Paltarını yumaq istəməyən arvadını çubuqla döydü, sonra isə...

Baxış sayı:
763

Qusar rayonunda ər-arvadın mübahisəsi qanla nəticələnib. Hadisə adi mübahisədən başlayıb, kişi paltarını yumaq istəməyən arvadını əvvəlcə çubuqla döyüb, sonra bıçaqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 57 yaşlı Qusar rayonu Yuxarı Qələnxur kənd sakini Tahir Şixrəhimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Tahir Şixrəhimov ötən ilin noyabrın 16-da yaşadığı evdə arvadı Havaxanım Şixrəhimova ilə mübahisə edib. Ər-arvad arasında məişət zəminində yaranan mübahisə qansız ötüşməyib. Əvvəlcə arvadını çubuqla döyən T.Şixrəhimovun ürəyi bununla soyumayıb, bıçağa əl atıb.

Təqsirləndirilən Tahir Şixrəhimov ifadəsində Havaxanımla 1993-cü ildə ailə qurduqlarını, birgə nikahdan iki övladları dünyaya gəldiyini, vaxtaşırı ailədaxili problemləri olduğunu göstərib: “Havaxanım həyətdə paltar yuyurdu. Mən də tütün kəsimi ilə məşğul idim. İşimi bitirəndən sonra paltarlarımı gətirib verdim ki, yusun. Amma dedi ki, artıq paltarları yuyub qurtarmışam, səninkiləri də sabah yuyaram”.

Arvadının sözlərindən qəzəblənən T.Şixrəhimov bağdan götürdüyü çubuqla Havaxanımı vurub. Qadın zərbənin təsirindən əlindəki paltarları, yuyucu tozu yerə atıb. Növbəti zərbələrdən yayınmaq üçün isə çubuğu Tahirin əlindən zorla dartıb alıb: “Havaxanım çubuqla əlimin üstündən vurdu. Əsəbiləşdim, bıçaqla kürəyindən vurdum, evdən çıxıb getdi. Yolda oğlumla rastlaşıb. Oğlum da onu Qusar rayon xəstəxanasına aparıb”.

Zərərçəkmiş Havaxanım Şixrəhimova ifadəsində deyib ki, həyat yoldaşı Tahir əsəbi olduğundan həmişə aralarında söz-söhbət, mübahisə yaranıb. Hətta bir neçə dəfə əsəbiləşəndə onu bıçaqla vurmaq istəyib. Amma qaçıb gizləndiyindən vura bilməyib: “Oğlum səhər tezdən bazarlıq etməyə getmişdi. Tahir paltarlarını gətirib yumağımı istədi. Odun gətirmədiyinə görə ona əsəbi idim. Ona görə də yumayacağımı, yaxşı ailə başçısı olmadığını dedim. Tahir də əlindəki çubuqla məni vurdu. Çubuğu aldım. Onun bıçaq götürdüyünü görüb çubuqla əlindən vurdum. O, da məni bıçaqla vurdu”.

Məhkəmənin hökmü ilə Tahir Şixrəhimov 1 il azadlıqdan məhrum edilib.