Paşinyan ordusu ilə savaş DAHA ASAN OLACAQ

Baxış sayı:
3685

Politoloq: “Ermənistan ordusu Paşinyana inanmır”

Ermənistanda növbədənkənar parlament seçkilərində  Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” Partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku qalib oldu. Ermənistanın dövlət sisteminin parlamentli respublika quruluşu olduğunu nəzərə alarsaq, deməli, dövlətdə əsas söz sahibi baş nazir vəzifələrini icra edən Paşinyan sayılır. Bu baxımdan Qarabağ müharibəsi başlayarsa, Azərbaycan ordusu Paşinyanın hərbi ordusu ilə savaşmalı olacaq.
Onu da qeyd edək ki, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə müsahibəsində bildirib ki, ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü və ardıcıl şəkildə pozur və Dağlıq Qarabağ münaqişəsini həll etmək gücünə malik deyil.

Prosesin Azərbaycan üçün faydaları nələrdir?

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, əslində Ermənistan ordusu Paşinyana inanmır. Politoloqun sözlərinə görə, hazırda Azərbaycan üçün müsbət məqamlar çoxdur: “Erməni ordusunun ən çox güvəndiyi şəxs Robert Köçəryan olub. Sonradan isə bir müddət Serj Sərkisyana inandılar. Hazırda isə Ermənistan ordusunun nüfuzlu  hesab etdiyi erməni siyasətçi yoxdur. Faktiki olaraq Paşinyan hakimiyyətə gələndən sonra ordudakı rüşvət faktorlarını tapıb, ictimailəşdirir. Bəlli olur ki, Seyran Ohanyan da, Dağlıq Qarabağda orduya rəhbərlik edən şəxslər də bu və ya digər dərəcədə ordudan oğurluq ediblər. Ona görə də hazırda hərbiçilər arasında heç bir şəxsin ciddi nüfuzu yoxdur. Bu, çox vacib məsələdir və diqqət etməliyik. Müşahidə edirik ki, Paşinyan orduda özü nüfuz qazana bilmədi. Eyni zamanda kimsə ordu qarşısında nüfuz sahibi ola bilərdisə, Paşinyan həmin şəxsləri də sıradan çıxardı. Nəticə də göz qabağındadır. Proseslər siyasi baxımdan da fərqli məcrada davam edir. Paşinyanın hazırda ən böyük gücü onun zəifliyidir. Yəni Qərb Paşinyanı zəif bilərək, hakimiyyətə gətirdi.
Sərkisyanı yola gətirə bilmədilər. Ona 8 milyard dollar investisiya verirdilər ki, Ermənistanın energetikasını Rusiyadan uzaqlaşdırsın. Bilirik ki, Rusiya Ermənistanın iqtisadiyyatında böyük pay sahibidir. Bu payın da əsasında energetika dayanır. Yəni qaz, neft məhsullarının təminatı və digər bu kimi məsələlər Rusiyanın əlindədir. Qərb də pulu verirdi ki, bərpa olunan energetika inkişaf etsin ki, Ermənistan yanacaq energetikasından xilas olsun. Hazırda Nikol Paşinyan açıq şəkildə Amerikanın enerji sahəsində istədiyini verir. Biz gördük ki, seçki ərəfəsində energetika sahəsində islahatların başlanması ilə bağlı qərar qəbul edildi. Bu islahatlar da Amerikanın istədiyi istiqamətdə gedəcək. Bütün bunların fonunda görürük ki, hələ də Rusiyadan kimsə Paşinyanı təbrik etməyib. Qərb hazırda Paşinyanı özünə tərəf çəkməklə məşğuldur. Hazırda hesab edirəm ki, sensasiyalı vəziyyət hökm sürür. Belə ki, Paşinyan KTMT-nin imicini ləkələdi, ancaq Rusiyanın ciddi təzyiqi ilə üzləşmədi. Eləcə də son 2-3 gündə Paşinyan Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Uşakovun da imicinə zərbə vurur. Hesab edirəm ki, bütün bunlara görə hazırda Qərb dövlətləri Ermənistandakı seçkilərin nəticələrini tanıyırlar”.
Politoloq bildirib ki, belə bir məqamda Azərbaycanın da atacağı addımlar var: “Belə bir məqamda Azərbaycan nə etməlidir? İlk olaraq ədalət naminə deyək ki, hazırda Qərbin Azərbaycana olan münasibəti çox müsbətdir. Paşinyanın komandası, məlum olduğu kimi, Qərblə işləyir. Qərbin Ermənistan qarşısında qoyduğu ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir. Merkel Ermənistanda olduğu zaman dedi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin vasitəçiliyini öz üzərinə götürməyə hazırdır. Yəni belə çıxır ki, Merkel ATƏT-n Minsk Qrupuna deyir ki, kənara çəkilin. Hazırda Minsk Qrupundan asılı olan tərəf Ermənistandır. Azərbaycan isə alternativ vasitəçiliyin tərəfdarıdır. Merkel Ermənistan rəhbərliyi ilə söhbətlər aparıb və inanır ki, Dağlıq Qarabağ məsələsində ermənilərin mövqeyini dəyişəcək. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanda olduğu zaman bildirdi ki, sizə xarici təzyiqin azalmasını istəyirsinizsə, Dağlıq Qarabağ məsələsini mümkün qədər tez həll edin. Onun Ermənistanda verdiyi ən vacib mesaj bu idi. Belə çıxır ki, ABŞ, Almaniya, Avropa İttifaqında belə düşünürlər ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe dəyişikliyinə nail olacaqlar. Konkret olaraq belə bir məqamda Azərbaycan Qərbin bizə doğru dəyişən müsbət münasibətini dəyərləndirməliyik.
Nəticədə Qərbə doğru addımlar atmalıyıq. Söhbət təbii ki, Avrointeqrasiyadan getmir. Belə götürəndə bizi heç orada gözləyən də yoxdur. Lakin hazırkı proseslər fonunda imkan verməməliyik ki, vaxtilə Sərkisyanın komandası bizim üçün həssas dönəmdə Avropa ilə aramızda yaratdığı gərginliyi, Paşinyanın komandası təkrarlasın. Ona görə də ilk növbədə Qərblə regional münasibəti müzakirə etməliyik. Hazırda belə hesab edirəm ki, Qərbin də gözlədiyi budur. Regionun gələcəkdə Qərblə əlaqələrinin qurulması məsələsini müzakirə edərsək, o zaman Qərb ilk çıxışı bizə verəcək.
Həm rəsmi kanallarla, həm mətbuat, həm də vətəndaş cəmiyyəti vasitəsilə Qərblə münasibətlərimizi regional kontekstdə yaxınlaşdıra bilərik. Bununla da Qərb bizi regionun lideri kimi tanıyar. Ölkə prezidentinin gördüyü işlər buna əsas yaradır. Yerdə qalır məsələnin ciddi siyasi qüvvələr tərəfindən qəbulu. Düşünürəm ki, Avropa İttifaqı, Qərb bunu qəbul edəcək. Onu da qeyd edim ki, Paşinyanın komandası vaxtilə vətəndaş cəmiyyətində olublar. İndi isə onların Qərbdə reputasiyasında müəyyən qədər qüsur əmələ gəlib. Azərbaycan bu məqamdan da istifadə etməlidir”.