PEN America: “Mehman Hüseynova qarşı ittihamlar söz azadlığına xüsusi hücum formasıdır”

Baxış sayı:
7744

"Həbsdə olan bloger Mehman Hüseynova qarşı irəli sürülmüş yeni cinayət ittihamları Azərbaycan hakimiyyətinin onu tənqidi jurnalistikaya görə cəzalandırmaq məqsədilə atdığı amansız və əsassız addımdır." Bu barədə PEN America-nın bəyanatında deyilir.
 
Yüksək vəzifəli məmurların korrupsiyasını amansızlıqla ifşa etməsi ilə tanınan məşhur Azərbaycan blogeri və jurnalisti Hüseynov 2017-ci ilin martından guya polis bölməsinə böhtan atdığına görə həbsdədir.
Diffamasiya haqqında məhkəmə iddiaları, habelə digər uydurma məhkəmə ittihamlarından və inzibati ittihamlardan çox vaxt jurnalistləri susdurmaq və cəzalandırmaq üçün istifadə olunur.
PEN Amerikanın bəyanatından
2018-ci il dekabrın 26-da ona qarşı yeni, "hakimiyyət nümayəndəsinə onun həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq etməklə müqavimət göstərmək" ittihamı irəli sürülüb, bu ittihamla o, 7 il müddətinə azadlıqdan məhrum edilə bilər.
İttihamlar onun həbs cəzasının başa çatmasına iki ay qalmış və 2018-ci ilin avqustunda anasının xəstəxanada vəfat etməsində açıq şəkildə hakimiyyəti ittiham etməsindən sonra irəli sürülüb.
Yeni ittihamlara baxmayaraq, vəkillərin həbsxanada onu ziyarət etməsinə icazə verilməyib və o, heç bir qanuni əsas olmadan birnəfərlik kameraya salınıb. Hakimiyyətin artan təzyiqinə etiraz əlaməti olaraq o, 2018-ci il dekabrın 2-da aclıq elan edib və hazırda vəziyyəti ağırdır.
Digər məşhur jurnalistlərin təqibinin güclənməsi haqqında məlumatlarla yanaşı, Hüseynova qarşı ittihamlar onsuz da repressiv şəraitdə söz azadlığına xüsusi hücum formasıdır.
Azərbaycanda hakim ailənin hökuməti tənqid edən açıq müzakirələrə qarşı dözümü azdır, belə ki, tənqidi ifadələrə görə ağır cəzalar tətbiq edilir, müstəqil KİV-lərin saytlarına giriş bloklanır, jurnalistlər və fəallar isə həbs cəzasına məruz qalır.
Diffamasiya haqqında məhkəmə iddiaları, habelə digər uydurma məhkəmə ittihamlarından və inzibati ittihamlardan çox vaxt jurnalistləri susdurmaq və cəzalandırmaq üçün istifadə olunur.
Mehman Hüseynovun azad edilməsinə bir neçə ay qalmış ona qarşı məhkəmə təqibinin gücləndirilməsi Azərbaycanda narazı səsləri susdurmaq istəyini əks etdirən qeyri-insani addımdır.
Karin Doyç Karlekar, PEN Amerikanın departament direktoru
"Mehman Hüseynovun azad edilməsinə bir neçə ay qalmış ona qarşı məhkəmə təqibinin gücləndirilməsi Azərbaycanda narazı səsləri susdurmaq istəyini əks etdirən qeyri-insani addımdır", PEN America-nın departament direktoru Karin Doyç Karlekar bildirib.
"Biz Hüseynova qarşı bu arsız taktikanı pisləyirik və hakimiyyəti yeni ittihamları ləğv etməyə, onu tez bir zamanda vəkilləri ilə görüşdürməyə və adekvat tibbi yardımla təmin etməyə çağırırıq."
PEN America əvvəllər də Azərbaycanda jurnalistləri və yazıçıları, o cümlədən Əkrəm Əylisli və Rəşad Ramazanovu, PEN/Freedom to Write Award mükafatı almış Xədicə İsmayılovanı müdafiə edib.
PEN America ABŞ yazıçılarını və jurnalistlərini birləşdirir. Bu təşkilat bütün dünyada fikir azadlığını müdafiə edir.
Öz növbəsində, Azərbaycan hakimiyyəti beynəlxalq tənqidləri qəbul etmir və bir qayda olaraq qərəzli adlandırır. Hökumət rəsmiləri ölkədə bütün fundamental azadlıqların, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirir.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə 150 siyasi məhbusun olduğunu bildirir. Beynəlxalq təşkilatlar isə 10 jurnalist və blogerin həbs həyatı yaşadığını yazır.
Amnesty İnternational Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib.