PAKİSTANA QARŞI HİNDİSTAN… - İran və Ermənistan Türkiyə-Azərbaycan-Pakistan birliyinə qarşı yeni güc mərkəzi formalaşdırmaq istəyir

Baxış sayı:
584

Ermənistan-İran tandemi daha bir ölkəni müttəfiqlər sırasına daxil etməyə çalışır. Söhbət Hindistandan gedir. Son xəbərlərə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Hindistanın xarici işlər naziri Subramaniyam Cayşankarla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, "İran körfəzi - Qara dəniz" nəqliyyat dəhlizinin yaradılması ilə bağlı İranla tezliklə müqavilə imzalayacaq. Hindistanın bu koridora Şimal-Cənub tranzit layihəsi vasitəsilə qoşulacağı bildirilir.

Baxmayaraq ki, Hindistanın Fars körfəzi-Qara dəniz yolunun arxa planında duran Çinlə münasibətləri yaxşı deyil və İran da Pekinin dəstəyi ilə bu layihənin təşəbbüskarı rolunda çıxış edir, Yeni Dehli məhsullarını bu yolla Rusiyaya, eyni zamanda Gürcüstandan Qara dəniz limanları vasitəsilə Avropaya çıxarmaqdan kənarda qalmaq istəmir. İrəvanda keçirilən görüşdə Hindistanın xarici işlər naziri öz növbəsində əlavə edib ki, Dehli beynəlxalq və regional kommunikasiya layihələrində iştirak etməkdə maraqlıdır.

"Fars körfəzi - Qara dəniz" nəqliyyat dəhlizi, Ermənistan vasitəsilə İran limanlarını Gürcüstan limanları ilə birləşdirən yeni logistika marşrutunun yaradılmasını nəzərdə tutur ki, bu alınarsa Şimal-Cənub yolu bu dəhlizə qoşunlmuş olacaq. Həmçinin Hindistan, Bolqarıstan və Yunanıstan da sazişin həyata keçirilməsində maraqlıdır, çünki beləliklə Avropaya mal və məhsul daşınması gerçəkləşəcək. Bu barədə "Greek City Times" yazaraq Şimal-Cənub yolunun Zəngəzur dəhlizinin açacağı yoldan 30% ucuz və 40% də qısa olduğunu iddia edir.

Məqalədə Azərbaycanın Türkiyə və Pakistanla keçirdiyi təlimlərdən, Bakının Ermənistana və İrana ərazi iddiaları sürməsindən, Hindistanın hərbi təlimlərə qıcıqdan ibarət münasibətindən danışılır və iddia edilir ki, Türkiyənin Suriyadakı əməliyyatları səbəbindən Azərbaycanla İranın arasında müharibə yaşanacağı təqdirdə, Ankara Bakıya əvvəlki dəstəyi göstərə bilməyəcək. Ermənistanın bu nəqliyyat dəhlizlərində önəminin artmasına görə, İranla Hindistanın dəstəyini qazanacaq.

Əlbəttə, İrəvanla Tehran arasında sözügedən müqavilə imzalanarsa, bu Zəngəzur dəhlizinin blokunu açmağı təklif edən Bakının maraqlarına cavab verməyəcək. Faktiki olaraq Cənubi Qafqazın bu hissəsindəki bütün kommunikasiyalar açılsaydı, bütün region dövlətləri qazanclı çıxardı. Axı, Tehran müsbət rola sahib olduğunu irəli sürür. İran yeni logistika sxemlərinin həyata keçirilməsindən və qarşılıqlı nəqliyyat əlaqəsindən dividendlər alaraq, Ermənistanla xüsusi münasibətlərinin statusunu kollektiv və daha sistemli bir kanal halına gətirə bilər. Ermənistan da, öz növbəsində Azərbaycan və Türkiyənin "mühasirəsindən" qorxmadan, ticarət və rabitə sahəsindəki maraqlarının qorunmasına zəmanətçi əldə edərdi. "Konstruktiv" rolda çıxış edən İran, Ermənistanla ticarətini sakitcə artıra, Azərbaycanla sərhədlərarası əməkdaşlıq layihələrini gücləndirə, Şərqi Zəngəzur iqtisadi rayonunda yendidənqurma proqramlarında iştirak edə və bununla da qanuni əsaslarla Azərbaycanın bu hissəsindəki iqtisadi maraqlarını qoruyub saxlaya bilərdi. Amma Tehranın "Güney Azərbaycan" qorxusu oynadığını iddia etdiyi müsbət regional rola imkan vermir. Bakı-Ankara Zəngəzur-Turan koridoruna hərbi-iqtisadi resurslar yatırarkən İran bu layihənin baş tutmaması üçün öz layihəsinə, Fars körfəzi-Qara dəniz yoluna yatırım edir və ona qarşı tərəfdə duran tərəfdaşları cəlb edir. Azərbaycan-Türkiyə-Pakistana qarşı İran-Ermənistan-Hindistan ittifaqını ortaya atır. Hər iki layihənin ana nöqtəsi Zəngəzur bölgəsidir. Bu səbəbdən, bölgə nəyin bahasına olursa-olsun İranın əlindən alınmalıdır.

Amma iş bununla bitmir. İrəvan Hindistanı sözügedən layihəyə ortaq etməkdən başqa, Dehlinin regionun geosiyasi balansına təsir göstərmək planları da qurur. Belə ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan Hindistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında, "ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və sülh yolu ilə həlli ilə bağlı Hindistanın prinsipial mövqeyini yüksək qiymətləndiririk", sözləri ilə bölgəyə heç bir şəkildə aidiyyatı olmayan Dehlinin siyasi dəstəyinə ümid edir. Və iqtisadi dəstəyin ardından siyasi dəstəyin də olacağına inanır. Mirzoyan Hindistanın prinsipial mövqeyini vurğulamaqla kifayətlənməyərək, İrəvanın Cammu-Kəşmirlə əlaqədar olaraq Yeni Dehliyə dəstək vermə mövqeyini bir daha təsdiqləyib.

Xatırladaq ki, may ayında Hindistan XİN Azərbaycanı silahlı qüvvələrini Ermənistan ərazisindən çıxarmağa və bölgədə hərbi əməliyyatların bərpasına səbəb ola biləcək bölgədəki təxribatları dayandırmağa çağırmışdı. Amma Yeni Dehli regional layihələrdə iştirakını Ermənistanın ərazilərinə haranın aid olduğunu öyrənməkə başlamalıdır.

İrandan gələn xəbərlərə görə isə, bu ölkənin əlində 20%-ə qədər zənginləşdirilmiş 120 kq uran mövcuddur ki, bu da 2015-ci il nüvə müqaviləsində nəzərdə tutulumuş həddi keçir. "The Quardian"da yayınlanmış məqalədə bildirilir ki, İranın nüvə enerjisi üzrə qurumun rəhbəri Məhəmməd Eslami 120 kq həddini çoxdan keçdiyini və bu rəqəmdən daha çox zənginləşdirilmiş urana malik olduqlarını açıqlayıb: "Biz 120 kiloqramı çoxdan keçmişik və bizdə daha çox uran var. Bizim adamlarımız bilirdilər ki, bəzi Qərb ölkələri Tehrandakı nüvə reaktorunda istifadə üçün 20%-ə qədər zənginləşdirilmiş nüvə yanacağı verməli idilər, amma bunu etmədilər".

 

Ekspertlərin fikrincə, bu kəmiyyət nüvə bombasının yaradılması üçün zəruri olan uranın 80%-dir. Üstəlik, bir halda ki, bunu qurumun rəhbəri rəsmi olaraq bildirir, deməli şübhələnməyə bütün əsaslar var və Vaşinqtonla nüvə sazişi üzrə razılığa getmək İranın nüvə silahına sahib olmasının qarşısını almayacaq, əksinə Tehrana zaman qazandıracaq. Bu fakt isə Tel-Əvivlə Bakının əlaqələri daha da gücləndirməsini qaçılmaz edir. Üstəlik, bunda İranın özü, onun türk qorxusu, Turan yolunun baş tutması üçün atılan addımlardan təşvişə düşməsi günahkardır.

Onu da vurğulamaq yerinə düşər ki, İranın nüvə silahı israrı çox da uzaq olmayan zamanda nüvə obyektlərinin yararsız hala gətirilməsi ilə nəticələnə bilər. Çünki İranın bu layihəsinin altında iqtisadi divident yox, siyasi maraqları yatır. Bu isə ona ucuz başa gəlməyəcək...

Regionun son konfiqurasiyasına görə, Kreml Tehranla yox, Zəngəzur məsələsində Ankara və Bakı ilə eyni müstəvidədir. Tehranın "güvənilməz", "etibarsız" dövlət statusu onun Kremlin gözündə etibarının olmamasını gərəkdirir. Pekinin arxa planda İrana oynatdığı rol Kremlin maraqlarına cavab vermir. Moskva özünün nəzarətində yox, Çinin maraqlarına cavab verən Fars körfəzi-Qara dəniz dəhlizinə isti yanaşmır, çünki onu maraqlarına cavab verdiyi tərzdə, təsirində saxlaya bilməyəcəyini bilir. Bu səbəbdən, Şimal-Cənub yolunun da Azərbaycandan İrana keçən variantı Rusiyanın maraqlarına daha çox uyğundur. Eyni zamanda, Azərbaycan beynəlxalq layihələrdə daha konstruktiv mövqe ortaya qoya bilir və etibarlı partnyordur. Rusiyanın media məkanının tanınmış simalarından olan İqor Korotçenko özünün "Telegram" kanalında Paşinyanın Rusiya prezidenti Vladimir Putindən Zəngəzur dəhlizinin tezliklə açılmasına dair qəti siqnal aldığını bildirdi. Məhz nəqliyyat yolları xəritəsində Türkiyə-Azərbaycan-Rusiyanın mövqeyi üst-üstə düşür.

Hurriyyet.az