Özünüinkar - FƏLSƏFİ SÖHBƏTLƏR SİLSİLƏSİNDƏN

(Yeganə peşəkar Azərbaycan filosofu Əbülhəsən Abbasova)

Bütün canlılar, amöblər istisna olmaqla, öz-özlərinin varlığına son qoyurlar.

Niyə?

Bioloqlar iddia edir ki, canlı varlıq doğulanda əbədi, hər halda, uzun müddət mövcud olmaq şansı ilə doğulur. Amma mexanizm sürtülür, yeyilir və sıradan çıxır, bəzilərində gec, bəzilərində tez.

Bəs bu, niyə baş verir? Orqanlar niyə bu qədər davamsızdır?

Biz xəstəlikləri nəzərə almırıq. Lakin insan heç vaxt sadəcə, qocalıqdan, çox yaşamaqdan ölmür, hətta 150-200 il yaşasa da, orqanizmin hansı bir üzvüsə işləməkdən dayanır. Orqan özü öz yaşamasına, «canlılığına» son qoyur. Bu, onun kodeksindəmi yazılıb? Yox! Hər halda, 1000 il yaşamaq mümkündür və bəlkə də, daha çox.

Deyirlər, bəzi xəstəliklərin rüşeymləri orqanizmin özündədir. Elə isə bu, təbii deyil, sadəcə, irsi hadisədir. Bəşəriyyətin çox böyük hissəsi irsi xəstəlikdən ölür. Çox vaxt bunu bilmirlər. Bəs, irsi sağlamlar niyə bu qədər az yaşayırlar? Vaxtlı-vaxtında lazım olan vitaminli qidalar çatışmadığına görə. Hovuza düşən adamın əlindən tutmasan, boğular. Orqanizm özü lazım olan qidaları tələb edir.

Bəs, nə olur axı?

Hüceyrələr qocalıb daha bölünmür? Yaxud, oksigen son məqamda hüceyrələrin strukturunu dağıdır? Orqanizmdə bundan qorunmaq xüsusiyyətləri niyə olmur? Barmağımın dərisi 1 sm. qopur. 2-3 həftəyə dəri hüceyrələri özləri həmin yeri bərpa edir. Bəs, orqanizmin hər yerində bu, niyə baş vermir? Özü də belə tezliklə?

Hüceyrələrdə yaşamaq istəyi niyə yox olur? Bu suala dahi Ziqmund Freyd «Ləzzətin mənası» əsərində belə cavab verir: «Hüceyrələr dincliyə can atır». Ah, axı bu əsas qanuna - yaşamaq istəyinə ziddir. Deməli, bir qanun digərinə qarşı çıxır. Yəni, orqanizmdə qiyam, üsyan baş verir.

Əgər orqanizm cavandırsa, bu, ürəyin günahıdır. Ürək  bir şeyi istəməsə, qəbul etmir, insan onu yemir və yesə də, qaytarır. Bəs arağı, zəhərli turşuları, siqareti, zəhərli qidaları niyə qəbul edir və orqanizm, hüceyrələr nəticədə zəhərlənib, insan ölür? Bəs, beyin buna necə icazə verir? Axı, böyük zəka sahibləri də bu vərdişlərdən əl çəkə bilmirlər. Beyin hüceyrələri də dinclik istəyir? Yəni, cansız atomların cəmlənməsindən əmələ gələn canlı toplum parçalanıb, əvvəlki vəziyyətinə qayıdır.

Əgər bütün bunlar həyatın ən böyük və son həqiqət və qaçılmaz reallığıdırsa, bəs qəlbin niyə bunu heç cür həzm edə bilməyib, xüsusilə, hər gün qürub zamanı həyatın anası olan Günəş batanda qan olur?

Niyə?

Ona görəmi ki, son nəticədə artıq sənə dəxli olmayan cismini eşşək leşi kimi, murdar və iyrənc qurdların yemi olmaqdan başqa heç bir ayrıca və xüsusi sonluğa layiq görülmədiyini bilən bir beynə sahibsən?

İnsanın bu cür sonluğunu görə bilməyən, bilsə də, zərrəcə vecinə almayan milyardlardan fərqli bir nəfər olması nə qədər acıdır, İlahi!

Bəşəriyyətin 10 nəfərindən başqa, bütün «oqromnıy» saylı nüsxələrinin eşşək biganəliyi xoşbəxtliyindən bizi niyə məhrum edibsən, ey beyin?

Bəs, cismin içindəki o qüdrətli və hər şeyə nüfuz edən idrak nədir və son nəticədə o necə olur? Sadəcə, hərəkət dayanır, «otaq»da işıq sönür. Hər şey trilyonlarla neyronları əlbir şəkildə olub, daim fəaliyyətdə saxlayan işıq və hərəkətdən ibarətdir.

Ürək dayanır, «işıq» sönür.

Başqa heç nə baş vermir.

İnsan, kim olursa-olsun, sonluq çatanda Təbiət üçün başqalarından zərrəcə fərqi olmur. Təbiət həyatın sübh çağı gələcəkdə formalaşacaq milyardda bir beynin unikallığını nəzərə almayıb və insana hələ də milyon illər mövcud olduğu dördayaqlı şəklində olduğu zaman baxdığı kimi baxır.

Bəs, onda Aristotelin ürəyi niyə qan olmayıb?

Onu kim bilir qan olub, ya olmayıb.

Hakimiyyətləri hər yerdə kimlərə verməsi ilə necə bir məxluq olduğu və ya heç olmadığı aşkar bilinən və amma hətta bizi də sonluq qorxusuyla müəyyən təsir dairəsində saxlayan MÜCƏRRƏD MƏNBƏ niyə bizi Suriyadakı İslam dövlətinə qoşulub ölməyə gedənlər kimi, xoşbəxt bir çıxış yolundan məhrum edib? Böyük zəka verib milyardlardan fərqləndirərək, ayıltmaqla bizi bədbəxt edir?

İki yol var: ya dərk etməyib, eşşək biganəliyi xoşbəxtliyi, ya da hansı milyardda bir təsadüfləsə bu xoşbəxtlikdən kənara çıxarılıb ürəyi qan edilən!

Əlisa Nicat