"Paşinyan ya dəlidir, ya da həddindən artıq hiyləgərdir" - QABİL HÜSEYNLİ

Baxış sayı:
30094

Ermənistanın baş naziri Nikol Paşinyan həmişəki kimi Qarabağ konflikiti ilə bağlı ziddiyyətli, ancaq özlərini düşünən bəyanatlar səsləndirməkdədir. Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı Paşinyan deyib ki, Azərbaycan tərəfi Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar çərçivəsində ümidləri doğrultmadı.
Görəsən, ölkəsinin işğalçı olduğunu bilən Paşinyan hansı məntiqlə Azərbaycandan danışıqlar çərçivəsində ümid gözləyir?

“Bu avanturist aşkar işarə verir ki, o danışıqlar prosesində bu cür mövqeyi tutmaqda davam edəcək”
 
Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını şərh edən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, bu, ya dəlidir, ya da həddindən artıq hiyləgərdir: “Bu adam çox təhlükəli adamdır. Sözün əsl mənasında indiyə qədər Ermənistana başçılıq etmiş prezidentlərin hər birisindən təhlükəli və avanturist adamdır. Deyir, “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Azərbaycan işğala, təcavüzə məruz qalmış ölkədir, sən isə təcavüzkar dövlətin başında durursan, ay utanmaz millətçi. Azərbaycan sənin çaldığın hava ilə oynayası deyil ki, özünün torpaqlarını işğaldan azad etməlidir, ərazi bütövlüyünü təmin etməlidir. Bir də ki, Azərbaycan təcavüzakarın niyə ümidlərini doğrultmalıdır ki?! Dünya praktikasında vuruşan iki ölkənin hansında görünüb ki, təcavüzə məruz qalan təcavüzkarın etimadını doğrultsun. Bu, çox səfeh, tənqidə layiq olmayan bir mövqedir. Bu ermənilərə məxsus olan həyasızlığın, üzədurmanın bir formasıdır. Ona görə də bu avanturist aşkar işarə verir ki, o danışıqlar prosesində bu cür mövqeyi tutmaqda davam edəcək”.
 
“Azərbaycan onun çaldığı hava ilə oyanamayacaq ki..”
 
“Paşinyan hökumətinin Qarabağ konfliktinin sülhlə həll üçün atmosfer yaratdığını, onun üzərində çalışdığını görürsünüzmü” sualına Q. Hüseynli belə cavab verdi: “Qətiyyən. Bu, anormal olduğu kimi də, müəyyən anormallara xas olan hiyləgərlikdir. Sülh üçün nə mühit yaradırlar? Sən əgər qeyd edirsən ki, torpaqları qaytarmayacaqsan, “sülh əvəzinə, torpaq verəsi deyilik” və. s deyirsənsə, bəribaşdan hər şeyin içərisinə zəhər qatırsan. Belə olanda Azərbaycan onun çaldığı hava ilə oyanamayacaq ki. Təbii ki, Azərbaycan öz siyasi xəttini yürüdəcək. Əgər söhbət sülh üçün xalqı hazırlamaqdan gedirsə, sən öz danışığına, oturuşun, duruşuna fikir ver, üstəlik başqalarını qınayırsan. Bu gün onun danışmağa haqqı yoxdur, öz xalqı üçün danışa bilər, amma Azərbaycan xalqı üçün danışmağa mənəvi haqqı yoxdur. Azərbaycan xalqı onun danışdıqlarını saya salmır”.
 
“Cəmi sayı 5 milyon olan erməni 50 milyonluq azərbaycanlının qisas məqamından qurtula bilməyəcək”
 
Q. Hüseynli vurğuladı ki, Azərbaycanı dialoq qurmağa heç kim məcbur edə bilməz: “Çünki qarşı tərəf dialoq istəmir. Qarşı tərəfin müdafiə naziri yeni hücum əmrindən danışır, müdafiə taktikasından imtina edir, hərbə səylə hazırlaşdıqlarını deyir, bunun özü “torpaq əvəzinə, sülh olmayacaq” deməkdir, sülh tezisinin əleyhinə çıxır. Azərbaycana buna bənzər digər mənasız fikirləri ilə gözdağı verməyə çalışır. Bunların bir çoxu danışanda deyir ki, “qan töküb torpağı almşıq, qan töküb torpağınızı geri qaytarın”. Ermənilərin böyük əksəriyyəti bu cür düşünür. Azərbaycan nə etməlidir? Azərbaycan da müəyyən qədər danışıqlarda cəhd göstərəcək və ondan sonra bu cəhdlər Paşinyanın kütbeyin ifadələri ilə qarşılaşdıqda məcbur olacaq ki, sülh danışıqlarından imtina etsin və müharibəyə hazırlaşsın, hərb variantını seçəcək, onsuz da ermənilər bu torpaqda yaşayırsa, cəmi sayı 5 milyon olan erməni 50 milyonluq o taylı, bu taylı, bütün dünyadan yaşan azərbaycanlıların qisas məqamından qurtula bilməyəcək. 5 milyon erməni özündən 10 dəfə böyük olan, tarixə imperiyalar vermiş bir xalqın torpağını mənimsəyib, onun üstündə otura bilməz. Ermənilər qulağını açıb, bunu birdəfəlik başa düşməlidirlər. Əgər istəyirlər ki, illər boyu bu qarşıdurmalar davam etsin, davam edəcək və paylarını da alacaqlar”.
 
“Ermənilərə təzyiq göstərib, onları sülh danışıqlarına məcbur etmək lazımdır”
 
“Paşinyan Azərbaycanı dialoq qurmağa məcbur etməliyik” fikrini Avropadan səsləndirməklə, nə demək istəyir. Yəni Avropanın Azərbaycana təsir etməsi üçün çağırış edir” sualını isə Q. Hüseynli belə cavablandırdı: “Dialoq uydurma bir şeydir. O, sülh danışıqlarına getmək istəmir, hansı dialoqdan söhbət aça bilər? Əksinə, indi Azərbaycanın irəli sürdüyü tezis Ermənistanı sülhə məcbur etmək tezisidir, onun içərisində dialoq da, hər şey də var. Bu gün danışıqlar prosesini pozan, danışıqlara qeyri-konstruktiv yanaşan Ermənistandır, ona görə də Azərbaycan beynəlxalq təşkilatlardan tələb edir ki, Ermənistanı sülh danışıqlarına məcbur etsin, çünki ortada BMT-nin 4 qətnaməsi, digər beynəlxalq sənədlər, böyük ölkələrin, qurumların çağırışları var. Ermənistan bunların heç birinə məhəl qoymur, məhəl qoymayan, danışıqlara getmək istəməyən hansı məntiqlə Azərbaycanı dialoqa məcbur etdirmək istəyir? Sən özün sülh danışqılarına getmirsən, sülh danışıqları da dialoq deməkdir, əksinə, ermənilərə təzyiq göstərib, onları sülh danışıqlarına məcbur etmək lazımdır”.
 
Şamo EMİN, Hurriyyet.org