Paşinyan müharibə istəyir, yoxsa... - ERMƏNİ BAŞ NAZİRİN SƏRSƏM BƏYANATININ PƏRDƏARXASI / Təhlil

Baxış sayı:
13396

“Ermənistan “institusional böhran”la üz-üzə qalıb”. Bu sözlərin müəllifi baş nazir Nikol Paşinyandır.

İrəvandakı siyasi araşdırmaçıların fikrincə, bu fikirlərdə həqiqət var. Belə ki, Ermənistan bir dövlət olaraq varlığını isbat etməkdə çətinlik çəkir. Ona görə də, erməni cəmiyyətinin başını qarışdırmaq üçün daim süni şəkildə “Qarabağ bizimdir”, “Tezliklə Qarabağ Ermənistana ilhaq olacaq”, “Ermənistan Gürcüstandakı pay torpaqlarına da (Ahısqa vilayəti nəzərdə tutulur) sahib çıxacaq” və sair eyforik utopiyalar sərgilənir. Digər yandan da dövlət olmanın düzənini strateji baxımdan yorumlayan çevrələr bir qədər aciz durumda olduqlarını gizlətmirlər. İrəvanda dərc olunan həftəlik “Johovurd” qəzetinin son saylarında gedən analitik yazılarda etiraf olunur ki: “Ermənistanın yeni iqtidarı Qərbə meyillilik nümayiş etdirsə də, Rusiya və İrandan üzünü çevirə bilmir. Ona görə də siyasi, ictimai, sosial və iqtisadi resurslarının nizamını itirib. Cəmiyyət bəlirsizlik sindromu ilə üz-üzə qalıb. Xüsusilə ənənəvi partnyorları Rusiya ilə İranın siyasi və iqtisadi təzyiqləri arasında qalan İrəvan müəmmalı dövlət kimi tanınmaqdadır”.

Marginallaşan Cənubi Qafqaz dövləti

2018-ci ilin yazında 20 illik “HƏRBİ XUNTA REJİMİ”nə qarşı çıxan erməni cəmiyyəti ötən bir il ərzində nisbi uğurlara imza atsa da, qlobal səviyyədə naliyyətlərə imza ata bilməyib. Nikol Paşinyanın vədləri demək olar ki, havadan asılı qalıb. Xalqın həyat tərzi daha da ağırlaşıb. Daxili və xarici yatırımlar həyata keçmir. İqtisadi inkişafla bağlı münbit şəraitin olmaması, yeni bazarlara çıxış barəsində verilən vədlər reallığa çevrilə bilmir. Buna görə də, Ermənistanda yenidən hakimiyyət dəyişikliyi ab-havası hökm sürür. İyirmi il hökm sürən hərbi xuntanın bəzi fəsadlarının aradan qaldırılması, korrupsiya və rüşvətxorluğun qismən arxa plana keçməsi heç də xalqın sosial rifahına təsir etməyib. Milli gəlirlərin artımı baxımından fundamental dəyişikliklərə səbəb olmayıb. Qərb dövlətlərinin adından bir il öncə verilən vədlərin çoxu həyata keçməyib. Durumun belə bir həddə çatmasından istifadə etməyə hazırlaşan Robert Köçəryan tərəfdarlarını sərfərbər etməyə başlayıb. O, son günlər bir-birinin ardınca müsahibələr və hətta bəyanatlar verməyə başlayıb. İrəvanda dərc olunan həftəlik “Qolos Armenii” (Ermənistanın səsi) qəzeti bu barədə həyəcan dolu yazılar dərc edir. Qəzetin iddiasına görə, payızda 20-dən artıq partiya vahid blok yaratmaq üçün hazırlıqlar görürlər. Müxalifətin yeni bloku eks prezident Robet Köçəryanın “siyasi ruporu” rolunda çıxış edəcək. Qəzetin iddiasına görə: “Müxalifəti birləşdirən 20 partiya ölkədə yenidən parrlament seçkilərinin keçirilməsinə çalışacaq”. Köçəryan isə müsahibələrinin birində Nikol Paşinyana ehyam vuraraq bunları deyib: “Küçə və meydanlarda populistcəsinə çıxış edərək və xalqın etimadını qazanaraq hakimiyyətə gələnlər heç bir uğura imza ata bilməyiblər. Çünki, regional oyun qaydalarını düzgün hesablaya bilməyiblər. Ona görə də, xalq bu məsələyə aydınlıq gətirməli və seçki yolu ilə onları arxivə gömməyi nümayiş etdirməlidir”. 
O da bəllidir ki, hansı ölkədə tez-tez hakimiyyət dəyişiklikləri baş verirsə, deməli marginallaşan aqibətlə baş-başa qalıbdır. İrəvandakı bəzi analitiklərin fikrincə Nikol Paşinyan vaxt qazanmaq üçün Robert Köçəryan və onun tərəfdarlarını məhkəmə prosesləri ilə başlarını qarışdırmaq taktikasından istifadə etməyə çalışır. Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın atdığı addımlar da bunu isbat edir. Ancaq, o da bəllidir ki, Paşinyanın tərədarları “Qarabağ klanı” adı ilə bilinən keçmiş hərbçilərin bir daha hakimiyyətə gəlməməsi üçün mübarizəyə hazır olduqlarını gizlətmirlər.

Hərbi cani Robert Köçəryan sərgilənən vədləri

1988-1998-ci illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ vilayətində hərbi cinayətlər törətmiş və soyqırım faciərinə rəhbərlik etmiş, Ermənistanda hərbi çevriliş sayəsində 20 illik “HƏRBİ XUNTA REJİMİ”nin lideri Köçəryan ilk dəfədir ki, siyasi bəyanatlar verməklə son dərəcə hakimiyyətə iddialı olduğunu bəyan edib. O, “Past” qəzetinə verdiyi açıqlamasında belə deyib: “İndiki iqtidar davam gətirə bilməyəcək və perspektivi yoxdur. Hakimiyyət məsələsi istənilən an küçələrdə - növbədənkənar parlament seçkilərində həll ediləcək. Hakimiyyət bu cür idarəetmə keyfiyyəti ilə davam gətirə bilməyəcək. Müxalifətin birləşməsi üçün əlverişli zəmin yaranıb. Bu prosesin vacib halqasını təşkil edəcəyəm, lakin mən tək olmayacağam. Bu birləşmə prosesi və tərəfdaşlığın formalaşması payızda başa çatacaq, siyasi mübarizə isə, sistemli və miqyaslı hal alacaq” (mənbə:
https://www.aysor.am/ru/news/2019/07/31/%D0%9F%D0%B0%D1%81%D1%82/1592658).
Politoloq Armen Bağdasaryan isə qeyd edib ki: “Artıq Robert Köçəryanın tərəfdarları ittifaqı” adlı yeni qurum yaradılıb. Bu il may ayının 11-dən etibarən keçmişdə yüksək rəhbər işlərdə çalışmış məmurlar, ictimai-siyasi təşkilatlar, işadamları və ziyalılar onun müdafiəsinə qalxıblar. Onlar Köçəryanın ümumerməni maraqlarını ehtiva edən fəaliyyətlərini qabartmaqla təbliğat aparırlar. Siyasi ambisiyası olduqca yüksək olan və erməni cəmiyyəti üçün xarizmatik lider statusunu qazanmış Köçəryan hakimiyyətə gəlməyə çox iddialıdır”.

İrəvandakı siyasi kluarların qənaətinə görə “Respublika”, “Daşnaksütyun” və digər siyasi partiyalar Köçəryanın hakimiyyətə gəlişi üçün bütün hazırlıqlarını payıza kimi tamamlamağa hazırlaşırlar. Baş nazir Nikol Paşinyanın reytinqinin xeyli dərəcədə aşağı düşməsini gündəmə gətirməklə cəmiyyəti gözlənilən proseslərə kökləmək taktikası ilə hərəkət edirlər (Mənbə:https://newsarmenia.am/news/armenia/protsvetayushchaya-armeniya-poka-ne-obsuzhdala-voprosa-o-prisoedinenii-k-alyansu-storonnikov-kocharya/ və https://ru.1in.am/1258760.html).
Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Mənim Addımım” hərəkatının üzvü və parlamentdə “müdafiə və təhlükəsizlik komissiyası”nın sədri Andranik Köçəryan isə bildirib ki: “Robert Köçəryan cinayət əməllərinə görə yaxında həbsxanaya salınacaq. Bəlkə orada tərəfdarlarını birləşdirə bildi. Onun siyasi iradəsinə tabe olaraq müxalifət adına alyans qurmaq istəyənlər üçün həbsxanada kifayət qədər zaman olacaq. İndi onu müdafiə edənlər ötən 20 illik hakimiyyətlərinə dönüb baxsınlar. Hər bir erməninin utanc tarixidir ötən günlər. Robert Köçərayan ətrafına bəzi siyasiləri, alimləri və digər qrupları toplamaqla bəsit şəkildə reytinqini qaldırmaqla məşğuldur. Ermənistanı tərk edərək başqa dövlətlərdə normal insan kimi yaşamaq istəyənlərin acınacaqlı taleyini kimsə unutmamalıdır. Bütün günahlar ötən 20 illik iqtidarın boynuna düşür” (mənbə: https://www.aravot-ru.am/2019/05/13/304391/).

“Sasna Tser” “HƏRBİ XUNTA REJİMİ”nin ruprou rolunda

Eks prezident Robert Köçəryanın müdafiəsinə qalxan, qondarma “Dağlıq Qarabağ rejimi”nin yaradılması və Qarabağ müharibəsində soyqırımlarda iştirak etmiş, keçmiş döyüşçülərdən təşkil olunan “Sasna Tser” (Xristian Cəngavərləri) radikal milliyyətçi partiyası son bəyanatında bildirib ki: “Robert Köçəryanı lazım gələrsə, canımızla və qanımızla müdafiə edəcəyik. Biz qızmar yay günlərinin və əkin-biçin mövsümünün bitməsini gözləyirik. Payızda liderimiz Robert Köçəryanın müdafiəsinə qalxacağıq. İndiki halda onun ətrafında yaranmış problemlərin siyasi yolla həllini gözləyirik” (mənbə: https://arminfo.info/full_news.php?id=37968&lang=). 
Onu da qeyd edək ki, bu partiyanın əsas liderlərindən olan Armen Bilyan və Smbat Barseqyan dövlət çevrilişinə cəhdə görə həbsdədirlər. Köçəryanın məhkəmə prosesi ilə bağlı etiraz aksiyalarında iştirak edənlərin çoxu bu partiyanın üzvləridir. Onların amalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və ölkənin hərbi xunta qaydaları çərçivəsində idarə olunmasıdır.

Nikol Paşinyanın etirafları

O, son açıqlamalarının birində qeyd edib ki, baş nazir seçildikdən sonra, bir sıra ciddi sənədlərlə tanış olduqda ölkənin istənilən anda “defolt” durumuna düşməsi hər an mümkündür. Çünki, Ermənistan marginal siyasi böhranların içində 29 ildir çabalayır. Türkiyə, İran və Gürcüstanla normal olmayan münasibətlər ucbatından Ermənistan acınacaqlı durumla üz-üzə qalıb. Çünki, ortada Azərbaycanın regional və beynəlxalq qanunla göstərdiyi təsir imkanlarını öz üzərimizdə hiss edirik. Bunun özü sübut edir ki, bizlər institusional böhran həddi çərçivəsində yaşamaq məcburiyyətində qalmışıq. Poseslər 2014-cü ildən sonra daha da dərinləşibdir. Azərbaycana məxsus və Cənubi Qafqazın enerji resurslarının dünya bazarına inteqrasiyanın inkişafı bizim dövlət kimi əl-qolumuzu bağlayır. Ermənistanın xalqdan gizli saxlanılan problemlərin detallarını diqqətlə araşdırdım. Dövlətimiz iflas durumundadır. Ən böyük dərdimiz yarımcan şəkildə iflic olmuş dövlət strukturlarının problemlərini aradan qaldırmaqdır (mənbə: https://newsarmenia.am/news/armenia/armeniya-nakhoditsya-v-institutsionalnom-krizise-pashinyan-rasskazal-o-sekretnom-doklade-video/).
Qeyd edək ki, ötən gün Nikol Paşinyanın Xankəndinə səfər edərək: “Dağlıq Qarabağ Ermənistan torpağıdır” bəyanatını verməsi payızda müxalifdət adı altında gözlənilən qarşıdurmaların qarşısını almağa hesablanıb. Robert Köçəryanın tərəfdarlarını ikiyə bölmək üçün atılan addımlardır. Daim ermənipərəst mövqeyi ilə seçilən “Regnum” İnformasiya agentliyinin son araşdırmalarında etiraf olunur ki: “2018-ci ildə Robert Köçəryan və onun rəhbərlik etdiyi hərbi xunta rejiminin devrilməsi “MİATSUM” (yəni Dağlıq Qarabağla Ermənistanın birləşməsi) ideyasının tamamilə iflasa uğraması 29 illik mübarizənin acınacaqlı sonluqla bitməsir. Beləliklə, Ermənistan və ümumerməni ideyaları tarixin zibilliyinə gömüldü (mənbə: https://regnum.ru/news/polit/2682400.html).

Ənvər Yusifoğlu