"Paşinyan səviyyəsizlikdə heç də Ata Abdullayevdən geri qalmır" - Vahid Əhmədov

Baxış sayı:
6991

"Ermənistanın baş naziri Nikol Paşinyan səviyyəsizlikdə heç də Ata Abdullayevdən geri qalmır. İkisi də eyni səviyyədə olan adamlardır".
Muxalifet.az
xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanın Baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. 
Vahid Əhmədov deyib ki, Paşinyanın nə qədər savadsız və yalan danışmasından asılı olmayaraq, erməni işğalı altında olan torpaqların azad olunacağı gün uzaqda deyil:
"Nikol Paşinyan özü səviyyəsində olan blogerə nə qədər yalan danışırsa danışsın, bütün dünya yaxşı bilir ki, erməni işğalı altında olan torpaqlar Azərbaycana məxsusdur. Biz o torpaqları gec-tez işğaldan azad edəcəyik. Bu, ya sülh, ya da müharibə yolu ilə olacaq. Beynəlxalq hüququn tələbləri də bizə imkan verir ki, Azərbaycan öz tarixi ərazilərini erməni separatçılarının işğalından azad etsin.  Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Deyəsən Nikol Paşinyan sələfi Serj Sarkisyanın 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun gücündən necə qorxu keçirərək, xarici dövlətlərə yalvardığını unudur. İndi Azərbaycan ordusuna bir neçə saat kifayət edir ki, torpaqlarımızı işğaldan azad etsin. Lakin hələlik sülh danışıqlarını seçmişik. Bu danışıqlar da əbədi deyil. Biz tarixi torpaqlarımıza yenə qayıdacağıq. Özü də o torpaqları müharibə yolu ilə işğaldan azad edəcəyik".
Deputat Ata Abdullayevin Milanda Paşinyanla sözügedən dialoqunun Azərbaycanın dövlət maraqlarına uğur gətirmədiyini də söyləyib:
"Mən dəqiq deyə bilmərəm ki, Ata Abdullayev Paşinyanla görüşə necə gedib. Bu barədə heç bir məlumatım da yoxdur. Ancaq onun Paşinyanla dialoqu və həmin söhbət zamanı Ata Abdullayevin Azərbaycanın adından danışmaq cəhdləri uğurlu hərəkət deyildi. Ümumiyyətlə, siyasətdə bu cür adamlar heç zaman qəbul edilmir. Həmin dialoqun görüntüləri də internetdə yayılıb. Ermənilər bundan bizə qarşı sui-istifadə etməyə çalışırlar. Axı bu hərəkət nəyə lazım idi? Bütün bunlar Azərbaycan adına xələl gətirə bilən hərəkətlər sayılır".