​Peşə məktəblərinin şagirdləri imtahan verəcək

Baxış sayı:
8161

Fevralın 17-də respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, şagirdlərin imtahan binasına buraxılışı saat 10:45-də başa çatacaq.
Həmin gün 3432 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 12-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq.
Şagirdlər imtahana imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidir.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Belə ki, şagirdlərin şəkli "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər.