​Paşinyan gəldi və Rusiya Qarabağ MÖVQEYİNİ GÖSTƏRDİ

Baxış sayı:
1201

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə, yaxud digər istiqamətdə həll olunması Rusiyanın məhz Ermənistana təsirini itirməsi deməkdir.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olması üçün Rusiya açar fiqurdur:
“Bu ocağı vaxtilə alışdıran SSRİ olub. Hətta bu proseslər başlayanda SSRİ-nin varisi kimi Rusiya bunu bir az da alovlandırıb. Bu gün isə Rusiya bütün MDB məkanında yaranmış münaqişə ocaqlarını söndürməkdə maraqlı olmalıdır. Son vaxtlar həm Abxaziya, Dnestryanı, eyni zamanda, Dağlıq Qarabağ separatçıları ilə Rusiyanın görüş keçirməsi bir daha göstərir ki, Rusiya birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq normalara uyğun olmayan addımlar atır. Dağlıq Qarabağ münaqişəsinin həllində Dağlıq Qarabağ separatçılarının üçüncü tərəf kimi danışıqlara qoşulması məsələsi isə bir müddətdir ki, gündəmdədir”.
Politoloq vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiya separatçılara bu qədər yaxınlaşmalı deyil:
“Axır vaxtlar Gürcüstanda baş verən hadisələr, eyni zamanda, Gürcüstanın Abxaziya ilə bağlı verdiyi bəyanatlar onu göstərir ki, məhz bu iki qurumun da arxasında duran Rusiyadır. Paralel olaraq, məhz Paşinyan hakimiyyətə gəldikdən sonra separatçılar düşünürdü ki, Rusiya onlardan imtina edəcək. Amma Rusiya bunu etmədi. Bu gün Ermənistanı o öz təsir dairəsinə əsasən Dağlıq Qarabağ münaqişəsinin həll olmamasına görə sala bilir. Rusiya Dağlıq Qarabağ kartından istər seçkilərdə, istərsə də digər - iqtisadi, siyasi, hərbi məsələlərdə istifadə edir. Ancaq Azərbaycan da öz mövqeyindən əl çəkən deyil. Rusiyanın addımlarına qarşı biz də öz balanslı siyasətimizi yürüdəcəyik”.