​“Paşinyanı devirirlər” – Sərkisyan Moskvadan planla qayıdıb - POLİTOLOQ

Baxış sayı:
643

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı törətdiyi cinayət əmələrinə görə həbs etmişdilər. Söhbət 2008-ci il martın 1-də prezident seçkilərindən sonra İrəvanın mərkəzi meydanına toplanmış etirazçılara odlu silahdan atəş açmaq əmri verməkdən gedir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, həmin dönəmdə İrəvan qarnizonuna, yaxud Ermənistan Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturov idi:
“Köçəryan Xaçaturova dinc nümayişçilərə odlu silahlardan atəş açmaq əmrini vermişdi. Meydana çıxanların əksəriyyəti isə keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarları idi. Qırğında 32 nəfər halak oldu, 100-dən çox insan ağır xəsarət aldı. İndi də istintaq o faktı rəsmi olaraq təsdiq etdi ki, bu qırğının məsuliyyətini birbaşa Köçəryan daşıyır. Bu cinayət əmrini icra edən Xaçaturov da istintaqdan yayına bilmir.
Moskva Yuri Xaçaturovu azad etdirdi. Hesab edirəm ki, Robert Köçəryanın da azad olunmasında Rusiyanın rolu var. Halbuki istintaq rəsmi qaydada elan etmişdi ki, 1 mart qırğınının müəllifləri Köçəryan və Xaçaturovdur. Buna görə də Baş nazir Nikol Paşinyan və Petrosyanın tərəfdarları ilə yanaşı, həmin dövrdə həlak olan adamların qohumları bu qərara etiraz edirlər.
Serj Sərkisyan da bu məsələdə məsuliyyəti var. Artıq Sərkisyanın qardaşı və bir neçə qohumu, eyni zamanda Köçəryanın qohumları həbs edilib. Lakin bu həbslər dövlət əmlakını və vəsaitlərini oğurlamaqda ittiham edilənlərə qarşı həyata keçirilir. Bu baxımdan, dövlətə məxsus 500 milyon dollara yaxın maddi vəsait müxtəlif şəxslərdən geri alınıb”.
Qabil Hüseynli hesab edir ki, Köçəryanın həbsdən azad edilməsində keçmiş prezident Serj Sərkisyanın ciddi rolu var:
“Çünki Sərkisyan bir neçə gün əvvələ kimi Moskvada idi. Halbuki yalandan iddia edirdilər ki, o, müalicə üçün İtaliyaya gedib. Qənaətimə görə, Serj Sərkisyan Kremldə Köçəryanın həbsdən azad edilməsi üçün müxtəlif şəxslərlə görüşlər keçirmək üçün Moskvaya getmişdi. O, Moskvada eyni zamanda Paşinyanın “Qarabağ klanı” və Rusiyaya qarşı fəaliyyətini dayandırmaq üçün danışıqlar aparırdı.
Beləliklə, Sərkisyan Moskvadan ürəkli qayıtdı və qayıdan kimi də Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə getdi. Çox keçməmiş məhkəmə Köçəryanın azad edilməsi barədə qərar verdi. Hesab edirəm ki, baş verənlər Ermənistana qəyyumluq edən hansısa böyük gücün hazırladığı ssenari üzrə cərəyan edir. Bu ssenari də “Qarabağ klanı”nın yenidən səfərbər edilməsini, yaxud Paşinyan rejiminin çökdürülməsini nəzərdə tutur”.
Politoloqun sözlərinə görə, Xaçaturovun və Köçəryanın azad edilməsi də, 1 mart qırğınında məsuliyyət daşıyan Serj Sərkisyanın cinayət məsuliyyətinə cəlb edilməməsi də bu ssenarinin tərkib hissəsidir: “Artıq Ermənistan daxilində daha gərgin və ciddi siyasi mübarizənin əlamətləri görünməyə başlayıb. Paşinyan tərəfdarları İrəvanda etirzlar keçirirlər, Köçəryan və Sərkisyan tərəfdarları da digər bölgələrdə hazırlıq işləri görürlər. Bu, hərbi hazırlıq da ola bilər.
Başqa sözlə, Ermənistanda ciddi qarşıdurmalar gözlənilir. Bu qarşıdurmalar da revanş xarakteri daşıya, yaxud mövcud siyasi hakimiyyətin dəyişdirilməsinə cəhd ola bilər. Ermənistan özünün dramatik günlərini yaşayır”.