Paytaxtda sürücü velosipedçini vurdu – ZƏRƏRÇƏKƏN RAMİZ ZEYNALOVA MÜRACİƏT ETDİ

Ötən gün axşam Zığ şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
“Ölkə.Az”-ın məlumatına görə, “99-KF-321” dövlət nömrə nişanlı avtomobili idarə edən Tərlan adlı sürücü yol kənarı ilə hərəkət edən velosipedçini vurub.
Qəza nəticəsində velosipedçi Heydər İsmayılov ciddi xəsarətlər alıb, qabırğası qırılıb.
Qəza zamanı xəsarət alan idmançı tək olmayıb. Onunla bərabər 30-a yaxın “Cyclemania” qrupunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının üzvləri olub. Qəzadan sonra Heydər İsmayılov Suraxanı rayon xəstəxanasına, daha sonra isə “Baku City Hospital”a yerləşdirilib.
Hadisənin baş verdiyini velosipedçi Heydər İsmayılov da təsdiqləyib.
O, “Ölkə.Az”-a açıqlamasında deyib ki, hazırda qəza ilə bağlı iş Suraxanı rayon Polis İdarəsindədir.
Muxalifet.az xəbər verir ki, Heydər İsmayılov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edərək, bu işin düzgün araşdırılmasına köməklik göstərməsini xahiş edib.
Zərəçəkən deyir ki, nə onu vuran şəxs, nə də sürücünün yaxınları qəzadan sonra baş çəkməyib, üstəlik Suraxanı rayon Polis İdarəsindən bu işlə bağlı ona köməklik də göstərilmir.
Əldə etdiyimiz məlumata əsasən, qəza zamanı Heydər İsmayılovun bir deyil, bir neçə qabırğası sınıb və bel sütunundan ciddi zədə alıb.