Pambıqçıların zəhərlənməsində günahkarlar... AQRONOMLAR İMİŞ

Baxış sayı:
1684

İyunda Azərbaycanın pambıq tarlalarında kütləvi zəhərlənmə hallarının araşdırılması zamanı doqquz nəfər həbs edilib. Bu barədə Baş Prokurorluğun cümə günü yaydığı məlumatda deyilir.
Saatlı, Tərtər, İmişli və digər rayonlarda pambıq tarlalarında işləyən şəxslərin kimyəvi zəhərlənməsi faktı üzrə cinayət işi ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlər haqqında İşlər üzrə İstintaq İdarəsində hadisənin səbəbləri tam şəkildə araşdırılıb, təqsirli şəxslər dairəsi müəyyən edilib.
Hadisə yerindən, zərərçəkmişlərdən, tədarükçülərin anbarlarından və bitkiləri müdafiə vasitələrindən, o cümlədən xarici şirkətlərin təqdim etdiyi, tarlalarda tətbiq edilən etalon pestisid nümunələrindən götürülmüş 200-dən çox nümunənin ixtisaslaşmış toksikoloji, kimyəvi araşdırmaları aparılıb.
Reqlamentin və pestisidlərin dövriyyəyə buraxılması üzrə təlimatın tələblərinin, habelə gübrələrlə iş aparılmasının texniki təhlükəsizlik qaydalarının pozulmasına görə "MKT İK" MMC-nin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və MMC-nin baş aqronomu Gülməmməd Quliyev, MMC-nin İmişli innovasiya filialının direktoru Marif Quliyev və baş aqronomu Surxay Məmmədov, "CTS Agro" MMC-nin Tərtər pambıq istehsalı və tədarükü məntəqəsinin direktoru Fəqani Babışov, baş aqronomu Elxan Quliyev, aqronom köməkçisi Habil Quliyev, habelə Dövlət Fitosanitar Nəzarət Xidmətinin Saatlı rayon Bitkiləri Müdafiə Mərkəzinin rəisi Mirrasim Talıbov, İmişli rayon Bitkiləri Müdafiə Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov və Tərtər rayon Bitkiləri Müdafiə Mərkəzinin rəisi Füzuli Əzimov həbs edilib.
İstintaq davam edir, deyə məlumatda bildirilir.
Xatırladaq ki, bu ilin iyun ayında pambıq tarlalarında işçilərin ən az 4 kütləvi zəhərlənməsi hadisəsi baş verib, zəhərlənənlərin sayı 200 nəfərdən çox olub. Onların əksəriyyəti ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib(turan).