Pirşağıda beş villanın hasarı söküldü - SƏBƏB...

Baxış sayı:
779

Politoloq Elxan Şahinoğlu Pirşağıda bağ evində yaşayır. Yerli hakimiyyət beş villanın digər sakinlərin dənizə keçidinin qarşısını kəsən hasarını sökdükdən sonra dünən o, ilk dəfə Xəzərin sahilindən piyada keçə bilib. Villa sahibləri özləri üçün "öz sahillərini" - bahalı evdən birbaşa dənizə çıxış və "öz çimərliklərində" çimmə imkanı yaradıblar. Elxan indi artıq hamı üçün açılan sahildə gəzişib və 20-30 metr daş hasarın söküldüyünü hesablayıb. Ən maraqlısı odur ki, o, bu villalarda heç kimin olmadığını görüb. "Özləri üçün malikanələr tikiblər, sahili başqaları üçün bağlayıblar, özləri isə İspaniyada, Maldiv adalarında istirahət edirlər. Başqaları üçün bağlı olan çimərlikləri olan villalar onlara farmazonluq üçün lazımdır", deyə politoloq Facebook-da qeyd edib.

Jurnalist Semen Kastryulin və dostları hər şənbə-bazar yığışıb Azərbaycanın rayonlarına istirahətə gedirlər, ya da Şıxov sahillərində piknik keçirirlər. Onlar uzun illərdir eyni yerdə piknik edirlər. Orada çardaq, piştaxtalar, daş manqal düzəldiblər. 2019-cu ilin iyununda naməlum mülkiyyətçi onları oradan qovub, Semenin Bakılıların pulsuz istirahəti üçün düzəltdiyi guşəni dağıdıb. Yaxınlıqda şəxsi su mülkiyyətlərini ayırmaq üçün hasarları suya qədər uzanan şəxsi villalar var. Bu sahildə başqa mənimsənilmiş yer yoxdur. Jurnalist dəfələrlə "öz sahili" olmayanların problemin haqqında məqalələr yazır, hakimiyyətin şəxsi ehtiyaclar və ticari mənfəət üçün sahili çəpərləməyin qadağan edilməsi haqqında hər il verdiyi vədləri oxuyur. Vədlər isə kağız üzərində qalır.

"Böyük yol var, zəngin kişinin həyat yoldaşı bu yoldan maşını ilə dənizə enəcək. Bu, bizim qovulduğumuz çimərlikdir". Kastryulin şəbəkədə bu fotoşəkli belə bir izahatla yerləşdirib.

2019-cu il avqustun 1-də yerli saytda "paytaxt sakinlərinin və çoxsaylı qonaqların istəklərini və çoxsaylı müraciətlərini nəzərə alaraq, Leyla Əliyevanın özəl istirahət mərkəzlərinə və ödənişli çimərliklərə alternativ olaraq sahil ərazilərində ictimai çimərliklərin yaradılması təşəbbüsü ilə çıxış etdiyi" qeyd edilən "Leyla Əliyeva çimərlikləri xalqa qaytarır" sərlövhəli məqalə dərc edilmişdi.

Onlardan ilki Salyan şossesi, 32-də (Baş Gömrük İdarəsi ilə üzbəüz) "Şıx" çimərliyi ərazisində 6 hektarlıq sahədə yaradılıb. Sahil xətti təmizlənib və abadlaşdırılıb, burada 60 ədəd kölgəlik, 6 soyunub-geyinmə kabinəsi, iki duş kabini və iki sanitariya qovşağı, habelə söhbətgahlar, futbol və voleybol meydançaları quraşdırılıb, dəniz kənarına uzanan asfalt çəkilib, 3500 kv metrlik ərazidə avtomobil dayanacağı yaradılıb. Ərazidə oturacaqlar və qamaklar, habelə zibil konteynerləri quraşdırılıb, əlavə işlər yerinə yetirilib.

Tezliklə Pirşağıda və Buzovnada da analoji ictimai çimərliklər açılacaq. Ümumilikdə Bakının 7 sahil ərazisində ictimai çimərliklərin yaradılması planlaşdırılır.

İctimai çimərliklərə giriş və digər xidmətlər pulsuzdur. Çimərliklərdə təmizliyi xüsusi heyət təmin edəcək, deyə sayt məlumat yayıb.

"Bizim mətbuat və hakimiyyət hər il dənizə keçidi şlaqbaumlarla bağlayan saxta mövsümi-yay firmalarının əlindən ah-zar edir. Amma heç nə dəyişmir. İş absurd həddə çatıb: problemin həllini prezidentin qızı Leyla Əliyeva üzərinə götürüb, Bakı ətrafında dörd pulsuz xalq çimərliyinin yaradılması təşəbbüsü irəli sürüb. Məhz dəniz suyununun çirkliliyi ilə əlaqədar gigiyena mütəxəssislərinin çimməyi münasib görmədiyi sahillərdə. Belə çıxır ki, dövlət sadə problemin öhdəsindən gələ bilmir, çimərliklərdən biznesi qova bilmir, fiziki şəxs L.Əliyeva isə bütöv bir dövlətin gücü çatmayan vəzifəni öz üzərinə götürür və onun öhdəsindən gəlir?

İdmanla, tolerantlıqla, başqa nələrləsə dünyada məşhurluğumuz haqqında güclü bəyanatlar verən, yerli polis idarəsi səviyyəsində həll olunan primitiv məsələnin isə öhdəsindən gələ bilməyən Azərbaycan üçün utancverici haldır", deyə Azərbaycanlı bloger Moskvanın "Kavkazskiy Uzel" portalında yazır.

Cəmiyyətdə aktual mövzular dövlətin səviyyəsini göstərir. Hər yay Azərbaycan qapalı çimərliklər problemi ilə əlləşir. Dənizə uzanan qanunsuz hasarları sökməyə cürət etməyən dövlət əhali üçün ictimai çimərliklər yaratmaq qərarına gəlib. Bəs sökülən "dəniz hasarları" necə olacaq? Onları tikən naməlum şəxslər illik ictimai populist kampaniya başa çatdıqdan sonra öz "dəniz mülkiyyətlərini" bərpa edəcəklər? Elxan Şahinoğlu qeyd edir ki, onun gördüyü sökülmüş hasarlar sosial şəbəkələrin fəallığının nəticəsi olub. O, xalqın bütün sahil xətti boyunca dəniz kənarının qanunsuz işğalçılardan azad edilməsi tələbi ilə həmrəydir.

Ayrı-ayrı fəallar zəbt edilmiş sahil problemini qaldırırlar. Onlardan biri bloger Mehman Hüseynovdur. O, belə şəxsi mülkiyyətlər haqqında videoreportajlar çəkirdi, bundan sonra həbs edilib, döyülüb, mühakimə edilib. Onu yenidən mühakimə etmək istəyiblər, amma bloger cəzaçəkmə müəssisəsində aclıq edərək həbsxana rəhbərliyinin bu niyyətinə mane olub.

Bloger yalnız Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Xəzər dənizinin sahil xəttinin nizamlanması üzrə bəzi tədbirlər haqqında" (13 yanvar 2003) fərmanın yerinə yetirilməsini istəyirdi.

"Fərman respublika vətəndaşlarının dövlət başçısına müraciətindən sonra verilib. İnsanlar dəniz sahilinin icarəyə və ya fiziki və hüquqi şəxslərin xüsusi istifadəsinə verilməsindən, beləliklə, sadə vətəndaşların çimərliklərdən istifadə edə, dəniz sahilində istirahət edə bilməməsindən şikayət ediblər. Vətəndaşların dəniz sahilində istirahət hüquqlarının təmin edilməsi məqsədilə ümummilli lider Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və bir sıra digər dövlət qurumlarına məhkəmə qaydasında və mülki qaydada AR-in mövcud qanunvericiliyi çərçivəsində bu torpaqları fiziki və hüquqi şəxslərdən almaq tapşırığı verib. Amma, çox təəssüf ki, ötən dövr ərzində bu, nəinki edilməyib, əksinə, sahil boyunca qalan torpaqlar da satılıb, icarəyə verilib, yüksək hasarlarla əhatə olunub.

Və görünür, heç kim bu problemin öhdəsindən gələ bilmir. Sahil qəsəbəsində istənilən sakindən dəniz görüntüsünü kəsən villanın kimə məxsus olduğunu soruşsanız, cavab eyni olacaq - hansısa məmura...", deyə 2017-ci ildəz.sputniknews.ru. yazırdı.
Kamal Əli,
Turan