“Pezdenti deyir ki, məmurlar xalqa xidmət etməlidir, amma onlar bizə zülm edirlər” – İKİNCİ QRUP ƏLİL ÇARƏSİZ VƏZİYYƏTDƏ

Baxış sayı:
3154

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Nicat Hüseynovun şikayətinin araşdırılacağını və ona lazımi köməklik göstəriləcəyini bildirdi

Respublikamızın əksər bölgələrində işsizlik problemi mövcuddur. Dövlət tərəfindən bu problemin həlli illə bağlı bir sıra tədbirlər həyata keçirilsə də, bu sahədə heç bir irəliləyiş yoxdur. Məhz bu səbəbdən də gənclərin və ortayaşlı kişilərin əksəriyyəti  işləmək üçün Rusiya Federasiyasının müxtəlif şəhərlərinə və digər keşmiş sovet respulikalarına üz tuturlar. Lakin bu imkanı olmayan aztəminatlı ailə sahibləri, xüsusən də əlil insanlar işsizlik səbəbindən daha çox əziyyət çəkirlər.
Tovuz rayonuun Yuxarı Öysüzlü kəndindən redaksiyamıza daxil olan şikayət məktubunda ikinci qrup əlil - Hüseynov Nicat  Mayıl oğlu da işsizlikdən və yaşayış şəraitinin ağırlığından gileylənir. Məktubunda qeyd edir ki, 1991-ci ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndidndən dünyaya gəlib. Anadangəlmə 2-ci qrup əlildir və dövlət ona ayda cəmi 65 AZN məbləğində pensiya verir. O, daha sonra qeyd edir: “Heç bir müəssisədə işləmirəm, hər hansı bir təşkilatdan yardım almıram, dövlət qurumları mənə maddi cəhətdən köməklik göstərmir. Atam rəhmətə gedəndən sonra yaşayış tərzimiz və maddi durumumuz daha da ağırlaşdı. Özümə uyğun iş axtarıram. 4 ildir ki, Tovuz rayon Məşğulluq Mərkəzində qeydiyyatdayam, dəfələrlə həmin idarənin rəhbərliyi ilə görüşüb, heç olmazsa bağbanlıq və yaxud  gözətçilik işləri ilə təmin etmələrini xahiş etdim. Rayon Məşğulluq Mərkəzində məni işlə təmin edəcəklərinə söz versələr də, bu günədək işsizəm və çox çətin vəziyyətdə yaşayıram”.
Şikayətçi bildirir ki, ailəsinin ağır yaşıyış şəraiti ilə bağlı Tovuz, eləcə də yaşadıqları Yuxarı Öysüzlü Kənd Bələdiyyəsinə də müraciət edərək, kömək etmələrini xahiş edib. İkinci qrup əlilin söylədiyinə görə, bələdiyyə sədri onun xahişinə ehtinasız yanaşıb.
N.Hüseynov şikayətini bu sözlərlə yekunlaşdırır: “Tovuz rayonun aidiyyatı qurumlarında işləyən məmurlar Pezdentimiz İlham Əliyevin söylədiyi kimi, xalqa xidmət etməlidir. Amma onlar əksini edirlər, xalqa və bizim kimi adamlara zülm edirlər”.
Doğrudan da, 2-ci qrup əlil olan Nicat Hüseynovun vəziyyətinə acımamaq olmur. Həqiqətənmi, Tovuz rayonunda anadangəlmə 2-ci qrup əlil olan Nicat üçün iş yoxdur?!
Bu məsələni araşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Muxtarovla əlaqə saxladıq. Nazirliyin sözcüsü 2-ci qrup əlil olan Nicat Hüseynovun redaksiyamıza daxil olan şikayətinin  tam araşdırılacağını və ona lazımi köməklik göstəriləcəyini bildirdi.
Nazirlik rəsmisi onu da dedi ki, bunun üçün N.Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı müraciət ünvanlamalıdır.

Muxalifet.az