​PAŞİNYAN: “Serj Sarqsyan baş nazir seçkisinin pozulması barədə göstəriş verib”

Baxış sayı:
6208

“Serj Sarqsyanın gecə keçirdiyi müşavirədə Respublikaçılar Partiyasının baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsverməni pozması barədə qərar qəbul edilib”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri postuna namizəd, “məxməri inqilabın” lideri Nikol Paşinyan mayın 1-də “Facebook”da canlı yayımda bildirib.
O, tərəfdarlarını yenidən mitinqə çağırıb: “Mən hamını səhər saatlarından “Respublika” meydanında mitinqə, qələbəni qorumağa çağırıram. Respublikaçıların planı bir həftədən sonra öz namizədlərini irəli sürməkdir”.
Qeyd edək ki, mayın 1-də saat 12-də Ermənistan parlamentində baş nazir seçkisi keçiriləcək. Nikol Paşinyan bu posta yeganə namizəddir. Baş nazir olması üçün parlamentin 105 üzvündən 53-ü ona səs verməlidir. Hazırda N.Paşinyanın başçılıq etdiyi “Çıxış” fraksiyası parlamentdə 9, onu dəstəkləyən “Tsarukyan” bloku 31, hakim koalisiyadan çıxan “Daşnaksütyun” fraksiyası isə 7 deputata malikdir.