“Paşinyan demokratik görünmək istəsə də, əslində, qatı erməni millətçisidir”

Baxış sayı:
520

“O, parlament seçkilərini keçirməklə seçki ilə özünün legitim hakimiyyətini möhkəmləndirmək məqsədi güdür

“Bu razılaşmaların əldə olunmasını çox vacib hesab edirəm. Əhəmiyyətlidir ki, İlham Əliyevlə əlaqə yaratmaq barədə razılaşdıq, sabah bu barədə ATƏT-in Minsk qrupunun üzvlərinə rəsmi məlumat verəcəyik ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında daimi rabitənin yaradılması haqqında razılaşmışıq”.
Bu fikirləri srağagün Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb.
Onun sözlərinə görə, bunun texniki cəhətdən necə icra ediləcəyi hələlik aydın deyil. Lakin bu, vəziyyətə daha operativ nəzarət etməyə imkan yaradacaq.
Paşinyan qeyd edib ki, yaxın zamanlarda İlham Əliyevlə görüşü gözlənilmir: “Lakin yarım saat ərzində informasiyanın ötürülməsinin mümkün olduğu rabitənin mövcudluğu operativ məsələlərin həllində yardımçı olmalıdır”.
Paşinyan onu da vurğulayıb ki, İlham Əliyev onda normal, müsbət təəssürat doğurub. Onlar normal, “sivil” söhbət ediblər: “O, savadlı insan təəssüratı doğurdu”.
Xatırladaq ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Hətta tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Maraqlıdır ki, müharibə ritorikalı və qızışdırıcı bəyanatlar verən Nikol Paşinyanın Düşənbədə yumşalmasının səbəbi nədir?
N.Paşinyan danışıqlar prosesinə sadiq olduğunu bildirdikdən sonra İlham Əliyevlə ayaqüstü söhbətlə bağlı detallı məlumatlar da açıqlayıb. O, “feysbuk”da canlı yayımda Azərbaycan prezidenti ilə qonşu ölkənin ikitərəfli münasibətlərində üç məqamı müzakirə etdiklərini deyib: “Birinci məqam odur ki, Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın. İkinci məqam Ermənistanın baş naziri və Azərbaycan prezidenti dialoq və danışıqlara sadiq qalacaqları barədə anlaşıblar və hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər. Razılığa gəldiyimiz üçüncü vacib qərar aramızda operativ əlaqənin təşkili ilə bağlı oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq”.
Görəsən, Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini Paşinyan həqiqətən dərk edib, yoxsa Paşinyana parlament seçkilərini keçirməsi üçün zaman lazımdır?
Paşinyan “atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olması çox mühümdür. Bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi. Açığını deyim ki, onunla razılığa gəldiyimiz üçün şadam”- deyirsə, deməli, erməni baş nazirə atəşkəs rejimini qoruyub saxlamaq parlament seçkilərini keçirmək və öz komandasının seçkilərdə qələbə qazanmasını təmin etmək üçün lazımdır. Çünki başqa halda “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” deyən Paşinyanın 3-4 gün sonra fikrini tam dəyişməsi mümkünsüzdür. Və yaxud Rusiya prezidenti Vladimir Putinin Düşənbə sammitindən öncə Bakıya səfəri Paşinyana ciddi təsir edib. Çünki İlham Əliyevlə Nikol Paşinyan arasında ilk təmas bu ilin iyun ayında Moskvada futbol üzrə Dünya Çempionatının açılış mərasimi zamanı baş tutsa da, bu təmas vaxtı Azərbaycan və Ermənistan rəhbərlərinin normal danışmaq imkanları olmamışdı. Amma məhz Putinin Bakıya səfərindən sonra Düşənbədə MDB Sammiti çərçivəsində İlham Əliyevin Nikol Paşinyanla ayaqüstü də olsa danışmasına şərait yaradılması təsadüfi deyil. Çünki Paşinyan arası kəsilmədən Azərbaycanı müharibəyə sürükləyən qızışdırıcı bəyanatlar verirdi. Hətta Ermənistan parlamenti rəsmi olaraq Azərbaycana müharibə də elan etdi. Bütün bunlardan sonra erməni baş nazirin “sülhə meylli” olması açığı təəccüb doğurur. Görəsən, bu, taktiki gedişdir, yoxsa necə?
Düşənbə Sammitindən çəkilən kadrlarda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-formal ünsiyyəti barədə çox maraqlı detal yayılıb. Belə ki, sammitin keçirildiyi beşmərtəbəli binada prezidentlər yuxarı qalxmaq üçün liftdən istifadə edərkən Azərbaycan prezidenti ilə Ermənistanın baş nazir eyni liftdə olub. “Rossiya 1” telekanalının çəkiliş qrupu İlham Əliyevlə Nikol Paşinyanın liftdən birlikdə çıxdıqlarını əks etdirən kadrları nümayiş etdirib və bunu “sensasion kadrlar” adlandırıb. Kadrlara əsasən İlham Əliyevlə Nikol Paşinyanla birlikdə MDB-nin icraçı katibi Sergey Lebedev də həmin liftdə olub. Əliyevlə Paşinyanın liftdən çıxarkən gərgin olduqları, amma söhbətləşməkdə davam etdikləri görünür.
İlham Əliyev və Nikol Paşinyanla birlikdə MDB-nin icraçı katibi Sergey Lebedevin həmin liftdə olması isə onu deməyə əsas verir ki, Düşənbə Sammitində İlham Əliyev və Nikol Paşinyanın ayaqüstü də olsa danışmalarına xüsusi şərait yaradılıb.
Əslində, Azərbaycan prezidenti və Ermənistanın baş naziri eyni liftdə getməsi özü də ciddi bir hadisədir. İki düşmən ölkənin rəhbərlərini  S. Lebedevin tək buraxmaması isə təsadüfi deyil. Görünür ki, Düşənbə Sammiti zamanı qeyri-rəsmi danışıqlar bundan sonrakı rəsmi danışıqların əsasını qoyub.

“Paşinyan anladı ki, Dağlıq Qarabağ oyuncaq rejimini tərəf kimi qəbul etdirə bilməyəcək”

Ermənistanın  baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə əlaqə yaratmaq barədə razılaşması ilə bağlı “Hürriyyət”ə danışan keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Paşinyan hərdəmxəyal bir adamdır: “Əvvəl istədi ki, Azərbaycana müəyyən psixoloji təzyiqlər göstərsin. Bunun alınmadığını görəndə manevr etdi və başa düşdü ki, Dağlıq Qarabağ oyuncaq rejimini tərəf kimi qəbul etdirə bilməyəcək. Həm də yəqin ki, Rusiyanın ciddi təzyiqləri altında danışıqlar prosesinin bərpa edilməsini və danışıqların Azərbaycan və Ermənistan səviyyəsində aparılmasını birmənalı qayda qəbul etdiyini bəyan etdi”.

“Onunla bağlı fikir söyləmək asan deyil”

“Paşinyanın bu jestini danışıqlar masasında davam etdirə bilərmi” sualına Q. Hüseynli belə cavab verdi: “Bunu söyləmək çətindir. Məncə, hər şey Rusiyanın Ermənistana göstərəcəyi təzyiqdən asılıdır. Tərs bir adam kimi Paşinyanı proqnozlaşdırmaq o qədər də asan deyil. Amma onun manevrləri, hərəkətlərinin çoxu erməni ictimaiyyətindəki populyarlığını qoruyub saxlamaq və gələcəkdə parlament seçkilərini udub, Ermənsitanda bütün hakimiyyət strukturlarını həm legitimləşdirmək, həm də özünə tabe etdirmək məqsədi daşıyır. Paşinyan demokratik görünmək üçün müəyyən addımlar atsa da, əslində, qatı erməni millətçisidir. Ona görə də onunla bağlı fikir söyləmək o qədər də asan deyil. Üstəlik, Rusiyanın da bölgədə öz nəzarətini saxlamaq üçün etdiyi siyasi manevrləri də unutmaq olmaz”.

Əvvəl Paşinyan başqa hava çalırdı

Q. Hüseynli vurğuladı ki, Paşinyan Azərbaycan tərəfinin qətiyyəti qarşısında geri çəkildi: “Üstəlik də Paşinyan gördü ki, Rusiya daha Azərbaycana tərəf meyllənir. Sonda bu meyllənmə Ermənistan-Rusiya münasibətlərinin korlanmasına gətirib çıxara bilər. Yəqin ki, ona həm də Kremldən müəyyən məsələləri diktə etdikdən sonra belə bir fikrə gəldi. Əvvəl Paşinyan başqa “hava çalırdı”. Əvvəl Dağlıq Qarbağı tərəf kimi göstərib, danışıqların onlarla aparılmasını istəyirdi. İndi tüpürdüyünü yaladı. Eyni zamanda Minsk formatını qəbul etdiyini bildirdi. Danışıqlar stolu ətrafında onsuz da əyləşməliydi. Onun tutduğu vəzifəsi bunu diktə edir. Amma danışıqlar stolu ətrafında konstruktivlik, yoxsa qeyri-konstruktivlik nümayiş etdirəcək, onu söyləmək o qədər də asan deyil”.

“Hər şey Ermənistandakı parlament seçkilərinə yönəlib”

Politoloqun sözlərinə görə, hər şey Ermənistandakı parlament seçkilərinə yönəlib: “O cəhbədə sakitliyi təmin edib, atəşkəs rejimin bərpa etməklə bütün diqqətini Ermənistandakı parlament seçkilərinə çevirmək istəyir. Həm də parlament seçkilərini əvvəl əgər mart ayına təyin etmişdilərsə, indi parlament seçkiləri keçirmək istəyir. O, parlament seçkilərini keçirməklə seçki ilə özünün legitim hakimiyyətini möhkəmləndirmək məqsədi güdür”.

Şamo EMİN