PAŞİNYANI TƏHDİD EDƏN GENERAL HƏDƏFƏ ALINIB – “O da Paşinyanla çörək kəsib…”

Baxış sayı:
8905

Nikol Paşinyana qarşı ən kəskin ifadələr işlədən qondarma rejimin sabiq “təhlükəsizlik katibi” Vitali Balasanyanın məsələsi Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılmağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Balasanyan barədə açıqlamaları yer alıb.

Təhlükəsizlik Şurasının katibi deyib ki, V.Balasanyanın mətbuata açıqlamaları xuliqanlıqdır.

Xatırladaq ki, Balasanyan son müsahibələrində Paşinyanı təhqir və təhdid etmişdi. Demişdi ki, Paşinyan və hökuməti dərhal istefa verməli, ölkə parlamentinin üzvləri dərhal evlərinə dağılışmalıdır. Çünki onların idarəçiliyi bütün erməniliyi təhdid edir. Qondarma rejimin generalı hesab edir ki, Paşinyan və komandası hakimiyyətdən könüllü getməyəcək: “Onlar özləri rədd olmayacaqlar, onları rədd eləmək lazımdır”.

Vitali Balasanyan Paşinyanın 2016-cı ilin yayında Yerevanda polis alayının binasını tutan “Sasna tsrer” terrorçuları ilə əlbir olduğunu da deyib. Buna sübut kimi həmin terrorçulardan bir qrupunu hökumət binasında qəbul etməsini göstərib.

“Paşinyan böyük anti-erməni layihəsidir”, deyən Balasanyana qarşı Paşinyan hökuməti olduqca qəzəblidir və belə görünür ki, onunla bağlı hansı cəza tədbiri görülməsi məsələsi üzərində baş sındırır. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Balasanyanın işi ilə ölkənin Milli Təhlükəsizlik Xidməti məşğuldur və onun açıqlamalarında cinayət tərkibinin olub-olmadığı araşdırılır.

Jurnalistlər A.Qriqoryana onun özünün Balasanyanla yaxın münasibətlərini və onunla çörək kəsdiyini xatırladıblar. Soruşublar ki, az qala dostluq etdiyi adama qarşı bu cür sərt mövqe tutması və onu “xuliqan” adlandırması nə ilə bağlıdır. Qriqoryan cavabında Balasanyanı nəzərdə tutaraq, “o da Paşinyanla çörək kəsib” deyib. Və bildirib ki, Balasanyanın da Paşinyan barədə bu cür təhqiramiz formada danışmağa mənəvi haqqı yoxdur.

Görünən odur ki,Paşinyana qarşı istər qondarma DQR rəhbərliyinin, istərsə də Ermənistandakı köhnə hakim komandanın təzyiq və təhdidləri durmadan artır. Digər tərəfdən isə əhalinin baş nazirin fəaliyyətindən, heç bir sosial-iqtisadi irəliləyişin olmamasından narazılığı çoxalır. Ona görə də əksər erməni siyasi şərhçiləri hadisələrin ciddi vətəndaş qarşıdurmasına doğru cərəyan etdiyi qənaətindədirlər.