerli xammal yoxdur. Nəticədə ölkəyə kağız idxalı artacaq.

Kağızın idxal mənşəyinə baxmayaraq, topdansatış kağız torbaları plastikdən bahalı deyil. Bakıdakı kağız paketlər ölçüsündən asılı olaraq bir kiloqram paketə görə 3 manata təklif olunur. Bir kiloqramda ölçüsündən asılı olaraq 150-300 paket ola bilər. El-Plastik MMC-də plastik torbalar bir kiloqrama görə 3,5-5 manata satılır. Nəticədə məhsulların qablaşdırılmasında kağız paketlərə keçid son alış qiymətinə az təsir edəcək, amma hökumət plastik torbalara vergi tətbiq etsə o zaman məhsulların plastik torbalarda qablaşdırılması sərfəli olmayacaq və yalnız spesifik məhsullar (balıq, pendir və s.) saxlanılacaq.

Plastik torbaların istehsalı gəlirli biznesdir, ötən yüzilliyin 50-ci illərində Amerikada start götürüb. Birdəfəlik şəffaf torbalar real inqilab yaradıb və hər yerdə ondan istifadə etməyə başlayıblar. Amma eyforiya uzun sürməyib. İndi bir çox ölkələr onların istifadəsinə məhdudiyyət və ya qadağa qoyur, çünki insanlar plastik torbaların ətraf mühitə və insan sağlamlığına zərərli olduğunu başa düşüblər.

Azərbaycan 2018-ci ilin sentyabrında plastik torbaların qadağan olunması haqda qanun qəbul edən Gürcüstandan geridə qalır. Belə paketlər ayrı-ayrı Afrika və Avropa ölkələrində də qadağan edilib. Böyük Britaniyada plastik paketlərin istifadənin məhdudlaşdırılması ilə monetar tədbirlər effektlidir. 2015-ci ildə bir plastik torbaya 5 pens vergi tətbiq edilib. Çünki müştərilərin istifadə etdiyi paketlərin sayı 2010-cu ildə 6 milyarddan 2015-ci ildə 7,6 milyarda çatıb. İldə orta alıcı 140 paketdən istifadə edib. 7.6 mlrd. plastik torba 61 000 ton plastik tullantıdır. Böyük Britaniyada fəaliyyət göstərən şəbəkələrin yalnız birində məhdudiyyətin tətbiqi nəticəsində müştərilərin aldığı paketlərin sayı həftədə 30 mln. azalıb. Bəzi supermarket şəbəkələri paketlərin satışından əldə olunan vəsaiti ətraf mühitin qorunmasına dair müxtəlif layihələrə yönəldir. Ümumilikdə, Böyük Britaniyada plastik torbalardan istifadə 85% azalıb.

Vergi qanunvericiliyinə bütün mağazalar tabe deyil, yalnız tam stavkaya qəbul edilmiş 250-dən yuxarı işçisi olanlar tabedir. Ət, balıq, reseptlə buraxılan dərmanlar, toxum, çiçək, diri balıq daxil olmaqla, bəzi məhsullar üçün istisnalar var. Əlbəttə, Böyük Britaniyada və digər ölkələrdə kağız paketlərdən vergi tutulmur.

Danimarkada mağazalarda birdəfəlik polietilen torbaların paylanmasına görə əhəmiyyətli dərəcədə vergi tətbiq edilib. Bu, dərhal onların istifadəsini 90 faiz azaldıb.

Finlyandiyada ticarət nöqtələrində istifadə olunmuş plastik torbaları təkrar emala qəbul edən avtomatlar yerləşdirilib.

Rusiyada ekoloqlar plastik məhsulların yayılmasına rəsmi məhdudiyyət qoyulmasına nail ola bilməyiblər. İctimai fəallar bu istiqamətdə daim iş aparırlar, insanlara paketlərin zərəri haqda danışırlar, onları təhlükəsiz ekoloji qablaşdırmada olan məhsulları almağa çağırırlar.

Polietilen torbalar sağlamlığa ziyan vura bilər, çünki onların istehsalında güclü zəhərli qurğuşundan istifadə olunur. Onun orqanızmdə toplanması çox xəstəliklərin inkişafına səbəb olur. Reklam məqsədilə polietilenə çox vaxt firmaların loqotipini qoyurlar, paketləri parlaq, gözoxşayan rənglərdən hazırlayırlar. Qablaşdırmada yan xətlərin birləşdirilməsi üçün kimyəvi yapışqandan istifadə olunur ki, bu da məhsullara mənfi təsir edə bilər. Sübut edilib ki, plastik paketdəki məhsullar tez xarab olmağa başlayır, çünki polietilendə çoxlu bakteriyalar var. Kip bağlanmış şəffaf torbada kondensat əmələ gəlir və orada müxtəlif göbələklər inkişaf edir. Polietilen dondurulmaya məruz qaldığında ondan insan üçün təhlükəli olan toksinlər ayrılır. Yarımfabrikatlar xüsusilə zərərlidir. Bir çox istehsalçılar onları qablaşdırmanın içərisində hazırlamağı və isitməyi tövsiyə edir. Ancaq alimlər sübut ediblər ki, yüksək temperaturun təsiri nəticəsində plastikdən zəhərli formaldehid qazı ayrılır.

Contact.az