“Paşinyanın yalanı erməni xalqını çətin vəziyyətə salacaq” - Politoloq

Baxış sayı:
184

“Ermənistanın Baş naziri N.Paşinyan Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan etdi. Bununla da o, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə müharibə elan etdi; ATƏT MQ-nin əsas təyinatı Dağlıq Qarabağın statusun müəyyən olunmasıdır. Paşinyanın həmsədrlərin ortalığa qoyduğu variantı rədd etməsinə ATƏT MQ-nin reaksiya verib-verməyəcəyi özündən asılıdır. Həmsədrlərin mövqeyinin Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın davranışına təsir edəcəyi şəksizdir”.
Demokrat.az xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bildirib. 
O qeyd edib ki, Paşinyanın sayıqlaması erməninin siyasi isteblişmentinin yalan və tərbiyəsizliyi özlərinin davranış elementinə çevirdiyini aşkarladı: 
“Erməni məntiqinə görə “deportasiyaya” məruz qalan Dağlıq Qarabağdakı ermənilər Dağlıq Qarabağda yaşayırlar, sayları da artır. Amma erməniləri “deportasiyaya” məruz qoyan Dağlıq Qarabağ azərbaycanlıları indi həmin ərazidə yaşamır. Erməni məntiqinə görə “Dağlıq Qarabağ xalqı”, “Artsax xalqı” adlı xalq var. N.Paşinyan, Z.Mnasakanyan da daxil olmaqla indiki və ya keçmiş erməni siyasətçisi, alimi  “Artsax xalqı” və yaxud “Dağlıq Qarabağ xalqı” terminin istifadə olunduğu heç bir sənəd, ciddi mənbə göstərə bilməzlər. Tərbiyəsizlikləri Paşinyan və Mnasakanyan üçün gəlir mənbəyinə çevrilsə də erməni xalqının əleyhinədir. Çünki onların yalanı erməni xalqını çətin vəziyyətə salacaq”.
Politoloq əlavə edib ki, 2016-cı ilin aprel hadisələrində çox vacib baş verənlərdən biri S.Sərkisyanın Almaniyaya qaçaraq kömək istəməsi idi: 
“O zaman S.Sərkisyan belə arqument gətirdi ki, Ermənistanın silahları Rusiyanın köhnə  silahlardır. Ona görə Ermənistan hal-hazırda uduzur və Qərb dünyasından müharibəni dayandırmaqla bağlı kömək istədi. Ermənistan bir az ondan öncə isə Moskvaya hərbi əməliyyatları dayandırmaqla bağlı kömək üçün yalvarmışdı. S.Sərkisyan həyasızlıq edirdi, yalan da danışırdı, amma müəyyən məsafə saxlaya bilmişdi. N.Paşinyan indi elə vəziyyət yaradıb ki, Azərbaycan ordusu hərəkətə keçəndə heç bir beynəlxalq qüvvə Azərbaycanın əleyhinə bir söz deməyəcək. N.Paşinyan müraciət etməyə ünvan tapmayacaq”.