Paşinyan artisti necə mer etdi? - SAXTA SEÇKİ

Baxış sayı:
6526

“Ermənistan bu seçkilərlə 90-cı illərə geri qayıtdı”.
Sentyabrın 23-də Ermənistanda İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə küçədən siyasətə transfer edilən Nikol Paşinyanın siyasi ambisiyalarının təmin edilməsi üçün baş verən saxtakarlıqlar erməni politoloq Aleksandr İskəndaryanı haqlı çıxarır.

“Mənim addımım” seçki bloku seçicilərin 81,06 faizinin səsini toplayaraq qalib gəldi və blokun namizədi, komediya aktyoru Ayk Marutyan mer seçildi. Rəsmi məlumata görə, seçkilərdə kütləvi qanun pozuntuları qeydə alınıb. Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti ötən gün saat 13:00-dək 132 siqnalın daxil olduğunu açıqlayıb. Bu rəsmi açıqlanan məlumatdır, hərçənd, seçkiləri nəticələri də hər şeyi aydın şəkildə ifadə edir.

Belə ki, İrəvan meri postu uğrunda 12 partiya və blok mübarizə aparıb. Və nə qədər məntiqsizdir ki, 12 partiya və blokun mübarizə apardığı seçkini baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku 81,06 faiz səslə qalib gəlir. Səslərin 6,95 faizini isə milyonçu Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası qazanıb. Yerdə qalan partiya və blokların hər birinə isə 1 və daha az faiz səs düşür.

Erməni politoloq İskəndaryan da qeyd edir ki, demokratik sistemlərdə namizədlər arasında bu qədər faiz fərqi olmur: “Yalnız qeyri-demokratik sistemlərdə bu mümkündür. İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdəki səs faizlərinin fərqi bunu əyani şəkildə göstərdi. Ermənistan bu seçkilərlə 90-cı illərə geri qayıtdı. Paşinyan seçkinin nəticələrini dəyişdirmək üçün, cəmiyyətdəki eyforiyadan istifadə etdi. Əslində seçkiyə “Mənim addımım” bloku adı altında getməklə “Vətəndaş müqaviləsi” partiyasını gizlətdilər və Paşinyan amilini ortaya atdılar. Yəni insanlar Marutyana yox, Paşinyana səs verdilər. Heç bir demokratik sistemdə belə vəziyyət yaşanmır”.

Ermənistanda faktiki olaraq demokratiya pərdəsinə bürünmüş diktatura yaradılır. Paşinyan üçün İrəvan seçkilərini qalib gəlmək daxili siyasətdə həyati əhəmiyyət daşıyırdı. Çünki İrəvanın meri postu Ermənistan daxilində siyasi tərəzinin gözünə ağırlıq verən amillərdəndir. Növbədənkənar parlament seçkilərinə hazırlaşan Paşinyan bununla “qalibliyyətinin ilk pilləsinə” çıxmış oldu.

Onun artist namizədinin 80 faizdən çox səs alması da əslində daxili rəqiblərə hesablanmış mesaj idi. Yəni “Mən parlament seçkisində də bu qədər səs toplayacam”. Digər tərəfdən, bu rəqəm gələn il keçiriləcək növbədənkənar parlament seçkisini saxtalaşdırmaq üçün alt baza rolunu oynayacaq. Məhz buna görə də Paşinyan bütün qüvvələri səfərbər edərək, bu “demokratik nəticəyə” nail oldu. Lakin o, bununla həm də əsil “demokratik siması”nı ortaya çıxartdı.