Paşinyan gözləntiləri doğrultmadı - Nikol savaşı tətikləyən addımlar atır

Baxış sayı:
6118

Ordumuzun genişmiqyaslı təlimləri düşməni vahiməyə salıb; Türkiyədə ziyalılar “Azərbaycan ordusu,  Xankəndini vur!” çağırışını etdilər...

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını işğal altındakı Azərbaycan ərazilərində - Xankəndi şəhərində keçirməklə təkcə danışıqlar prosesini pozmağa yönəlik addım atmadı, həm də ölkəsinin işğalçı olduğunu dünyaya nümayiş etdirdi.

Əslində Paşinyan ötən ilin mayında baş nazir seçildikdən bir gün sonra Şuşa şəhərinə gəlməklə sələflərinin kursuna sadiq olacağına işarə vermişdi. Lakin sonrakı bəzi davranışları “müharibə partiyası”nın üzvü olmayan baş nazirin fərqli davranış nümayiş etdirəcəyi barədə ümidlər yaratmağa başlamışdı. Hesab olunurdu ki, N.Paşinyan ən azı Serj Sərkisyanı bitirən aprel dərslərindən - 2016-cı ilin aprel döyüşlərindən nəticə çıxararaq konstruktiv mövqe sərgiləyəcək və problemin sülh yolu ilə nizamlanmasına çalışacaq. Onun Düşənbə görüşündən sonra danışıqların davamına meyllilik nümayiş etdirməsi, həmçinin təmas xəttində ilk dəfə uzunmüddətli sabitliyin yaranmasından dolayı məmnun mövqeyi pozitiv qənaətləri möhkəmləndirirdi. Hətta Azərbaycan rəhbərliyi bir neçə dəfə Ermənistanın hazırkı rəhbərliyinə mesaj verərək, onu əvvəlki cinayətkar rəhbərlərdən fərqləndirməyə çalışırdı. Üstəlik, beynəlxalq səviyyədə də N.Paşinyanın Qarabağ siyasətində yeniliklərə imza atacağı, ən azı ətraf rayonları işğaldan azad olunması istiqamətində siyasi iradə nümayiş etdirəcəyi barədə ümidlər ifadə olunurdu.

Lakin Paşinyan ona bəslənən ümidləri doğrultmadı. Erməni baş nazir hətta çox uzağa gedərək iddia etdi ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon da artıq “Artsaxa birləşdirilib” və onun Qarabağ ermənilərinin “daxili işlərinə” qarışmağa ixtiyarı yoxdur. Bu, açıq-aşkar erməni həyasızlığı olmaqla yanaşı, bölgəni müharibəyə sürükləyən bir mövqedir.

Düzdür, “Qarabağ klanı” Paşinyanı gəldiyi yerə - küçəyə yollamaq üçün fürsət gəzir. Necə ki, R.Köçəryan hətta həbsxanadan bəyanat yayaraq Qarabağla bağlı hər hansı güzəştə imkan verməyəcəyini iddia edir. Həmçinin Xankəndi şəhərində bir həftə ərzində toplantılarını keçirən “Daşnaksütyun” partiyası çox radikal mövqe nümayiş etdirməkdədir. Ölkəsi səfil vəziyyətdə olan, üstəlik, basqılarla üz-üzə qalan Paşinyanın Qarabağla bağlı atacağı addım ona baha başa gələ bilər. O mənada mümkündür ki, Paşinyan kreslosunu möhkəmləndirmək üçün Qarabağ kartından istifadə edir, radikal mövqe sərgiləyir.

Картинки по запросу Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını

Ancaq onun bu radikallıqda çox uzağa getməsi də diqqət çəkir. Yəni Qarabağda böyük cinayətlərə imza atmış Köçəryan-Sərkisyan cütlüyü orada Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməmişdilər, Paşinyansa ilkə imza atmaqla beynəlxalq hüquqa tüpürdü. Üstəlik, yanvar ayında Parisdə xalqların sülhə hazırlanması barədə anlaşmanın üstündən xətt çəkilmiş oldu. Çünki Paşinyanın addımı bu razılaşmanı mümkünsüz edir. Doğrudur, bəzi iddialara görə, N.Paşinyan Qarabağ güzəşti ərəfəsində məsuliyyəti bölüşdürmək istədiyindən Xankəndi separatçıları ilə bir araya gəlib. Ancaq bu, heç cür inandırıcı görünmür. Paşinyan twitterdə ingiliscə “Mən yalnız Azərbaycanın prezidenti ilə deyil, Azərbaycanın xalqı ilə də danışmağa hazıram, çünki Azərbaycan xalqının Ermənistan və Dağlıq Qarabağ xalqları qədər sülhsevər olduğuna əminəm” yazsa da, davranışları bunun əksini deyir.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, erməni baş nazir hiyləgər mövqe sərgiləyib: “Nikol Paşinyanın ”mən Azərbaycan xalqı ilə dialoqa hazıram" açıqlamasının sətiraltı mənası odur ki, İlham Əliyev də oxşar “mən də erməni xalqı ilə dialoqdan imtina etmirəm” desin. Torpaqlar azad olunmadan “xalqları sülhə hazırlamaq” bəndinin sirrini Paşinyanın son açıqlamasında axtarmaq lazımdır. Hiyləgər gedişdir".

Похожее изображение

Rəsmi Bakı N.Paşinyanın son davranışlarına kəskin reaksiyasını verib. “Görünür, hər bir məsələ öz yerini tapır. Ermənistan baş naziri ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirirsə, demək ölkəmizin Dağlıq Qarabağ bölgəsinin ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə də ehtiyac qalmır. ”Qarabağ erməniliyi" fikrini səsləndirən baş nazir söz oyununa son qoyaraq, Dağlıq Qarabağda yaşayan ermənilərin “xalq” yox, erməni icması olduğunu dilə gətirir".

Bunu REAL-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkənin Təhlükəsizlik Şurasının Xankəndidə keçirilən iclasında iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib. Diplomat bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı şəkildə müzakirə obyekti ola bilməz.

Картинки по запросу Politoloq Qabil Hüseynli

Politoloq Qabil Hüseynli publika.az-a bildirib ki, Paşinyanın Xankəndinə səfəri təxribati addımdır: “Çünki buna qədər də İrəvanın Dağlıq Qarabağda Azərbaycanın suverenliyinə qarşı etdiyi bu tip müxtəlif hərəkətlər olub. Guya Dağlıq Qarabağı təmsil edə bilməyəcəyi haqqında cəfəngiyyatlar dilə gətirən, bu qondarma respublikanı təmsil etmək üçün mandat ala bilmədiyini söyləyən bir adam bu gün Ermənistan adlı dövlətin Milli Təhlükəsizlik Şurası toplantısını faktiki olaraq Azərbaycanın ərazisi sayılan şəhərdə keçirir. Bu, başdan-ayağa həm beynəlxalq ictimai rəyə, həm də Azərbaycanın maraqlarına meydan oxumaq deməkdir”.

“Bu hadisə heç bir inzibati əhəmiyyət daşımır, tamamilə siyasi bir addımdır”.

Bu sözləri rus analitik və tarixçi Oleq Kuznetsov Ermənistan Təhlükəsizlik Şurasının iclasının Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərində keçirilməsini axar.az -a şərh edərkən deyib. Politoloqun sözlərinə görə, Paşinyan var gücü ilə özünü təsdiq etməyə, danışıqlar prosesindəki təşəbbüslərini dahi bir yenilik kimi göstərməyə çalışır: “Mən onu Azərbaycan mediasından fərqli olaraq separatçı deyil, məhz işğalçı adlandırıram. İndi biz şahid oluruq ki, Ermənistanın parlament və hökumətdən sonra üçüncü dərəcəli mühüm orqanı olan Təhlükəsizlik Şurasının iclası birdən-birə beynəlxalq təşkilatlar tərəfindən tanınan Ermənistanın sərhədlərindən kənarda - Xankəndidə keçirilir. Bu fakt özü təsdiq edir ki, Xankəndi rejimi müstəqil deyil, buna görə də separatçı ola bilməz. Paşinyan bu rejimə daha yüksək status verməyə çalışdıqca, bu, əks effekt yaradır. Bütün dünyaya nümayiş olunur ki, zəbt olunmuş ərazilərdə formalaşmış ”hökumət" İrəvandan tamamilə asılıdır".

Ekspert deyib ki, Paşinyan vaxtda uduzur və öz mənasız hərəkətləri ilə özünü seytnota salır: “Əgər o, konkret danışsaydı, siyasi və mənəvi planda bəzi uğurlar əldə edə bilərdi. Amma demaqoqluğu ucbatından özünü qeyri-səmimi partnyor kimi göstərib. Və bu, təkcə rəsmi Bakı üçün yox, həm də Minsk Qrupu üçün belədir. Bu, onun ən kobud səhvidir. Çünki beynəlxalq vasitəçilərin səbri tükənmək üzrədir”.

Картинки по запросу Ermənişünas alim Qafar Çaxmaqlı

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistan rəhbərliyinin davranışları işğalçılıq siyasətinə sadiqliyin əlamətidir: “Paşinyanın Xankəndində çıxışı göstərdi ki, o, əvvəlki fikrində israr edir, yəni Qarabağ separatçılarını danışıqlara cəlb etmək siyasətini davam etdirəcək. Bu hiyləgər siyasətini Madrid prinsiplərinə münasibətdə də nümayiş etdirir. Qarabağda toplantı etmək yeni bir erməni hiyləsidir və danışıqlardan qaçmaqdan başqa bir şey deyil”.

Ekspert qeyd etdi ki, Paşinyan məlum erməni ideologiyasının daşıyıcılarından biri kimi bu ölkənin hədəflərinin nə olduğunu ortaya qoymaq üçün addımlarını atmaqdadır: “Bu addımları da erməni toplumu tərəfindən dəstək görməkdədir. Dağlıq Qarabağın Azərbaycana verilməyəcəyi ilə bağlı Təhlükəsizlik Şurasının toplantısının Qarabağda gerçəkləşdirməsi də ona hesablanıb ki, ”bu torpaqları heç zaman Azərbaycana verməyəcəyik, bura Ermənistana məxsusdur". Bu, yalnız Azərbaycana deyil, Qarabağ məsələsini sülh yolu ilə həll etmək istəyində və fəaliyyətdə bulunan bütün dövlətlərə, o cümlədən ATƏT-in Minsk Qrupunda olan həmsədr ölkələrə mesajdır".

Q.Çaxmaqlı hesab edir ki, əslində buna ilk etiraz həmin ölkələrdən gəlməlidir: “Onlardan isə səs çıxmır. Bu duruma Azərbaycanın adekvat tədbirləri olmalıdır, bu da yoxdur. Kim deyirsə ki, Paşinyan burada Qarabağ separatçıları ilə hansısa güzəştli variantları müzakirə etməyə gəlib, kökündən yanılır. Erməni baş nazir bilir ki, bu olaydan sonra Azərbaycan savaşa hazırlaşacaq, çünki danışıqların heç bir nəticə verməyəcəyi göz qabağındadır, o burada müdafiə tədbirlərini müzakirə edəcək. Erməni mətbuatının yazdıqları da bu yöndədir. Siyasi olaraq da Paşinyan gələcəyini düşünür. Fərqli mövqe onun gələcəyini təhlükəyə soxar deyə, o bu cür davranmaq zorundadır. Azərbaycan kiminlə işi olacağını bilməlidir. Paşinyan çox təhlükəli düşməndir. Xankəndində belə bir toplantının keçirilməsi bizim üçün təhqirdir”.

Beləcə, Ermənistanın baş naziri savaşı tətikləyən addımlar atmaqdadır.

Bu arada Türkiyədə yaşayan bir qrup azərbaycanlı ziyalı Paşinyanın təhlükəsizlik şurasının iclasını Xankəndində keçirməsinə qarşı kampaniya başladıb. Ziyalılar yaydıqları bəyanatda Paşinyanın bu addımının Azərbaycan xalqına qarşı təhqir, Xocalı və Qarabağ şəhidlərinin ruhuna sayğısızlıq olduğunu bildiriblər.

“Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirməsi yolverilməzdir, cinayətdir, Azərbaycan xalqına qarşı təhqir, Xocalı və Qarabağ şəhidlərinin ruhuna sayğısızlıqdır! Biz xalq olaraq, Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu bildirir və şanlı Azərbaycan ordusuna ”Azərbaycan ordusu, Xankəndini vur" deyirik!" - bəyanatda qeyd edilib (axar.az).

Artıq Türkiyənin Girəsun Universitetinin professoru, Oksford Universitetinin Sokrat mükafatı laureatı Aygün Attar, yazıçı-şair Elçin Aslangil, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri, yazıçı Aygün Həsənoğlu, landşaftşünas, yazıçı Şəbnəm Karslı və başqa şəxslər sosial şəbəkələrdə “Azərbaycan ordusu, Xankəndini vur!” həştəqi ilə kampaniyaya dəstək veriblər./musavat