Patruşev Azərbaycanı hansı fikrindən daşındırmaq istəyib? – Hərbi ekspertdən İLGİNC AÇIQLAMA

Baxış sayı:
21670

“Düşmən düşərgəsində daxili gərginlik qarşıdurma həddinə gəlib”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram Redaktor.az-a açıqlamasında, Nikol Paşinyan və Robert Köçəryan arasında artan gərginliyin nə ilə nəticələnə biləcəyinə aydınlıq gətirib.

N. Bayram hesab edir ki, Köçəryan fiqurunu Paşinyan özü sərsəm addımları ilə “diriltdi”:

“Böyük yazıçı Soljenitsın əsərlərinin birində yazır: “Bütün inqilabların səhvi şərlə yox, şər daşıyıcıları ilə mübarizədədir”. Paşinyan hakimiyətə gələndə ilk vəzifəsi kimi “1 mart” işinin açılmasını və korrupsiya ilə mübarizəni elan etmişdi. Əslində “1 mart”ın açılması və korrupsiya ilə mübarizə elə keçmiş hakimiyət nümayəndələri ilə mübarizədir. Paşinyan və tərəfdarları bu işə böyük inqilabi enerji ilə girişdilər. Bir neçə aydan sonra qısa fasilələrlə Paşinyan bəyan etdi ki, “1 mart işi açılıb” və “korrupsiyaya tam qalib gəlmişik”. Lakin indiyə kimi korrupsiya işi ilə bağlı məhkəmə qərarı çıxarılmayıb. “1 mart işinə” gəldikdə isə, Konstitusiya Məhkəməsi Köçəryanın həbsdə saxlanmasının qeyri-qanuni olduğu barədə qərarını elan etdi. Hazırda Köçəryanın azadlığa buraxılması ilə bağlı hüquqi prosedurlar işə salınır və çox güman ki, o, tezliklə azadlıqda olacaq”.

N. Bayram vurğulayıb ki, Köçəryan həbs olunana kimi Ermənistanda “siyasi meyit” hesab olunurdu:

“Nikol isə onu axmaqcasına diriltdi və özünə qarşı güclü müxalifət mərkəzi yaratdı. Hazırda Ermənistanda hər ikisinin tərəfdarları arasında gərginlik artır və küçələrə çıxmaqda, Paşinyan isə uğursuzluqları ilə karikatur fiqura dönməkdədir”.

N. Bayram qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması vəzifəsi qarşımızda durmasaydı, bütün bunlar bizi maraqlandırmazdı:

“Əlbəttə, “ilanın ağına da, qarasına da lənət”- deyib, düşmən düşərgəsində baş verənlərdən yan ötmək olardı. Lakin Paşinyanın hakimiyətdə olduğu 1.5 il ərzində ölkəsinin sosial-iqtisadi və digər sahələrində heç bir nailiyyət əldə edə bilməməsi, üstəlik qüdrətli daxili və xarici düşmənləri ilə hazırlıqsız döyüşə girməsi Köçəryanın Ermənistanda hakimiyətə gəlmək perspektivlərinə yol açır.

Bu kontekstdə Patruşevin Bakıya səfərinin əsas məqsədi. Azərbaycanı Ermənistanda gözlənilən proseslərdən torpaqlarını azad etmək üçün yararlanmaq fikrindən çəkindirmək  də ola bilər”.