Pakistan Hindistan təyyarələri üçün hava məkanını mayın 30-dək bağlı saxlayacaq

Baxış sayı:
8536

Pakistan Hindistanın kommersiya uçuşları üçün hava məkanını mayın 30-na qədər bağlı saxlayacaq. AZƏRTAC xəbər verir ki, “The Asian Age” qəzetinin yaydığı məlumata görə, İslamabad bu ayın sonunadək öz hava məkanını Hindistana və əks-istiqamətə uçan təyyarələr üçün açmamaq qərarına gəlib. Pakistan tərəfi Hindistanda ümumi parlament seçkilərinin qurtarmasını (səslərin hesablanması mayın 23-nə qədər başa çatmalıdır) gözləyir, bundan sonra ölkələr arasında münasibətlər yaxşılaşa bilər. Hindistana beynəlxalq reyslər çox vaxt Pakistan üzərindən həyata keçirilir və hava məkanının bağlanması səbəbindən aviakompaniyaların əksəriyyəti böyük maliyyə itkiləri ilə üzləşir. Onlar, həmçinin Pakistanın hava məkanına girməmək üçün marşrutu uzatmaq məcburiyyətində qalır. Xatırladaq ki, Nyu-Dehli və İslamabad arasında münasibətlər fevralın 14-də Cammu və Kəşmir ştatında Hindistan hərbçilərinin avtomobil karvanına hücumdan sonra gərginləşib. Həmin vaxt terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 45 polis əməkdaşı həlak olmuşdu. Hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması üzərinə götürmüşdü. İslamabadı “Ceyş-ə-Məhəmməd” qruplaşmasına dəstək verməkdə ittiham edən Hindistanın Hərbi Hava Qüvvələri fevralın 26-da Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonuna hava zərbəsi endirmişdi. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuş və pilotlardan biri əsir götürülmüşdü.