"Parlament seçkiləri də saxtalaşdırılsa, ölkədə inqilab qaçılmaz olacaq” – ADP SƏDRİ

Baxış sayı:
7759

"Əgər hadisələr belə gedəcəksə, o zaman Milli Məclisin yeni tərkibində real müxalifət təmsil olunmayacaq"
 
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 15 saylı Yasamal I seçki dairəsindən millət vəkilliyinə namizəd Sərdar Cəlaloğlu ilə müsahibəmizdə rəhbərlik etdiyi siyasi təşkilatın növbədənkənar parlament seçkilərinə hazırlıq səviyyəsi, təbliğat-təşviqat kampaniyasının gedişi, parlamentin köhnə heyətinin yenidən seçkilərə qatılması və digər mühüm mövzularla bağlı söhbətləşdik.
 

"Əsas məqsədimiz hər bir seçicinin qapısına getmək və onu seçkiyə gətirməkdir"
 
- Sərdar bəy, 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində nə kimi işlər görülüb?

 
- Artıq hər bir üzvümüz üçün seçki portreti, eyni zamanda, mənzillərə paylamaq məqsədiylə bukletlər hazırlanır. Qeyd edim ki, ADP olaraq bu seçkilərdə ev-ev gəzib seçicilərlə görüşə, hər bir vətəndaşa namizədimizin tanıdılmasına üstünlük verəcəyik. Çünki böyük toplantılar keçirmək o qədər də önəmli deyil. Seçkilərdə əsas məqsədimiz hər bir seçicinin qapısına getmək və onu seçkiyə gətirməkdir. Bunun üçün üzvlərimizə, tərəfdarlarımıza və seçki qərargahımıza tapşırmışıq ki, mümkün qədər seçicilərin hər biri ilə təmasda olsunlar, seçkilərin əhəmiyyətini izah etsinlər, o cümlədən namizədləri təbliğ etsinlər. Nəzərinizə çatdırım ki, Azərbaycan Demokrat Partiyası olaraq namizədlərimizin hamısı üçün ümumi bir proqram hazırlamışıq. Çünki adamlar elə başa düşürlər ki, seçdikləri deputat yalnız həmin dairənin problemləri ilə məşğul olacaq. Yəni deputatın bələdiyyə və icra hakimiyyəti ilə fərqini bilmirlər. Halbuki deputatlar ayrı-ayrı dairələrdən seçilsə də, onlar ümumrespublika qərarları qəbul edirlər. Bu səbəbdən də namizədlərimiz üçün ümumi platforma hazırlamışıq. Yəni Azərbaycan Demokrat Partiyasından kim parlamentdə təmsil olunsa, həmin vahid proqramın həyata keçirilməsi üçün çalışacaq.
 
"Arif Hacılının mənimlə eyni dairədən namizədliyini irəli sürməsi müəyyən bir konyuktur addımdır"
 
- Müsavat Partiyasının başqanı Arif Hacılının sizinlə eyni dairədən namizədliyini irəli sürməsi nəyə xidmət edir? Bunu hardansa və ya kimlərsə tərəfindən gələn sifariş hesab etmək olarmı?
 
- Əslində, bu, çoxtərəfli məsələdir. Yəni bunun etik, hüquqi və siyasi tərəfi var. Hüquqi tərəfi budur ki, hər bir Azərbaycan vətəndaşı kimi Arif Hacılının da istənilən seçki dairəsindən öz namizədliyini irəli sürmək hüququ var. Yəni hüquqi nöqteyi-nəzərdən heç kin ona deyə bilməz ki, sən, nədən 15 saylı Yasamal I seçki dairəsindən namizədliyini irəli sürmüşən. Məsələnin siyasi tərəfi odur ki, Arif Hacılı bir partiya sədridir. Lakin bununla belə, müxalifətin özü-özünə alternativ olması bir qədər anlaşılan deyil. Məsələnin etik tərəfinə gəlincə, qeyd etməliyəm ki, biz qabaqcadan Arif bəylə zəngləşib bu barədə danışmışdıq. Bildirmişdik ki, namizədlərimizin bir-birinə alternativ olmasına yol verməyək, bir-birimizə kömək edək. Bunsan sonra biz cəmiyyətə belə bir informasiya verdik ki, müxalifət namizədlərin irəli sürülməsi məsələsində razılaşacaq. Ancaq sonda nəticədə göründü ki, bu məsələ tamamilə aradan qalxdı. Yəni yalan vəd verildi. Arif Hacılının məhz həmin dairəni seçməsinə gəlincə, açığı deyim ki, onun həmin dairədən zərurətə görə namizədliyini irəli sürməsinin heç bir şərti yoxdur. Belə bir zərurət olmayıb. Bildiyiniz kimi, bundan əvvəl sözügedən dairədən Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər namizədliyini irəli sürüb və seçkilərdə məğlub olub. Yəni böyük bir elektoratı olmayıb. Bundan başqa, 15 saylı Yasamal I seçki dairəsində Müsavat Partiyasının qeyri-adi dərəcədə güclü bir təşkilatı yoxdur ki, Arif Hacılı da bunu nəzərə alıb həmin dairədən namizədliyini irəli sürsün. Və yaxud da Arif bəyin orada hər hansı bir üstünlüyünü müəyyən edən heç bir kriteriya yoxdur. Etiraf etmək lazımdır ki, o, öz kəndlərindən namizədliyini verdiyində hər zaman seçkidə qələbə qazanıb. Belə ki, Arif bəy seçkilərdə ən çox səs toplayan adamlardan biri olub. Hesab edirəm ki, Arif Hacılının həmişə qalib gəldiyi, yaxşı tanıdığı seçiciləri və onların etimadını qazandığı dairəni bir kənara qoyub, tanımadığı, yetərli elektoratın olmadığı dairədən namizədliyini irəli sürməsinin iki səbəbi var. Birincisi, ola bilsin ki, Müsavat Partiyası növbədənkənar parlament seçkilərinə çox da ciddi yanaşmır, formal olaraq öz namizədini irəli sürüb və müəyyən bir mərhələdən sonra geri çəkilərək, camaatı mənim namizədliyimi müdafiə etməyə çağıracaq. Ancaq bu, az inandırıcı görsənir. İkincisi isə Arif Hacılının mənimlə eyni dairədən namizədliyini irəli sürməsi müəyyən bir konyuktur addımdır. Fərqi yoxdur, bu, Müsavatın və ya bir başqasının konyuktur addımı ola bilər. Hər halda məşhur atalar sözündə də deyildiyi kimi, mal gedər bir yerə, güman gedər min yerə. Faktiki olaraq, biz "Arif Hacılının həmin dairədən namizədliyini verməsinin arxasında nə durur", "Nəyə görə məhz həmin dairəni seçib" sullarına cavab tapmağa, bunu izah etməyə çalışsaq da, çox təəssüf ki, heç bir ciddi səbəb tapa bilmirik.
 
"Azərbaycanda seçkilərin anti-demokratik keçirilməsinin əsas əlamətlərindən biri ayrı-ayrı namizədlərin seçiciləri maddi cəhətdən maraqlandırmasıdır"
 
- Azərbaycan Demokrat Partiyasının qeydə alınmış namizədlərindən biri də "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədovdur. O, 23 il ərzində "Hürriyyət" qəzetində iztirablı, təhlükəli, həmçinin şərəfli yol keçib və bu illər ərzində xalqa, millətə və dövlətə, o cümlədən Nizami rayon sakinlərinə təmənnasız xidmət edib. Necə düşünürsünüz, 25 saylı Nizami ikinci seçki dairəsinin seçiciləri fevralın 9-da "Hürriyyət"in təmannasız xidmətini layiqincə dəyərləndirəcəklərmi?
 
- Əvvəla, onu deyim ki, bu gün Azərbaycanda seçkilərin anti-demokratik keçirilməsinin əsas əlamətlərindən biri ayrı-ayrı namizədlərin seçiciləri maddi cəhətdən maraqlandırmasıdır. Bura yolun çəkilməsi, binaların təmir və bərpası, hətta seçicilərə pul paylanması və s. məsələlər daxildir. Sözsüz ki, bütün bunlar çox ziyanlı məsələlərdir və seçkilərin demokratikliyini ciddi şəkildə kölgə altına salır. Çox təəssüf, reallıq budur ki, ayrı-ayrı namizədlər bu cür addımlar atır. Vətəndaşlarımız da elə ağır sosial-iqtisadi vəziyyətdədir ki, səsini də satmağa hazırdır. Təbii ki, bu, çox yanlışdır.
 
"Azərbaycanda durğunluq tərəfdarı olan müəyyən bir klanın nümayəndələri faktiki olaraq ölkədə status-kvonun dəyişilməsində maraqlı deyillər"

 
- Sərdar bəy, Milli Məclisin köhnə heyətinin yenidən növbədənkənar parlament seçkilərinə qatılması nə dərəcədə doğrudur?
 
- Düzdür, həmin deputatların səsverməsi nəticəsində Milli Məclis buraxıldı. Bununla yanaşı, parlamentin 30 illik fəaliyyəti göstərib ki, uzun müddət Milli Məclisdə təmsil olunan adamlar xalq, millət üçün demək olar ki, heç bir ciddi iş görməyiblər. Bu halda, onların yenidən öz namizədliyini irəli sürülməsi zamanı istər-istəməz sual yaranır: Həmin deputatların növbədənkənar parlament seçkilərinə qatılmasında hansı şərt var? Onları bu addıma nə məcbur edir? Bununla da görünür ki, Azərbaycanda durğunluq tərəfdarı olan müəyyən bir klanın nümayəndələri faktiki olaraq ölkədə status-kvonun dəyişilməsində maraqlı deyillər. Bu səbəbdən də onlar mövcud status-kvonun saxlanılmasına çalışırlar. Bu da Azərbaycanın daha 5 il böhrana doğru sürüklənməsinə gətirib çıxaracaq.
 
- Sizcə, təbliğat-təşviqat kampaniyası üçün ayrılan müddət qısa deyilmi?
 
- Təbii ki, çox qısadır. Qeyd edim ki, biz ardıcıl olaraq 5 ildir bu işi aparırıq. Yəni elə bilmirəm ki, təbliğat-təşviqat kampaniyası üçün ayrılan 20 gün əsas gün sayıla bilər. Amma faktiki olaraq, bəzi texniki işlər var ki, onları ayrılan müddətə sığışdırmaq mümkün deyil. Bu baxımdan, həqiqətən də müəyyən çətinliklər var. Lakin ekstrimal vəziyyətlər üçün əlimizdən gələni edirik.
 
"Demokratik seçki şəraitində Azərbaycanın istənilən dairəsində istənilən adamı uda bilərəm"
 

- Bugünlərdə sizinlə bağlı mətbuatda təxribat xarakterli məlumat yayıldı. Burada məqsəd nə idi? Seçkilərə qatılmağınız və qələbə qazanmağınız üçün yetərincə şansınızın olması bu məsələdə hər hansı şəkildə rol oynayırmı?
 
- Əslində, mənə qarşı atılan addım açıq-aşkar şəkildə cinayət xarakterli bir hərəkətdir, seçkiyə qanunazidd bir formada müdaxilədir. Düşünürəm ki, bu, mənə qarşı aparılan piarın bir tərkib hissəsidir. Konservativ qüvvələr var ki, ənənəvi olaraq mənim parlamentə düşməyimə heç cür razılıq vermirlər. Hesab edirəm ki, son olay da onların əməllərinin nəticəsi, mənə mane olmaq üçün edilən bir hərəkətdir. Lakin bunun heç bir nəticəsi olmayacaq. Çünki seçicilər bu cür şeylərə bir o qədər də qiymət vermirlər. Yəni obyektiv seçicinin öz kriteriyası var.
 
- Millət vəkili seçilmək şansınızın nə qədərdir?

 
- 100 faiz qələbə qazanmaq şansım var. Mən demokratik seçki şəraitində Azərbaycanın istənilən dairəsində istənilən adamı uda bilərəm. Çünki ötən il keçirilən növbədənkənar prezident seçkilərində bütün respublika üzrə demək olar ki, ikinci yerə çıxdım. Hakimiyyətdə olan partiyanın bu qədər resursu olduğu halda mən ikinci yerə çıxmışamsa, bu, onu göstərir ki, hakimiyyət resursu olmayan istənilən dairədə qalib gələcəm. Odur ki, mənim növbədənkənar parlament seçkilərində qələbəmi şübhə altına sala biləcək heç bir əsas yoxdur.
 
- Bu yaxınlarda belə bir iddia irəli sürülüb ki, yeni parlamentdə keçici olacaq, bir müddət sonra buraxılacaq. Bundan sonra isə yeni referendum olacaq və proporsional seçki sistemi bərpa olunacaq. Hətta ikinci hakim partiyanın yaradılacağı da həmin iddialarda öz əksini tapıb. Sizcə, bu barədə deyilənlər nə dərəcədə realdır?

 
- Mənə elə gəlir ki, bu cür iddiaların heç bir əsası yoxdur. Ola bilər ki, növbədənkənar parlament seçkiləri olsun, amma yeni hakim partiyanın yaranmasının heç bir əsası yoxdur. Bunları şayiə hesab edirəm və vətəndaşların bu seçkiyə maraqlarının azaldılmasına yönəlik addım kimi dəyərləndirirəm. Düşünürəm ki, burada məqsəd diqqəti qarşıdan gələn seçkidən yayındırmaq və əhalinin seçkilərə daha ciddi şəkildə qoşulmasının qarşısını almaqdır.
 
"Hazırda ölkədə prezidentin iradəsinə zidd mövqe qoyan qüvvələr kifayət qədər çoxdur və onlar Azərbaycanı inqilaba sürükləyir"
 
- Sərdar bəy, fevralın 9-da baş tutacaq növbədənkənar parlament seçkilərinin nəticəsində 125 nəfərlik yerdən təxminən, neçəsi müxalifətin ixtiyarında olacaq?
 
- Açığı, əgər hadisələr belə gedəcəksə, o zaman Milli Məclisin yeni tərkibində real müxalifət təmsil olunmayacaq. Çünki hazırda yaşanan olaylar, gedən proseslər heç də arzuolunan nəticələr vəd etmir.
 
- Əgər Azərbaycan Demokrat Partiyası seçkinin rəsmi nəticələri ilə razılaşmasa, hansı addımı atmağı düşünürsünüz? Məsələn, Avropa Şurasına şikayət oluna bilərmi?
 
- Ümid edirik ki, heç olmasa bir dəfə Azərbaycanda prezidentin vəd etdiyi kimi normal seçkilər keçiriləcək. Və keçirilməlidir. Çünki Azərbaycanın növbəti saxta seçkiyə enerjisi qalmayıb. Əgər seçkilər demokratik keçirilərsə, prezidentin dediyi kimi, xalqın iradəsini ifadə edərsə, onda bu, həm iqtidarın, həm millətin, həm də müxalifətin xeyrinə olacaq. Lakin növbədənkənar parlament seçkiləri də əvvəlkilər kimi keçiriləcəksə, onda artıq Azərbaycan inqilabdan sığortala oluna bilməyəcək! Avropa Şurasına gəlincə, indidən bu barədə konkret nəsə demək tezdir.
 
- Bu seçkilərin əvvəlkilər kimi keçirilmə ehtimalı nə qədərdir?
 
- Düşünürəm ki, 50-nin 50-yədir. Çünki islahatçılar ölkədə bir dəyişilmələr istəsələr də, görünən odur ki, köhnə, konservativ qüvvələr Azərbaycanda dəyişilmələrin qarşısını mümkün qədər kəsməyə cəhd edirlər. Əslində, seçki bataqlığının yaradılması da buna xidmət edir. Fikir verin, elə dairə var ki, orada 18-20 nəfər namizəd qeydə alınıb. Bunun özü ölkədə bir seçki bataqlığının yaradıldığını göstərir. Hansıki, anti-demokratik seçkilərin əsas göstəricilərindən biri də namizədlərin bu cür ifrat çoxluğudur. Burada əsas məqsəd real, şanslı namizədin digərlərinin arasında itməsini təmin etməkdir. İkincisi, bəzi dairələrdə açıq şəkildə namizədlərin namizədliklərini geri götürmələrini tələb edirlər. Bunlar da onu göstərir ki, növbədənkənar parlament seçkilərinin demokratik, ideal keçiriləcəyini gözləyə bilməyəcəyik. Əslində, bütün bunlar onu göstərir ki, hazırda ölkədə prezidentin iradəsinə zidd mövqe qoyan üüvvələr kifayət qədər çoxdur. Və onlar da növbədənkənar parlament seçkilərinin demokratik keçirilməsinə imkan verməmək üçün əllərindən gələni edirlər. Köhnə parlamentin böyük tərkibinin yenidən namizədliyini irəli sürməsi də məhz bununla bağlıdır. Bildiyiniz kimi, köhnə parlament konservativ qüvvələrin, klanların təmsilçiləridir. Bu gün onlar yenidən eyni qaydada kütləvi şəkilə öz namizədliklərini irəli sürürlər. Mətbuatdan da gördüyünüz kimi, hətta bəzi dairələrdə onları qovurlar. Amma yenə də bu adamlar seçkilərin saxta keçirilməsinə, seçkilərin nəticələrinin təhrif edilməsinə, pul və təzyiqlərə arxalanaraq, seçicilərə ələ alacaqlarına ümid edirlər. Bu da onu göstərir ki, konservativ qüvvələr Azərbaycanı inqilaba sürükləyir. Çünki seçkilər saxtalaşdırıldıqdan sonra inqilab tərfdarlarına necə deyə bilərik ki, yox ölkəni inqilaba sürükləməyin, üsyan lazım deyil?! Onda adama sual derərlər ki, bəs bu halda ölkədə dəyişilmələr necə baş verə bilər? Yəni bu baxımdan, növbədənkənar parlament seçkiləri yalnız A namizədlə B namizəd arasında seçim deyil. Bu, islahatçılarla konservativlər, Qərbyönümlü qüvvələrlə Rusiyayönümlü, o cümlədən İranyönümlü qüvvələrin, inkişafla geridə qalmağın, ədalətin haqsızlıqla mübarizəsidir. Növbədənkənar parlament seçkilərindən sonra bilinəcək ki, biz doğrudan da müstəqil, suveren dövlət olacağıq, yoxsa yenidən Rusiyanın qoltuğunun altında onun bütün əmrlərini sözsüz yerinə yetirən, milli dəyərlərimizdən, tariximizdən, mədəniyyətimizdən, adımızdan qoparılmış, kimliyi olmayan bir kütlə kimi mövcud olacağıq. Odur ki, mən bu seçkilərə həddən artıq ciddi qiymət verirəm. Bu səbəbdən də başa düşməliyik ki, bu seçkilərin mahiyyəti Azərbaycanın gələcəyinin necə olacağının seçimidir!
 
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org