Pensiyalar nə qədər artacaq? - EKSPERTDƏN AÇIQLAMA

Baxış sayı:
3749

Vüqar Bayramov“Pensiya məbləğləri bu ay 6.2 faiz artacaq”
 
“Rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb. Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni pensiya məbləğləri bu ay 6.2 faiz artacaq”.
Muxalifet.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.
 
“Bütövlükdə pensiya məbləği indeksasiya olunacaq”

V. Bayramov nəzərə çatdırıb ki, yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada 2 əsas dəyişiklik var: “Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq”.
 
“Orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”
 
Bayramov xatırladıb ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu: “Yeni qanunvericilikdə isə artıq bu anlayışdan istifadə edilmir. Bu ildən isə bu məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə tətbiq ediləcək. Bu isə o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.
 
Cavid, Muxalifet.az