Parkda gəzinti: milyarder Karapetyan Kremldən Paşinyana nə xəbər gətirmişdi... - ÖZÜ DƏ QARABAĞA DAİR VAŞİNQTON GÖRÜŞÜ ƏRƏFƏSİNDƏ

Baxış sayı:
6253

Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə erməni əsilli rusiyalı milyarder-oliqarx, “Taşir” qrupunun sahibi Samvel Karapetyanla Yerevan parklarından birində gəzinti zamanı görüntülənib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin parkın yenidən qurulması 2015-ci ildə başlanmışdı, pulları isə Karapetyan verirdi. İndi park rəsmən iyunun 1-də açılıb və Paşinyan iyunun 16-da Karapetyanla birlikdə parkda görünüb. Xəbər verilib ki, erməni milyarder ailəsi ilə birlikdə Ermənistandadır. Bəzi dairələrdə belə qənaət yaranıb ki, Karapetyan Ermənistana yeni iqtisadi layihələrlə bağlı gəlib. Çünki Paşinyanın hakimiyyətə gəlişindən sonra erməni əsilli rusiyalı milyarderlər Ermənistana pul qoymaqda tərəddüd edirlər, hətta pullarını geri çıxaranlar da olub. Lakin “İrates” adlı qəzet öz mənbələrinə istinadən yazır ki, Karapetyan Paşinyana pul deyil, Kremldən hansısa mühüm xəbər gətirmişdi. “Samvel Karapetyan səfir kimi gəlib və Rusiya elitasının bəzi qənaətlərini çatdırıb. Hansı ki, Paşinyan bu qənaətlərlə istər-istəməz hesablaşmalıdır. Söhbət həm iqtisadi, həm siyasi aspektdə məsələlərdən gedir”,-qəzet yazır. Qeyd olunur ki, Samvel Karapetyan Nikol Paşinyanla Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində bir araya gəlib. “Bəlkə Rusiyada yaşayan erməni oliqarxın gətirdiyi xəbərlər arasında bu görüşlə bağlı da nəsə olub? Mənbə deyib ki, bəli, ola bilər”-qəzet yazır.