Paşinyana KTMT xəbərdarlığı - Moskvada onu böyük imtahan gözləyir

Baxış sayı:
4240

Erməni müxalifətinin əlinə fürsət düşüb; rusiyalı və azərbaycanlı politoloqlardan maraqlı şərhlər

Ötən həftə Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində qurumun baş katibi vəzifəsinə Ermənistanın təqdim etdiyi namizədin qəbul edilməməsi erməni müxalifətinə baş nazir əvəzi Nikol Paşinyana qarşı hücuma keçməyə fürsət verib.

Paşinyanın hakimiyyətdən devirdiyi Respublika Partiyasının seçki siyahısına başçılıq edən keçmiş müdafiə naziri Vigen Sərkisyan deyib ki, Ermənistan KTMT-də ciddi iflas ərəfəsindədir.

“Hökumət əlindən gələni etməlidir ki, dekabrın 6-da Sankt-Peterburqda KTMT baş katibi postunu itirməsin. Əgər bu baş versə, hökumət üçün tam iflas olacaq”, - deyə o qeyd edib. V.Sərkisyan bildirib ki, bu riski KTMT baş katibi Yuri Xaçaturva qarşı cinayət işi qaldıranda düşünmək lazım idi.

KTMT dövlət başçılarının sammitindən sonra isə Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovu qəbul edib. Lukaşenko görüşdə bildirib ki, rəsmi Minsk qurumun baş katibi vəzifəsinə üç namizəd təklif etməyə hazırdır.

“Astana görüşünün nəticələri Ermənistanın KTMT-dəki fəaliyyətinin tam iflası oldu”. Bu sözləri isə axar.az-a açıqlamasında KTMT ölkələri liderlərinin Astana görüşünü şərh edən rusiyalı politoloq Yevgeni Mixaylov deyib: “Bu haqda əvvəllər hətta ağlımızdan da keçməzdi. Bütün hallarda Ermənistan aprel hadisələrinə qədər Rusiyanın bir çox sahələrdə tamhüquqlu müttəfiqi sayılırdı. Bugünkü gün daxili siyasi qeyri-sabitlik və diplomatik nöqsanlar səbəbindən Ermənistanın təsiri KTMT-nin digər üzvləri tərəfindən faktiki olaraq sıfra endirilib. Xaçaturovun digər erməni namizədlə əvəzlənməsindən imtina edilməsinin başlıca səbəbi budur ki, Ermənistanın hara istiqamətləndiyi bəlli deyil. Əgər o, Qərbə istiqamət alacaqsa, onda təşkilatda əsas rol oynayan Rusiyanın maraqlarının satılmasını müşahidə edə bilərik”.

Rusiyalı politoloqa görə, Ermənistanda Rusiya və Belarus əleyhinə provokasiya hər an mümkündür: “Çünki biz vaxtaşırı olaraq Ermənistandan Azərbaycanın Rusiya və Belarusdan silah alması ilə bağlı narazılıq müşahidə edirik və bu istiqamətdə neqativ informasiyalar yayılır”.

Paşinyan KTMT ile ilgili görsel sonucu

Azərbaycanlı politoloq Natiq Miri isə “Yeni Müsavat”a şərhində bildirdi ki, təcrübəsiz Paşinyan hökuməti KTMT-nin baş katibinə cinayət işi açıb onun vəzifədən götürülməsi tələbini ortaya qoyandan sonra Ermənistana qurumun üzvü olan dövlətlərin narazılığı müşahidə olundu: “Çünki KTMT-yə rəhbərlik edən generalın erməni də olsa cinayətkar elan olunması və vəzifədən çıxarılıb Ermənistana verilməsi tələbi dolayısı ilə KTMT-yə meydan oxumaq idi və bu təşkilatın adına, imicinə qarşı biabırçı bir hadisə idi. Bu isə quruma üzv olan dövlətlərdə ciddi bir qıcıq yaratdı. Ona görə də bəlli idi ki, Ermənistan rəhbərliyi cəzalandırılacaq. Ermənistanın təqdim etdiyi namizədin qəbul edilməməsi və rotasiya məsələsinin ortalığa çıxarılması İrəvana verilən cəzadır. Rotasiya məsələsinin ortalığa atılması bəhanədən başqa bir şey deyil. Paşinyanın Qərbə meyllənən siyasətə üstünlük verməsi də belə bir cəzanın verilməsində rol oynadı. Rusiya Paşinyana münasibətdə tərəddüd etməkdədir. Paşinyana konkret seçim etmək üçün təzyiq edilir. Ermənistanda isə hazırda böyük bir hakimiyyət boşluğu müşahidə edilir. 9 dekabr parlament seçkilərinə qədər belə davam edəcək. O zamana qədər Rusiya Paşinyanı KTMT meydanında da sıxacaq. Kremldə Ermənistana mənfi bir rəy açıq sezilir. Rusiya parlament seçkilərinin nəticəsini gözləyəcək. Seçkidən sonra Paşinyan Moskvaya dəvət olunacaq və ondan Ermənistanın istiqaməti ilə bağlı konkret seçim tələb edəcəklər. Paşinyan hökumətinə Rusiyanın və KTMT-nin qəti mövqeyinin necə olacağı da məhz bundan sonra dəqiq bilinəcək. Paşinyan seçkidə qalib gələcəksə, Moskvada onu böyük bir imtahan gözləyir. KTMT-də son baş verənlər Paşinyana xəbərdarlıqdır. Ona bildirilir ki, mövqeyin bizdən yana olmasa, bu, sənə tətbiq ediləcək cəzanın başlanğıcıdır”.

Bəs KTMT-də Ermənistanın istəklərinin yerinə yetirilməməsi hansısa şəkildə Azərbaycanın xeyrinədirmi?

Politoloqun sözlərinə görə, baş verən məlum məsələlər o mənada Azərbaycanın əlini gücləndirir ki, Ermənistanın dayanıqsız və etibarsız ölkə olduğu sübuta yetir: “Bu isə Azərbaycanın mövqelərinin bir qədər möhkəmlənməsi baxımından çox mühüm məsələdir. Ermənistan haqda KTMT-də dayanıqsız ölkə imicinin formalaşması istənilən halda Azərbaycanın postsovet məkanında mövqelərini bir qədər də gücləndirir. Diqqət edirsinizsə, artıq Rusiyada Azərbaycanın xeyrinə danışan xeyli sayda siyasətçilər, siyasi ekspertlər yaranıb. Bir neçə il öncə belə deyildi. Artıq hətta Kremldə belə, Azərbaycanın xeyrinə olan mövqelər ortaya qoyulmaqdadır. Azərbaycanın mövqeyi güclənirsə, bu, Dağlıq Qarabağ probleminin həlli ehtimalını artırır. Ona görə də Azərbaycan gözləmə mövqeyində deyil, daha da aktiv və hücum xarakterli siyasətə üstünlük verməlidir. Çünki belə olduğu halda Ermənistan rəhbərliyi Azərbaycanla tərəzidə bərabər səviyyədə siyasət yürüdə bilməyəcək”.