“Paşinyanın “hə” deməsi müharibə ehtimalını artıracaq” – Şərh

Baxış sayı:
6877

Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”dakı səhifəsi üzərindən canlı yayıma çıxaraq bəzi mövzulara toxunub. 

“Yeni Sabah” xəbər verir ki, Paşinyanın toxunduğu mövzular arasında Ermənistan-Azərbaycan münasibətləri də yer alır. Məsələn, Ermənistanın baş naziri deyib ki, il yarım ərzində Ermənistan-Azərbaycan sərhəddində gərginlik xeyli azalıb. Paşinyan gərginliyin keçmiş illərdə də olduğunu bildirsə də, belə bir əlavəsini də unutmayıb: “Təhlükə hər zaman var, ancaq 3, 4 və ya 5 il bundan əvvəllə müqayisədə sərhəddə gərginlik xeyli azalıb”.

Bu fikirləri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Paşinyan bu sözlərlə demək istəyir ki, məhz o hakimiyyətə gəldikdən sonra sərhəddə gərginlik azalıb. “Paşinyan gərginliyin azalmasını Azərbaycan prezidenti İlham Əliyevlə Müstəqil Dövlətlər Birliyinin Aşqabad toplantısında qısa fikir mübadiləsi ilə əlaqələndirib. Yəni Ermənistanın baş naziri demək istəyir ki, məlum görüşdə atəşkəsə riayət olunacağına dair şifahi razılaşma əldə olunub.

Paşinyanın sözündə həqiqət ondan ibarətdir ki, o Serj Sərkisyanı devirib hakimiyyətə yiyələndikdən sonra rəsmi Bakı ona bir neçə ay şans tanıdı. Aşqabad görüşündən əvvəl və bir neçə ay sonra atəşkəs həqiqətən ciddi şəkildə pozulmadı. Ancaq Aşqabad görüşündən vaxt getdikcə atəşkəsin pozulması halları artdı. Paşinyan avqustun 5-də Xankəndidə separatçılar qarşısında çıxış edərkən “Qarabağ Ermənistandır” dedikdən sonra isə atəşkəsə riayət etməyin heç bir mənası qalmadı. Ona görə də Paşinyan atəşkəsin artan xətlə pozulması hallarına hazırlaşmalıdır”, - deyə politoloq bildirib.

Elxan Şahinoğlu Nikol Paşinyanın “Dağlıq Qarabağ danışıqlarında irəriləyiş olmasa da, maraqlı dinamika müşahidə olunur” fikrini də incələyib. Politoloq bildirib ki, əslində danışıqlarda heç bir irəriləyiş yoxdur və bunu Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı bəyanatlarından da müəyyənləşdirmək olar. Həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında da danışıqların gedişi ilə bağlı fərqli heç nə yoxdur: “Görünür, Paşinyan sadəcə, cəmiyyətini sakitləşdirməyə çalışır ki, danışıqlarda nəticə olmasa da, guya “gedişat ümid verir”. Erməni cəmiyyəti ən çox müharibədən çəkinir. Paşinyan da bunu bilərək həm müharibə sözünün tələffüzündən çəkinir, həm də cəmiyyətinə yanlış da olsa ümid verməyə çalışır.

Paşinyan canlı yayında çıxışında Dağlıq Qarabağ separatçıları ilə arasında heç bir ixtilafın olmadığını erməni cəmiyyətinə təlqin etməyə çalışır. “Qarabağ məsələsi mənim məsələm deyil, bu ümummilli məsələdir” deyən Paşinyan İrəvanla Dağlıq Qarabağ separatçıları arasında münaqişənin həllinə baxışda heç bir fikir ayrılığının olmadığınl vurğuladı.

Paşinyan çıxışında əsas vəzifəsi kimi həll yolunun erməni xalqı üçün məqbul olmasını göstərib. Paşinyan yeni təklifini də səsləndirib: “Münaqişənin həll yolu referenduma da çıxarıla bilər”. Bununla Paşinyan məsuliyyətdən yaxa qurtmağa çalışır. Belə çıxır ki, Paşinyan Azərbaycan prezidenti ilə ehtimal olaraq nə vaxtsa ortaq məxrəcə gəlsə, bu o demək olmayacaq ki, rəsmi İrəvan münaqişənin həllinə razılaşıb. Bundan sonra razılaşma referenruma çıxarılacaq ki, Paşinyan verdiyi qərara görə məsuliyyəti erməni cəmiyyəti ilə bölüşsün. Tutaq ki, Paşinyan İlham Əliyevlə nəyəsə razılaşdı, ancaq Ermənistanda keçirilən referenduma ermənilər “yox” dedi. Paşinyan İlham Əliyevə nə deyəcək, “bağışlayın bu variant alınmadı, keçək başqa variantların müzakirəsinə”... Paşinyanın “hə”, ermənilərin “yox” deməsinin özü müharibə ehtimalını artıracaq.

Nikol Paşinyan canlı yayında verdiyi açıqlamardan bir daha görünür ki, danışıqlardan nəticə gözləmək əbəsdir. O ki qaldı, atəşkəsin pozulması intensivliyinin azalmasına ümidini bağlayan Paşinyana, onun yanlış nəticəyə gəlməməsi üçün təzyiqi artırmaq lazımdır. Maraqlıdır ki, ordumuzun Naxçıvanda və Qazaxda həyata keçirdiyi əməliyyatlar Paşinyanın hakimiyyəti dövründə həyata keçirilib. Paşinyan bu haqda heç zaman bir cümlə də deməyib. Ermənistanın o biri rəsmiləri və hərbçiləri də bu mövzuda əsasən susurlar. Lap yaxşı, bir az daha irəriləmək lazımdır”.