"PKK terrorçuları Qarabağa yerləşdirilir, antiterror əməliyyatı aparmalıyıq" - EKSPERT

Baxış sayı:
9652

Özlərini 1915 hadisələrindən sonra Suriya və Livana köç edənlərin nəvələri kimi qiymətləndirən bəzi ermənilər Türkiyəyə qarşı PKK/PYD çatısı altında yenidən Qarabağda təşkilatlanır. Dünən yayılan məlumata görə müxtəlif terrorçu qruplarla birlikdə olan ermənilər bu dəfə özlərinin Qarabağ batalyonlarını qurur. Təxminən 200 nəfərdən ibarət olan qrupun 1915-ci ilin hadisələrinin ildönümü münasibətilə fəaliyyətə başladığı elan olunacaq. Terror təşkilatının yayım orqanlarına görə, erməni qrupa Suriyada öldürülən TKP/ML TİKKO-lu terrorçu Nubar Ozanyanın adı verilib.
Batalyonun komandirlərindən olan Masis Otanyaf Suriyada Qamışlı, Haseke, Serekaniye, Dırbesiye kimi şəhərlərə səpələnən erməniləri bir araya gətirdiklərini söyləyib. Bildirilir ki, hər gün hərbi və ideoloji təlim alan terrorçuların qərargahının divarlarında da maraqlı şəkillər var. Bunlardan biri 1982-ci ildə 9 nəfərin həyatını itirdiyi, 72 nəfərin də yaralandığı Ankara hücumunu gerçəkləşdirən “Asala” üzvü terrorçu Levon Ekmeçiyanın fotosudur. Terrorçular Türkiyədə qaranlıq bir sui-qəsdə qurban gedən jurnalist Hrant Dinkin fotoşəkillərini da qara təbliğat üçün istifadə edir.
Terrorçular hədəflərinin Türkiyə olduğunu da gizlətmir. Batalyonun komandirlərindən olan Masis Otanyafun hətta Türkiyəni təhdid edib. “Ermənilərə yaşadılan qara günün hesabını kimsə vermir. Bunun hazırkı sahibi Türkiyədir. Amma onların bizə və digər xalqlarımıza necə yanaşdıqlarını görürük. Onun üçün onlardan bir şey gözləmirik. Əzilən xalqlara yaşadanların hesabını biz soruşacağıq. Bu da onun başlanğıcıdır. Xalqlarımıza mübarək olsun”,-deyə o qeyd edib.
Məlumdur ki, Türkiyə hökumətinin və türk əsgərinin iradəsi ilə PKK terrorçuları artıq Türkiyədə məhv olmaq üzrədir. Hətta Türkiyə öz sərhədlərində belə terrorçuları zərərsizləşdirməyə nail olub. Türkiyədə kökü kəsilmək üzrə olan bu terrorçular indi də işğal altında olan torpaqlarımızda, Qarabağda peyda olurlar. Görəsən, PKK/PYD terrorçularının Türkiyə, Suriya ərazisindən Qarabağa transfer edilməsi ölkəmizi daha da çətin duruma salmayacaq ki? Çünki bu terror qruplarını ATƏT-in Minks Qrupunun həmsədrləri olan ABŞ, Fransa, hətta Rusiya özü belə dəstəkləyir. ABŞ-ın dəfələrlə bu PYD terror təşkilatına silah-sursat göndərdiyi dünya mediasında yer alıb. ABŞ PKK-nı terror təşkilatı kimi tanısa da, PYD-ni terror təşkilatı kimi tanımır, hansı ki, PYD də PKK-nın uzantısıdır. Rusiyanın özündə isə PYD-nin aşkar ofisi olduğunu politoloqlar dəfələrlə vurğulayıblar. Fransanın isə bu təşkilatlara dəstək verməsi barədə həm yerli, həm də xarici mediada dəfələrlə yazılar yer alıb. Bu halda terrorçuların Qarabağda yerləşdirilməsi özü belə bizə əlavə problemlər yaşadacaq.
 
“İndi ikiqat tədbirləri gücləndirmək lazımdır”
 
Erməni terrorçularının Qarabağda batalyon yaratması ilə bağlı keçmiş MTN zabiti İlham İsmayıl “Hürriyyət”ə dedi ki, bu məsələdə çətin duruma düşən biz yox, onları himayə edən Ermənistan olacaq: “Çünki terrora bimənalı şəkildə Avropanın da, dünyanın da münasibəti bəllidir. Xüsusilə konkret olaraq ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələr də terroru dəstəkləmir. Birincisi, 200 nəfərlik hansısa bir terrorçu batalyon Azərbaycan ərazisinə keçib terror hadisəsi törətmək istəsə, bizim ayıq-sayıq qüvvələrimiz var. Amma yenə deyirəm, buna onları himayə edib, öz ərazisində yerləşdirən Ermənistan dövləti məsuliyyət daşıyacaq və Paşinyan dövlətinin məxməri inqilabdan sonra əldə elədiyi imic yerlə-yeksan olacaq. Əsas məsələ odur ki, biz bunu sübut edə bilək. Bizim xüsusi xidmət orqanları bunu konkret faktlarla sübut edə bilsinlər, faktları ortalığa qoysunlar ki, bu, həqiqətən də belədir. Yəni ki, bunlar erməni döyüşçüləri yox, erməni terrorçularıdır və PKK terror təşkilatı ilə birləşiblər. PKK-nı da Amerika terror təşkilatı kimi tanıyıb. Ona görə də mən hesab edirəm ki, bu, bizim problemdən çox ermənilərin problemidir. O ki, qaldı təhlükəyə, biz onsuz da təhlükəyə mərzuz qalmışıq. Onlar tərəfindən də təhlükəyə məruz qalmamaq üçün indiyə kimi hansı tədbirləri görmüşüksə, indi ikiqat tədbirləri gücləndirmək lazımdır”.
 
“Azərbaycan xüsusi xidmət orqanlarının kifayət dərəcədə imkanları var”
 
“Bizim xüsusi xidmət orqanları bu faktı subut edib, dünya ictimiayyətinin diqqətinə çatdıra biləcəklərmi” sualına İ. İsmayıl belə cavab verdi: “Bu faktı sübut etmək üçün Azərbaycan xüsusi xidmət orqanlarının və Azərbaycanın Xarici İşlər Nazirliyinin kifayət dərəcədə imkanları var. Sadəcə olaraq daha peşəkar yanaşıb, məsələni həll etmək üçün əməliyyat keçirmək və informasiya toplamaq metodlarından maksimum istifadə etməklə mümkündür. Bu, təkcə bizim özümüzün yox, eyni zamanda başqa ölkələrin, konkret olaraq Türkiyənin, İsrailin, Amerikanın xüsusi xidmət orqanları ilə informasiya mübadiləsi aparıb, informasiya əldə etmək və onu sübut etməklə mümkündür”.
 
“Hədəf Türkiyə ola bilməz”
 
“Qarabağ heç bir dövlət tərəfindən tanınmayıb. Ona görə də hər hansı bir iddianın irəli sürülməsi də çətin olar. Qarabağda xeyli boş ərazilər var, orada təlim keçirə bilərlər. Amma yenə deyirəm, bu, həm qondarma Qarabağ “respublikasının”, daha doğrusu seprataçıların, o cümlədən Ermənistan dövlətinin də apardığı təbliğatın üzərinə kölgə salacaq. Bu mənada hədəf Türkiyə ola bilməz. Hədəf Türkiyə olsa, onlar orada çox sərbəst fəaliyyət göstərərlər. Onda belə çıxacaq ki, artıq PKK ilə Ermənistan İraq ərazisindən, Qəndildən yox, Türkiyəyə qarşı Ermənistan ərazisindən terrora başlayır və buna onda böyük dövlətlərin yardımı var. Belə qiymətləndirilə bilər. Ondan ötrü Türkiyə ilə Azərbaycanın xüsusi xidmət orqanlarının üzərinə çox böyük işlər düşür”, - keçmiş MTN zabiti vurğuladı.
“İşğal olunmuş torpaqlar qaytarılarsa, terrorçuları oradan təmizləmək mümkün olacaqmı” sualına gəlincə, İ. İsmayıl belə söylədi: “Əgər biz torpağı azad ediriksə, təbii ki, həmin terrorçulardan azad edirik. Orada nə PKK-nın, nə də Ozanyaın dəstəsi qalası deyil”.
“Onlar da ermənilərin içərisində yerləşə bilər, axı” dedikdə isə İ. İsmayıl qeyd etdi: “Yerləşsinlər. Ermənilər tarixən terrora meylli millətdir. Zaman-zaman dünyaya səs salan böyük teror təşkilatları olub. Terrordan heç kəs sığortalanmayıb, o cümlədən biz də. Əgər onlar o terroru davam etdirəcəklərsə, təbii ki, terrora qarşı mübarizə vasitələri var, onlardan istifadə edəcəyik. Neçə ki, bu, davam edir. Terror bitəsi deyil və ona qarşı mübarizə dayanası deyil”.
 
“Bizim əlimizə ikinci böyük fakt düşür...”
 
“Qarabağda dünyanın hər yerindən, Livandan, Amerikanın Kaliforniya ştatından tutmuş erməni terrorçuları var. Yerigəlmişkən, Monte Menkonyan San-Fransiskodan gəlmişdi. Onlar hər yerdən toplanıb, gələ bilərlər. O cümlədən onların Qarabağda vuruşması təbii hal idi, gəlib döyüşürdürlər. Yəni ki, sepratçılarla bir yerdə idilər. Onların Qarabağda döyüşdüyü təsdiq olmuşdu. Bizim əlimizə ikinci böyük fakt düşür ki, burada heç də millətlərin müqəddaratını təyinetmə məsələsi yox, məhz elə söhbət terrorçulardan gedir. Ona görə də antiterror əməliyyatı aparmaq lazımdır”,-deyə keçmiş MTN zabiti əlavə etdi.
 
“Hər hansı bir bəyanat irəli sürüləndə faktlara əsaslanması lazımdır”
 
İ. İslmayıl hesab edir ki, Azərbaycan Xarici İşlər Naziriliyi bu məsələ ilə bağlı bəyanatla çıxış etməlidir: “Amma bu çılpaq çəkildə olmalı deyil, əldə faktlar, sübutlar olmalıdır. Hər hansı bir bəyanat irəli sürüləndə faktlara əsaslanması lazımdır. Yəni ən azı əlində bir neçə fakt olmalıdır ki, onu bir az da şişirdib, deyəsən ki, bu faktlar hələ tam deyil, digər faktlar da var və bunu araşdırmaq beynləxlq hüququn, yaxud BMT-nin üzərinə düşür”.
 
Hurriyyet.org