Paşinyan müdafiə nazirinin bəyanatını dəstəkləyib

Baxış sayı:
8974

"Müdafiə naziri David Tonoyanın bəyanatı ətrafında hay-küy yaratmaq mənasızdır. Əgər o, başqa cür çıxış etsəydi, mən onu tutduğu vəzifədən azad edərdim", - Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 2-də jurnalistlərlə söhbətində deyib.
 
"Tonoyan deyib ki, əgər müharibə olarsa, biz bu müharibədə qələbəyə can atacağıq. Əgər Müdafiə Nazirliyinin rəhbəri başqa cür düşünərsə, o bu vəzifəni tutmamalıdır. Bu, heç bir halda dinc nizamlanma prosesinə kölgə salmır, əksinə, onun vacibliyini göstərir", - News.am Paşinyandan sitat gətirib.
"Bu bəyanat Nazirlər Kabinetinin rəhbəri ilə razılaşdırılıbmı" sualının cavabında baş nazir deyib: "Müdafiə naziri baş nazirin rəhbəriyi və tabeliyində fəaliyyət göstərir.
Danışıqlar prosesinə toxunan N.Paşinyan deyib: "Dinc danışıqlar prosesi davam etdirilməlidir. Ancaq başa düşmək lazımdır ki, nə qədər ki münaqişə nizamlanmayıb, biz dövlət və xalq olaraq hadisələrin istənilən inkişafına hazır olmalıyıq".
Xatırladaq ki, Ermənistanın müdafiə naziri David Tonoyan bu günlərdə Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüşdə Azərbaycan tərəfdən yeni aqressiya baş verərsə, "sülh müqabilində ərazilər" formulunu "yeni ərazilər uğrunda yeni müharibə" formulu ilə əvəzləməyə hazır olduqlarını bildirib.
Azərbaycan XİN Tonoyanın bəyanatını bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafı adlandırıb.
Bu bəyanat təhrikçi xarakter daşıyır və münaqişənin sülh yolu ilə həllinə və bu xüsusda Minsk Qrupunun həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxır.
Bakı müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin açıqlama verməsini gözləyir. "Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu, nazirin ən azı danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdır?", - Azərbaycan XİN-in şərhində deyilir.