Papaya "pozğun" ittihamı

Vatikanda islahatların əleyhinə olan 62 müxalif şəxs Katolik dünyasının ruhani lideri və Vatikanın rəhbəri olan Papa Fransisi pozğun düşüncələri yaymaqda ittiham edib.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, aralarında din adamları və digər peşələrdən olan 62 mühafizəkar katolikin olduğu müxalif qrup Papaya 11 avqustda "Pozğunluğun düzəldilməsi" adlı 25 səhifəlik məktub göndərib. Məktuba cavab gəlmədiyini görən müxalif qrup mətni 6 dildə internetdə paylaşıb. Vatikan Əlaqə Katibliyi idarəsi məktubun yayımlandığı sayta Vatikan daxilində qadağa qoyub.
Qeyd edək ki, mətndə Papa Fransis tərəfindən yazılan və 2016-cı ildə yayımlanan "Amoris Laetitia" (Eşqin sevinci) adlı kitab tənqid edilir. Kitabda boşanmış, yenidən evlənən və ya birlikdə yaşayan katolik cütlüklərin Katolik rituallarına geri qəbulu tövsiyyə olunur.
Yayımlanan məktubda Papa 7 pozğun düşüncəni yaymaqda və modernizm, Martin Lüter ideyalarına uymaqda ittiham edilir.
Müxalif nümayəndələrdən olan hazırda Vatikan Bankı adlanan keçmiş Dini Qurumlar İnstitutunun rəhbəri Ettore Qotti Tedeski "La Stampa" qəzetinə açıqlama verib və bildirib ki, məktuba imza atmasa da, fikirlərlə razıdır və bu mövqeyi Papaya qarşı deyil, əksinə kilsənin və Papanın yaxşılığı üçündür.