​Piyadaları təkcə Bakıda yox, rayonlarda da hər gün vurub öldürürlər

Baxış sayı:
3985

Bakı ilə yanaşı Azərbaycanın rayonlarında da son zamanlar ölümlə nəticələnən piyada vurulma hadisələrinin sayı kəskin şəkildə artıb. Statistikadakı artımı mətbuatda işıqlandırılan xəbərlərin xronikası da təsdiqləyir. Belə ki, sentyabrın 12-dən bəri bir həftə ərzində rayonlarda 15 piyada vurulması hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Təkcə bir gün ərzində - sentyabrın 15-də Şirvan, Balakən, Quba, Şabran, Şamaxı rayonlarda 5 piyada vurulub və onlardan 3-ü azyaşlıdır.
Əslində yaşayış məntəqələrində 60 km/saat sürət həddi nəzərdə tutulsa da, bəzən rayon yollarında da yüksək sürətlə hərəkət edən avtomobillərə rast gəlirik. Gün ərzində azı 4-5 belə xəbərin olması vəziyyətin acınacaqlı olmasından xəbər verir.
Bəs rayon yollarında piyada vurulmaları hansı səbəblərdən baş verir? Cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi burada rol oynaya bilərmi?
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun virtualaz.org-a bildirdiyinə görə, rayon yollarında piyada vurulmasının ən əsas səbəbi sürücü və piyadaların qarşılıqlı intizamsızlığıdır. Ekspert cəzaların yüngülləşdirilməsinin bu statistikanı artıra biləcəyini düşünmür: “Bu qətiyyən ola bilməz. Çünki heç bir cəza yüngülləşdirilməyib, cəzadan azad şərti məhkum etmə institutu qəbul olunub. Əslində  bu institut şəxslərə heç bir üstünlük vermir. İkincisi, dünyanın heç yerində belə bir şey yoxdur ki, cəza yüngülləşdirilsin və əhali başlasın o cinayəti törətməyə. Burada ən əsas səbəb intizamsızlıqdır. Həm  piyadaların, həm də sürücülərin intizamsızlığı, digər tərəfdən isə, yol hərəkəti qaydalarına biganə münasibət rayon yollarında piyada vurulma hadisələrinin əsas səbələridir”.
Ekspert hesab edir ki, digər bir səbəb isə küçələrdə işıqlandırma sisteminin olmamasıdır. Əgər küçə qaranlıqdırsa, yolu keçən piyada görünmür: “Bəzən yol hərəkətinin təşkilində problem ola bilir. Piyada keçidi namünasib yerdə olur və yaxşı görünmür. Burada piyadaları ayırmaq düzgün olmaz, ölkədə 2 milyona yaxın şəxsin sürücülük vəsiqəsi var. Avtomobilsiz olanda onlar da piyadadırlar və intizamsızlıq edirlər. Səbəbi bunlarda  axtarmaq lazımdır. Bu istiqamətdə tədbirlər görülməli və piyada vurulmalarının qarşısı alınmalıdır”.
Statistikaya görə, Azərbaycanda hər il 3500-dən artıq yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda 1000-dən artıq insan dünyasını dəyişir, 3000-dən çox sərnişin və ya piyada xəsarət alır.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunda, “Yol Hərəkəti Qaydaları” və İnzibati Xətalar Məcəlləsində yollarda baş verən yol-nəqliyyat hadisələrində sürücü və piyadaların məsuliyyəti əksini tapıb.