Paniranizm və panfarsizm siyasəti “Azdrama”da

Suçlu tərəf MTN və “Azdrama”nın icraçı direktoru İsrafil İsrafilovdur

MTN-nin (Mədəniyyət və Turizm Nazirliyi) 78/01 saylı 14.01.2015-ci il tarixli əmri ilə təsdiqlənən və Dövlət Akademik Milli Dram Teatrında Afaq Məsudun “Kərbala” əsəri repertuara daxil edilib. Teatrın direktoru İsrafil İsrafilovun №22 YH 06.11.2015-ci il qərarı ilə əsərin məşqlərinə başlanılmışdır.
680-ci ildə baş verənlərin buxovundan hələ də qurtula bilməməyimizin acıları çox müdhişdir. Din adı altında ərəb milliyyətçiliyinin simvoluna çevrilmiş əməvilik siyasətinin biz Azərbaycan Türklərinə nə kimi aidiyyatının olması zaman-zaman suallar yaradır. Bəs nədən bu gün ölkənin ana teatrında uzaq keçmişin bəlirsiz olaylarına bunca önəm verilməyə başlanıldı? Çağdaş milli və dünyəvi mədəni baxışların gəlişən dönəmində “paniranizm” və “panfarsizm”in ideoloji tribunasına çevrilmiş belə bir ideyanın gündəmə gətirilməsinə, fikrimizcə, heç bir ehtiyac yoxdur.

Əski olayların sehrində çabalayan toplum

XVIII yüzilliyin ortalarında İngiltərənin sömürgəsi altındakı Hindistanın Dehli şəhəri daxil olmaqla burada Londondan idarə edilən “mütəmləkələrlə iş üzrə dövlət nazirliyi” Orta Doğunu tamamilə nəzarətə almaq üçün dünyanın qüdrətli Türk imperiyası kimi tanınan Osmanlı və Qacarlar dövlətlərini tamamilə çökdürməyin planlarını irəli sürdü. Yazımız Qacarlar, indi İran adı ilə tanınan bölgədə və Qafqazla bağlı olduğu üçün birbaşa bu mövzuya toxunacağıq. İngiltərə öncə hakimiyyətdə olan Moğol-Türk İmperatorluğunu diz çökdürdü. Bunun ardınca Əfqanıstan, Pakistan, Banqladeş və  Nepala sahib çıxdı. Beləliklə “Ost-Hind” siyasəti hakim gücə çevrildi. General Robert Klayvın komandanlığı altında hindlilərdən ibarət ordu yaratmaqla yanaşı, həm də Qacarlar İmperatorluğunu diz çökdürməklə “paniranizm” və “panfarsizm” anlayışlarını siyasi-ideoloji müstəviyə gətirdi. İndi bizlər buna cəfərilik (şiə) deyirik. Beləliklə də 1757-ci ildən başlanılan ideoloji hədəflər XIX yüzilin sonlarında özünün pik nöqtəsinə çatdı. Çağdaş dövlət olma cəhdləri Qacarlar xanədanlığı üçün böyük bir problemə çevrildi. Çünki, paralel dövlət olmanın şərtləri artıq gündəmə gətirilmişdi. Bu, “dini oliqarxiya” modeli idi. Hindistanın daxilində sinqx və maratx konfederasiyasını yaratmaqla prosesləri daha da sürətləndirməyə belə nail olundu. Ağa Xan Kirmani, Mahmud Əfşar və başqalarının ideoloji müstəvidə irəli sürdükləri konseptlər əsasında 1924-cü ildə Qacarlar xanədanlığı və sonuncu şah Əhməd Qacar beləcə hakimiyyətdən devrildi. Bunu din pərdəsi adı ilə əhalini xurafatçı ideoloigyanın sayəsində gerçəkləşdirə bildilər. İlk addım kimi bilincli insanları edam etməklə hədəflərini Rza Pəhləvi və onun oğlu Məhəmmədrza Pəhləvi hakimiyyəti ilə tamamladılar. Beləcə 1924-cü ildən İranda paniranizm və panfarsizm ideyaları qoşa qanad şəklində davam etdirilir. 1978-ci il 23 bəhmən tarixində baş verən inqilab isə, mövhumatçı ideologiyanı dövlət düzəninə çevirdi. Bütün bunlar azmış kimi, ötən 37 il ərzində bu inqilabı dünyaya ixrac hədəflərini irəli sürməkdədir. 1992-ci ildə Tehranda rəsmi dövlət tribunası sayılan “Risalət” dərgisinin 2-ci sayında xarici işlər naziri Əliəkbər Vilayəti belə yazırdı: “İndi Azərbaycan bağımsız bir dövlət oldu. Biz İran olaraq, oranı ya mollaxanaya çevirməliyik, ya da narkomaniya yuvasına. Azərbaycan dövlətinin quruca adı belə, İran üçün həmişə təhlükə mənbəyi olacaq”. Elə o dönəmdən şiəlik adı altında Azərbaycana qarşı xurafatlarla dolu ideoloji konseptlər ixrac edilməkdədir.

Mədəniyyət zamanın və gələcəyin düşüncə tərzi deməkdir

Bu gün Azərbaycan bir dövlət olaraq, böyük sınaqlar qarşısındadır. Başdan başa yad ideyalar artıq cəmiyyətin bütün sahələrinə öz təsirini göstərməyə başlamışdır. Bunların hamısı bizlərin milli dövlət olmağımıza qarşı dərin hədəflər deməkdir. Teatr bir sənət kimi kültürün əsas təsir vasitəsi sayıldığı üçün, biz son on ayda yazılarımızda bu faktora üstünlük veririk. Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun məhz yarıtmaz repertuar siyasətini tənqid etməklə mövcud problemlərin həlli üçün cəmiyyəti mümkün qədər proseslərə ayıq gözlə baxmağa səsləmişik. Teatrın sənət uğurlarından savayı hər hansı bir təmənnamız da olmayıb. Azərbaycanda milli fikrin oyanmasında və inkişaf etməsində müstəsna rolu olan əsərləri repertuardan çıxarmaqla görəsən İsrafil İsrafilovun hədəfləri nədən ibarətdir? Nə üçün Mədəniyyət və Turizm Nazirliyi buna susur? Nazir Əbülfəs Qarayev və onun “müdrik” müavini, teatra birbaşa sorumlu olan Ədalət Vəliyev nədən bu teatrı çökdürmək siyasətini aparırlar? Bunu isbat etmək o qədər də çətin deyil. Repertuarda olan istənilən tamaşanı təhlil etməklə bunu sübut etmək o qədər də çətin deyil. Budur repertuara yeni tamaşa daxil edilib. İsrafil İsrafilovun əmri ilə rol bölgüsü də aparılıb. “Kərbala” adlı keçmişin mirası olan bu mövzunun gündəmə gətirilməsi, xurafat deyilən anlamlara rəsmi dövlət teatrında repertuar siyasətinin ortaya qoyulması dediklərimizi bir daha təsdiq edir. Bu tamaşanın quruluşçu rejissoru, İranın özündə belə tanınmayan Xeyrulla Tağıyan Pur, musiqi rəhbəri Alim Qasımov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assitenti Xanım Həsənova, elmi məsləhətçi akademik Vasim Məmmədəliyevdir. Dövlət sifarişi ilə hazırlanan bu tamaşada Xanım Zeynəb (Fərqanə Qasımova, Mehriban Zəki), Ümmi Gülsüm (Şəhla İsmayılova), Übeydullah ibn Ziyad (Ramiz Novruz, Pərviz Bağırov), Əbhər ibn Kəb (Elxan Quliyev, Rövşən Kərimdux), Şəbi ibn Rəbi (Sabir Məmmədov, Rəşad Bəxtiyarov), Əmr ibn Haris (Ramin Şixəliyev), Səkinə (Xədicə Novruzlu), Hind (İlahə Həsənova), Təlxək (Pərviz Məmmədrzayev), İmam Zeynalabdin (Elşən Rüstəmov), Yezid ibn Müaviyə (Hikmət Rəhimov), Ömər ibn Səyyad (Hacı İsmayılov, Mirzə Ağabəyli), Şimr ibn Zil Joşən (Kazım Abdullayev), Məhəmməd ibn Əşəs (Mətləb Abdullayev, Rüstəm Rüstəmov), İbn Mərxan (Sərdar Rüstəmov), Fatimə (Fidan Cəfərova, Aygün Baxışlı), Bənna Səyyad (Novruz Novruzlu) rol alıblar. Beləcə dövlət babanın parası “paniranizm”in və “panfarsizm”in ideya mənbəyi olan bir əsərə xərclənəcək. Bax, budur faciə. Təbii olaraq, teatrda repetuar siyasətini aktyorların özləri də bunu qəbul etmirlər. İndiki milli mətbuatımızda da zatən bu yalnışlıqlar təəssüflər olsun ki, ayaq açmışdır. Mirzə Fətəli Axunzadə, Seyid Əzim Şirvani, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəylidən başlanan maarifçi milli aydınlar hərəkatı hər zaman xurafat mövzularına qarşı üsyan qaldırmışlar. Hətta xalq oyunu adı ilə “şəbihgərdanlıq” oyunlarını tənqid edilmişdir. Tarixin dərin qatlarında gömülmüş bu mövzunun gündəmə gətirilməsinə qarşı çıxmışlar. Elə İranın özündə belə, indi bu mövzulu tamaşalara gedən yoxdur. Mədəniyyət adına cəmiyyətə sırınan mövhumatçı düşüncə tərzinin ideoloji yalnışlıqları heç bir zaman uğur gətirə bilməz. Zamanı durdurmaq mümkün olmadığı kimi, onun axarında itib-batmaq da tamam yalnışdır. Nekroloji memuarların səviyyəsinə enmək isə əsil faciəsidir. Teatrda istənilən sınaqları tətbiq etmək lazımdır. Onu yabançı düzənə pərçimləmək olmaz. Ortaçağda yaşanılan olayların ardınca sürünmək dövləti və milləti həmin dönəmlərə sürükləmək deməkdir. Mədəniyyət feodalları isə, heç nədən çəkinmədən milli hədəflərə hesablanmış dəyərlərə tüpürmək yolunu tutmuşlar.

Oxlokratik mollakratiya hədəfləri

Paniranizm və panfarsizm öz tarixi keçmişində daim oxlokaratiya siyasəti biçimində hərəkət etmişdir. Buideologiyaların tribunası sayılan siyasətin zirvəsində Mohsen Pezeşkpur və Dariuş Foruxarın lideri olduqları “İran Prometeyləri”, Məhəmmədrza Pəhləvinin “Rastahez”, son 37 ildə isə “Ayətullahlar” hərəkatı dayanıb. Akademik Milli Dram Teatrını tədricən bu yola sürükləmək deyəsən Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin və bu teatrın icraçı direktoru İsrafil İsrafilovun strateji hədəflərinə çevrilib. Cənablar unutmayın ki, Ana Yasamızda qeyd olunub ki: “AZƏRBAYCANDA DİN DÖVLƏTDƏN AYRIDIR”. Başqa bir yandan isə ölkəmizdə əhalinin yarısı hənəfi inanclılardır. Deməli ölkədaxili dini və təriqət zəminində qarşıdurmalara yol açmağı hədəfə alan MTN və İsrafil İsrafilovun nəyə arxayın olduqları başa düşülən deyil. Çağdaşlıq adı ilə “erotika” və “pornoqrafiya” kimi açıq-saçıqlıq baxışları səhnəyə transfer edən, icraçı direktor İsrafil İsrafilovun sevimli rejissorları MTN-nin də himayəsi altındadırlar. Dünən partokrat, bu gün “fröydizm”ə üz tutanlar sabah da asanlıqla elə bil mollakratiyaya üz tutmaq üçün hazırlanırlar. Çağdaş teatr sənəti klassik fiqurativlikdən naturalizmə keçməklə, daha sonra isə avanqardizmin psixoloji anlamda mənalarını irəli sürməklə inkişaf etmişdir. Hətta modernizm və postmodernizmdəki cərəyanlar da bunu  inkar etmir. Tamaşaya qoyulan əsərlərin idenfikasiyası avanqard rol oynamaqla estetik və sənət baxımından cəmiyyətin inkişafına təkan verir. M. Meterlinq, Ş. Van Lerberq, P. Uerlen, A. Jarri, S. Mellarme kimi dahji teatr estetikləri də qeyd edirlər ki, drmaturgiya estetik simvollardan tamamilə uzaq olmalıdır. Metafizik “in folio” (cisimlər) ideal arxetiplərlə belə səhnə doldurulmamalıdır. Arxaik baxışları kabbal düzəninə yönəltməklə marionetcəsinə teatra yanaşılmamalıdır. İdeyalar profonal xarakterə çevrilməməlidir. Bütün bunlar İran adlı ölkədə yox dərəcəsindədir. Tarixi olayların paniranizm və panfarsizmin mifologemlərinə pərçimlənməsi başlıca silah sayılır. Halbuki, çağdaş dünya teatrı J. P. Sartr, A. Kamyu, H. Marsel, J. Anuy, S. de Bovuar və başqa ünlü teatr xadimləri eksiztentializmə üz tutmaqla intellektual dramaturgiyanı yaratmışlar. Bunu nəzərə alaraq N. Sarrot və M. Dür kimi dahilər qeyd edirlər ki, ədəbi baxışlardakı assoiativ yanaşım kültür və teatrın inkilşafına təkan verməlidir. Bütün bunlara arxa çevirməklə Azərbaycan teatrını haralara sürüdüklərinin fərqində olmayan MTN və Akademik Milli Dram Teatrının icraçı direktoru İsrafil İsrafilov oxlokratik mollakratiya kültür siyasətini ortaya qoymuşlar. MTN-də indiyə kimi milli teatr siyasətimizin hədəfləri yönündə nə elmi konfranslar, nə də dəyirmi masa toplantıları keçirilməmişdir. Buna görə də çağdaş Azərbaycan dramaturgiyası naftalin qoxuyur. Az-çox hansısa uğurlar varsa, istedadlı rejissorlar və aktyorların sayəsində başa gəlmişdir. Dövlətin büdcəsini meşşanlığı aşılayan və ya mövhumatçı mövzulara yönəltməklə teatr siyasəti yürüdülməz. Peşəkar rejissorları teatrdan uzaqlaşdırmaqla MTN və Akademik Milli Dram Teatrının icraçı direktoru İsrafil İsrafilov məhz bu siyasəti yürüdürlər. Son beş ildə 143 yaşı olan qosqoca teatrı beləcə diz üstə çökdürmək kimi hədəflər ortaya qoyulmuşdur. MTN yenilənməlidir. Necə ki, indi başqa nazirliklərin yeni düzənə doğru yönəldilməsi proseslərini hamılıqla müşahidə edirik. Kiflənmiş qafalarla çağdaş kültür və teatr strategiyasını düzənləmək qeyri mümkündür. Ona görə də MTN başda olmaqla mollakratiyanın hədəflərinə hesablanmış paniranizm və panfarsizmin ideoloji meydanı yaradılır. Bütün bunlardan itirən tərəf isə Azərbaycan dövləti və onun tamaşaçıları və teatrsevərləri olacaq.   
Ənvər BÖRÜSOY, sənətşünas