“Özünü quzu kimi aparır, amma qurdalayırsan, striptiz otağı meydana çıxır”

Baxış sayı:
7777

“Azərbaycanda ziyalılarımızın vəziyyəti yaxşı deyil. Bir neçə istiqamətdə durum müsbət deyil. Əvvəla, ziyalı millətinin dərdini çəkən adamdır və ömrü boyu da müstəqillik arzusunda olub. Müstəqillik bizə baha gəlsə, torpaqlarımızın bir hissəsini itirsək də, onu qazanmışıq. Ən dəyərli, qiymətli parçamızın müstəqillik olduğunu hesab etmişik. Əlbəttə, bunun acısını da hamıdan əvvəl ziyalı çəkib. Ancaq ziyalılar sıxıntı içindədir”. 
Muxalifet.az xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Azpolitikaya müsahibəsində deyib. O, bildirib ki, buna bir səbəb də, ziyalılarımızın uzun illər gözdən salınması, onların gördüyü işlərə biganə münasibət olub. 
S. Rüstəmxanlı ziyalıların maddi sıxıntılarının olduğunu, sağdan, soldan, iqtidarlı-müxalifətli, hamının onları qınadığını qeyd edib: “Hamısı da özünə sərf edən ziyalını sevir, yanında hansı ziyalı dayanırsa, onu əsl ziyalı sayır. Bütövlükdə milləti düşünən ziyalıların vəziyyəti isə həmişə ağır olub. Maddi sıxıntı ziyalıların müstəqil ola bilməməsini şərtləndirə bilir. Ziyalı o zaman müstəqil olar ki, onun malı-mülkü olsun. Köhnə bəylər kimi təsərrüfatı, bir sözlə, həyatını təmin edən gəliri olsun. Bunlar olmayandan sonra ziyalı ələbaxan olanda, xırda məmurdan və ya iş adamından kömək gözləyəndə fərqli durum olur. Ələbaxan və pis yaşayan ziyalıdan nə cür müstəqillik, tam ürəklə danışmaq, nüfuzunu gözləmək olar? 
Axı, ziyalının da ailəsi, gündəlik tələbatı var. Bəzən ziyalı canını fəda edir, amma onun da qədri bilinmir. Biz 30 ildir bunu görürük. Adamları necə vurub sıradan çıxarırlar, dünən qəhrəman sayılan bu gün düşmən elan olunur, dünən fədakarlıq göstərən, başına and içilən sabah xain elan olunur. Səbəb odur ki, ziyalı başqa cür düşünür. Bu kimi hallar Azərbaycan ziyalılarına çox böyük zərbələr vurub və onların ürəyini qırıb, mənəvi dünyasını uçurdur. Sıxıntı içində olmaq həm də belə mənzərə yaradır. 30 ildən nəticə çıxaranlar azdır”.
S. Rüstəmxanlı son vaxtlar həyata keçirilən islahatlarla bağlı da fikrini bölüşüb: “İslahatlar yaxşıdır. Siyasi məhbusların azad olunması müsbət hadisədir. Biz, ümumiyyətlə cavanları qorumalıyıq, onların xaricə köçməsinin qarşısı alınmalı, beyin axını dayanmalıdır. Millətə beyin, ölkəni idarə edəcək gənclər lazımdır və onlar burada qalmalıdır. 
Mən Almaniyaya getmişdim, Novruz bayramında bir məclisdə 700-ə qədər gənc vardı. Baxdım, ürəyim ağrıdı, bu gənclər Azərbaycanda nə qədər böyük işlər görə bilərdilər. Əlbəttə, bu gənclərin biri çörək arxasınca gedir, biri inciyib gedir, başqası başını götürüb qaçır. Çoxu ümumiyyətlə heç bir partiya üzvü olmadan özünə siyasi partiya vəsiqəsi, müxalifətçi mövqeyi düzəldir. Sözsüz ki, belə hallar adama qəribə gəlir. Gedib orada belə insanların müəyyən iş gördüyünü hiss edəndə adam sevinir. Yox, əgər söhbət baş girələməkdən gedirsə, onu bu torpağın üstündə də edə bilərlər. 
Mən diaspora ilə işləyən adamam, diasporanın qayğısı mənim qayğımdır, oradakılar hamısı bizim övladlarımızdır. Onlar niyə burda yaşamasınlar? Bu mənada müəyyən addımların atılması çox zəruridir. İslahatların aparılması müsbətdir, bütövlükdə millət bunu normal qəbul etdi. Ancaq arzu edirəm ki, islahatlar davamlı olsun, bizim dövlətçilik, idarəçilik sisteminin məntiqindən və mahiyyətindən gəlsin. Bu halda davamlı olar”.
Hökumətin içində bu islahatları əngəlləmək istəyənlərlə bağlı deyilənlərə gəldikdə S. Rüstəmxanlı deyib ki, adətən hakimiyyətə gəlmək istəyən qüvvələr düşünür ki, hakimiyyətin işi nə qədər pis olsa, səhv etsə, az iş görsə, o qədər bizim xeyrimizədir: “Sözsüz ki, hökumətin içində də bunu arzulamayanlar olar. Hökumət eyni cür düşünən insan toplusundan ibarət deyil ki. Orada da fərqli düşünənlər var. Baxırsan, hökumətin içində özünü quzu kimi aparır, amma bir az qurdalayırsan, bunun striptiz otağı, nələri meydana çıxır… Əlbəttə, onların hamısı eyni cür düşünmürlər”.