Paşayevadan Miyatoviçə: Nə vaxta qədər səssiz qalacaqsınız?

Baxış sayı:
3457

Azərbaycanlı iki məcburi köçkün - Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Bu mülki şəxslər Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən girov götürülüblər. Artıq neçə vaxtdır Azərbaycan hökuməti "hamı hamıya" prinsipi əsasında hər iki tərəfin saxladığı şəxslərin dərhal azad edilməsi çağırışını edib. Təəssüf ki, hətta bütün insan haqlarına hörmət edəcəyini iddia edən indiki Ermənistan rəhbərliyi Azərbaycanın bu mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir. Nə vaxta qədər Avropa Şurasının müvafiq qurumları Azərbaycanın bu iki mülki şəxsinin taleyi ilə bağlı səssiz qalacaq?
Muxalifet.az xəbər verir ki, bu sualı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qrup adından Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçə verib.
Dunya Miyatoviç Avropa Şurasının bu işlə məşğul olduğunu, hər iki ölkənin hakim dairələri və vasitəçilər ilə əlaqə saxladıqlarını bildirib. “İki ölkənin prezidentlərinin görüşündən sonra vəziyyət yaxşıya doğru inkişaf edir. Buna sevinirik. İnsanları sülhə hazırlayırlar. Bu, o deməkdir ki, insan hüquqlarına riayət olunmalıdır. Mən çox istərdim bu şəxslərin azad olmasında iştirak edim. Mən bütün bu prosesləri izləyəcəyəm. Liderlər əmin olmalıdır ki, onların sülhə hazırlığı müəyyən nəticələr verməlidir”, - deyə o bildirib.