​Paşinyan “şok terapiyası”na gedəcəkmi? - Rusiyanın Ermənistanı saxlamaq “xərcləri” artır

Baxış sayı:
10771

Rusiya Ermənistana satdığı təbii qazı bahalaşdırdı. İrəvan yanvarın 1-dən qaza görə artıq hər min kubmetr üçün 150 yox, 165 dollar ödəyir. Bu, o deməkdir ki, tezliklə bir sıra malların və ərzaq məhsullarının qiyməti qalxacaq. Düşmən ölkədə əhalinin təxminən yarısının yoxsulluq içində yaşadığı nəzərə alınsa, istisna deyil ki, baş nazir əvəzi Nikol Paşinyan öz hakimiyyətini qorumaq və diqqəti daxildəki problemlərdən yayındırmaq üçün ölkədə anti-Rusiya ovqatının bir az da qızışmasına rəvac verəcək.
Nəzəri cəhətdən İrəvanın İrandan daha ucuz qaz almaq variantı var. Ancaq sırf nəzəri cəhətdən. Çünki söhbət bir yandan, Rusiya timsalında siyasi əngəldən gedirsə, ikinci yandan, maliyyə problemi mövcuddur. Çünki Rusiyadan fərqli olaraq, İran Ermənistana nisyə qaz verməyə, gözləməyə hazırlaşmır. Onun pulunu vaxtında ödəmək lazım gələcək. 

*****

“Nikol Paşinyanın qarşısında indi öz hakimiyyətini möhkəmlətmək vəzifəsi durur. Bundan ötrü isə o, Ermənistanın üzləşdiyi mövcud vəziyyətdən çıxış yolu tapmalıdır. Bu duruma Ermənistan özünün baş nazirinin xaotik siyasəti nəticəsində düşüb. Ermənistanın ABŞ-a qarşı getməyə gücü yoxdur. Ancaq İranla qazla bağlı danışıq aparıla bilər”. 
“Yeni Müsavat”ın məlumatına görə, bunu Azərbaycan əsilli rusiyalı politoloq Fərhad İbrahimov İrəvanın bahalaşan Rusiya qazına İran qazı qismində alternativ axtarmasının mümkünlüyünə münasibət bildirirkən deyib. Politoloqa görə, Paşinyan ya başa düşmür, ya da anlamaq istəmir ki, Ermənistan faktiki, izolyasiya vəziyyətindədir və suveren dövlət deyil. “Uzaqgörən siyasətin aparılmaması nəticəsində Ermənistanın iqtisadiyyatı da suveren deyil. Ona görə də İrəvan şərt diktə edə bilməz və o, qaz məsələsində ya Rusiya güzəştə gedənə kimi bazarlıq eləməlidir, ya da İrana müraciət etməlidir”, - deyə o qeyd edib.
İranın bu məsələdə mövqeyinə gəlincə, siyasi şərhçi deyib ki, iranlılar hələ Serj Sərksiyan və Robert Köçəryan dönəmlərində dəfələrlə erməni tərəfinə qaz sferasında fəal əməkdaşlıq təklif ediblər, ancaq ermənilər Moskva-İrəvan münasibətlərinə görə bu məsələyə toxunmamağa çalışıblar. “İndi - Rusiya-Ermənistan münasibətlərinin aydın olmadığı dövrdə İran yenidən erməni tərəfinə qazla bağlı təklif verib. Ancaq burada bir nüans var. Məsələ ondadır ki, İran Ermənistanın uzunmüddətli qaz borclanmasına dözməyəcək - hansına ki, Rusiya dözür. Ona görə də Paşinyanı çox mürəkkəb seçim gözləyir: ya Moskva ilə əməkdaşlığa davam eləmək, ya da İrandan qismən ucuz qaz almaq, lakin pulunu vaxtında ödəmək. Ancaq pulu haradan tapmaq, əgər ölkə iqtisadiyyatı ağır vəziyyətdədirsə? Üstəlik, Paşinyanın özü belə görünür, yaxın bir neçə il üçün iqtisadiyyatın inkişafı üçün ”yol xəritəsi" hazırlamayıb".

*****

Bu arada Ermənistanın 2018-ci ili daha ağır iqtisadi və demoqrafik problemlərlə başa vurduğu məlum olub. Statistik hesabatlardan aydın olur ötən il iqtisadi sahədə 10,3 faiz, kənd təsərrüfatı sahəsində 8,3 faiz azalma müşahidə olunub. Xarici borc büdcəni iki dəfə üstələyərək, 7 milyard dollara çatıb və 2019-cu ilin sonuna kimi onun 7,5 milyard dollar təşkil edəcəyi gözlənilir. Son bir ildə əhali 15 min nəfərə yaxın azalıb.
BMT-nin hesabatında deyilir ki, demoqrafik göstəricilərin aşağı düşməsi səbəbindən yaxın gələcəkdə Ermənistan əhalisinin sayı 1 milyon 300 min nəfər azalacaq. Hazırda miqrasiya Ermənistanın ən ağrılı problemidir. Ölkəni tərk edənlər arasında gənclər üstünlük təşkil edir. Ən əsası, bu neqativ proseslər 8 may “məxməri inqilabı”ndan sonra da davam edib. Demək, Paşinyan və komandası vəziyyətin xilası üçün nəinki uğurlu “yol xəritəsi” tapmalıdır, eyni zamanda “şok terapiyası”na qərar verməlidir. Təbii ki, əsas enerji daşıyıcılarının, özəlliklə qazın bahalaşmasına imkan verməmək şərti ilə...

*****

“Erməni iqtisadiyyatı üçün rus qazının qiymətinin qaldırılması məsələsinə İrəvan Rusiyanın Ermənistana təqdim etdiyi müdafiə xidmətlərinin qarşılığının ödənişi kimi baxmalıdır”. Belə bir maraqlı fikri isə axar.az- a açıqlamasında belorus politoloqu Mixail Malaşa deyib. Politoloqa görə, əks təqdirdə Rusiya üçün Ermənistanı Azərbaycandan qorumağın mənası olmazdı.
“Qaz tədarükünə görə taarifləri qaldıran Rusiya, sadəcə, özünü müdafiə üçün təqdim etdiyi xidmətlərin dəyərini artırmaq qərarı verib. Rusiya üçün Ermənistanın praktik olaraq başqa heç bir marağı yoxdur və İrəvana başqa bir şey təklif edə bilməz. Təkcə Ermənistanın yox, Belarusun da Rusiya ilə qaz tarifləri ilə bağlı problemi var. Bu, onu göstərir ki, Rusiya artıq öz müttəfiqləri ilə müttəfiqliyə maraq göstərməyə çalışmır. Belə şəraitdə Azərbaycan üçün Qarabağ probleminin həlli istiqamətində şans yaranır”, - deyə o bildirib. Onun sözlərinə görə, Ermənistanın bu problemləri həll etməsi üçün ümumiyyətlə, qazdan tam asılılığı aradan qalxmalıdır: “Ancaq erməni rəhbərliyinin hələlik qaz asılılığından çıxmaq təşəbbüsü yoxdur”.
Ekspert hesab edir ki, Ermənistanın hazırkı hakimiyyəti ölkəni texniki baxımdan inkişaf etdirmək yerinə, özünü avantüralara salıb: “Erməni hökuməti avantüra apararaq, Rusiyadan özünü hərbi baxımdan asılı vəziyyətdə qoyur və ona bunun üçün ödəniş edir. Hətta Qərblə yaxınlaşmaq belə tam həyata keçməyəcək. Qərb bu yaxınlaşma qarşılığında İrəvanı Azərbaycandan hansısa formada qorumalıdır. Ancaq aydın deyil ki, ermənilər amerikalılarla bunun qarşılığında nəylə hesablaşacaqlar. Bu geosiyasi nöqtə amerikalılar üçün maraqsızdır. Belə ki, bu bölgənin yaxınlığında NATO üzvü olan Türkiyə var. Avropalılara isə Azərbaycanın neft və qazı maraqlıdır. Qərb üçün ümumilikdə geosiyasi baxımdan Azərbaycan Ermənistandan daha dəyərlidir. Məhz Azərbaycan Rusiya ilə İran arasında bağdır. Qərb İrəvana görə Bakı ilə münasibətlərini pisləşdirməyəcək”.

*****

Paşinyanın siyasi taleyinə gəlincə, hələlik ona qarşı Ermənistanda tezliklə güclü etirazlar gözlənilmir. Çünki narazı kütlənin əksəriyyəti Nikola hələ ki etimad bəsləyir. Lakin etimadla qarın doymur. Əksər analitiklərə görə, Paşinyana ayrılan etimad limiti də, vaxt da tamama yetmək üzrədir. Erməni toplumu ondan, nəhayət, daxili və xarici siyasətdə real nəticələr gözləyir.
Yeri gəlmişkən, sabah - yanvarın 8-də Paşinyanın inqilab nəticəsində hakimiyyətə gəlişinin 8 ayı tamam olacaq. Bu müddətdə Ermənistan əhalisinin güzəranında yaxşıya doğru ciddi dəyişiklik baş verməyib. Üstəgəl, əsas enerji daşıyıcılarından olan təbii qazın qiymətinin artması cəmiyyətdə məyusluq və təlaş yaradıb.
Şübhəsiz ki, yaxınlarda əhalini durumunda real irəliləyişlər olmasa, bundan yeni hakimiyyətə qarşı müxalifət, pusquda duran Qarabağ klanı dərhal yararlanmağa çalışacaq. Qarabağ klanının Moskvaya bağlı olduğu nəzərə alınarsa, demək, Moskva da hərəkətə keçə bilər. Bəlkə də artıq keçib.
Beləliklə, Ermənistan üçün şimal yolu getdikcə daha böyük təhlükə vəd edir. Çünki Moskva ucuz qazı, ucuz silahı boşuna vermir, vassal tabeçiliyi qarşılığında verir. Cənubda isə İranla əməkdaşlıq perspektivi yox kimidir. Üstəgəl, ABŞ-ın Tehrana qarşı sanksiyaları səbəbindən İranla sıx əlaqələr Vaşinqtonun qəzəbinə tuş gəlmək riski yaradır. Qalır ən əlverişli və etibarlı Azərbaycan-Türkiyə yolu. İrəvanın xilas formulu da elə bu yolla bağlıdır. Seçim Paşinyanındır... 
“Yeni Müsavat”