​Paşinyan “cib parlamenti” seçir: Erməni nəşr yeni hakimiyyəti İFŞA ETDİ

Baxış sayı:
4345

“Nikol Paşinyan ona tabe olan “cib parlamenti”ni seçməyə hazırlaşır, eynilə İrəvan Ağsaqqallar Şurasındakı kimi. Şurada müxalifət o qədər dəyərsizdir ki, heç komissiyalardakı postlara da iddia edə bilmir. Yeni parlament də bunun bir qədər geniş nümunəsi olacaq”.
Bu barədə “Ermənistanın səsi” nəşri yazıb.
Nəşr qeyd edir ki, parlament baş naziri seçə bilmədi və növbədənkənar seçkilərə getdi: “Yeni hakimiyyət buna şantaj yolu ilə nail oldu. Paşinyan opponentlərini camaatın divanı ilə hədələyərək, bir neçə dəfə parlamentdə istədiyinə nail oldu. Artıq bu acı təcrübə formalaşıb. O, siyasi opponentlərinə dialoq imkanı tanımadan hakimiyyətə gəldi. 1 mayda bildirdi ki, xalqın namizədi seçilməyənə qədər sağlam dialoq variantı yoxdur. Paşinyan bəyan etdi ki, onun əlifbasında nifrətə yer yoxdur, kim ona səs verəcəksə, həmin adamın adı Ermənistan tarixində qızıl hərflərlə yazılacaq, lakin ona qarşı səs verənlərin necə olacağı haqqında danışmadı. Həmin vaxtdan bu məsələ havadan asılı qalır. Paşinyana qarşı çıxanlar həm real həyatda, həm də virtual aləmdə dözülməz atmosferi his etdilər. Respublika Partiyasının üzvləri, xüsusilə qadınlar çətin ki, virtual aləmdə onlara qarşı edilən təhqirləri unudacaqlar. Yeni hakimiyyətə qarşı çıxanlar real və virtual aləmdə “sevgi” ilə təhqir olundular, hətta onların ailələri və uşaqlarına da rəhm edilmədi. Paşinyan hakimiyyətə gələndən indiyə qədər yalnız opponentlərini susdurmaq və parlamenti buraxmaqla məşğul olub, hərçənd, xalq verdiyi vədlərin heç birinə əməl etmədi”.
Nəşr xatırladır ki, Paşinyan 8 mayda parlamentdə çıxış edərkən hər şeydən əvvəl iqtisadi siyasətdə dəyişikliklərin ediləcəyi sözünü verdi.
“Lakin ortada statistika iqtisadiyyatından başqa heç nə yoxdur. O, üç prioritet istiqamət müəyyən etdi: İnformasiya texnologiyası, turizm və kənd təsərrüfatı. Kənd təsərrüfatında son aylar ciddi geriləmə müşahidə olunur. Paşinyan bəyan etmişdi ki, qarşıdakı bir il ərzində verdiyi vədlər yerinə yetiriləcək, eləcə də növbədənkənar seçkilərin keçirilməsi üçün lazımi baza yaradılacaq. Onun bir il göstərdiyi müddət 2019-cu ilin iyununda başa çatır, lakin seçkilər dekabrda keçiriləcək. Bu ona hesablanıb ki, Paşinyan verdiyi vədlərin həyata keçirilməsi üçün istədiyi müddət hələ başa çatmayıb və heç kim dekabr seçkisində buna görə onu ittiham edə bilməz”, - deyə nəşr vurğulayır.
Məqalədə Paşinyanın demokratiya donu geyinmiş diktatura yaratdığı bildirilir.