"ÖZÜMÜZÜ ALDATMAYAQ, NƏTİCƏ SIFIRDIR" - Politoloq

24 ildir beynəlxalq aləmdən eyni şeyi tələb edirik, düşmənə təzyiq göstərmələrini istəyirik, amma faydası yoxdur
 
“Hər gün, hər həftə torpaqlarımızı metr-metr düşmən tapdağından azad etməliyik. Yalnız ondan sonra Ermənistan və onun havadarları danışıqlar masasına otura bilər”
Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıblar. Bəyanatda vurğulanıb ki, münaqişəyə son qoymaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması labüddür: "Ermənistan silahlı qüvvələri təmas xətti və sərhəd boyunca ağır silahlardan istifadə edərək atəşkəsi intensiv şəkildə pozur, təxribatlar törədir. Yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər qəsdən və sistematik şəkildə düşmən tərəfindən hədəf alınır.
İyulun 25-də Ermənistan silahlı qüvvələri tərəfindən döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə edilib. Əllə hazırlanmış yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mərmilər silahlı qüvvələrimizin mövqelərinə atılıb”. Nazirliklərin birgə bəyanatından vurğulanıb ki, Ermənistanın intensivləşən təxribatları təsadüfi deyil, düşmənin məqsədi danışıqlar prosesinə mane olmaq, prosesi pozmaqdır: "Ermənistanın bu kimi çirkin niyyətli əməlləri siyasi təhrikçi addımlarla müşayiət olunur. Azərbaycan danışıqlar yolunda səylərini artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Düşmənin bu davranışı beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Əks təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaq. Bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara görə, məsuliyyət tam şəkildə İrəvanın üzərinə düşür”. Bir sıra ekspertlər bu cür bəyanatları səbri tükənmək üzrə olan Azərbaycanın müharibə mesajı kimi dəyərləndirirlər. Onların fikrincə, düşmən təxribatların sayını artırmaqla rəsmi Bakını savaşa təhrik etməyə çalışır.
Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Natiq Miri isə hesab edir ki, bu tip bəyanatlar düşmən ölkənin havadarlarını narahat etmir, onlar da hansısa təəssürat yaratmır:
"24 ildir beynəlxalq aləmdən eyni şeyi tələb edirik, düşmənə təzyiq göstərmələrini istəyirik, nəticə isə sıfırdır. Əslində dünya ictimaiyyəti və ATƏT-in Minsk Qrupu üçün haqlı və haqsız tərəf bəllidir. Sadəcə düşməni himayə edənlərin niyyəti odur ki, Dağlıq Qarabağa "müstəqillik” verilsin. Buna səsvermə yolu ilə don geyindirməyə çalışırlar. Bizi qane etməyən Madrid prinsiplərində bu məqam öz əksini tapıb. Azərbaycan həmin maddəyə razılıq vermədiyi üçün proses 24 ildir uzanır. Ona görə düşünürəm ki, bu cür bəyanatların siyasi, hüquqi əhəmiyyəti və təsiri çox azdır. Özümüzü aldatmayaq”.
Ekspertin sözlərinə görə, bu yöndə ciddi addımlar atmağın vaxtı çatıb:
 "Doğrudur, cəbhədə əvvəlki illərə nisbətən müharibə ab-havası çox yüksəkdir. Azərbaycan bütün atəşkəs pozuntularına iki-üç qat cavab verir, erməni təxribatçılarını öldürür, texnikalarını məhv edir. Lakin hesab edirəm ki, bu, yetərli deyil. Bəzi siyasətçilər düşünür ki, hərbi təzyiqləri artırmaqla Ermənistanı masaya oturtmaq mümkün olacaq. Ancaq bu, yanlış fikirdir. Səngərdən-səngərə aparılan döyüşlə düşməni güzəştə məcbur etmək mümkün deyil. Erməni tərəfi ordan-burdan muzdlu əsgərləri, terrorçuları tapıb gətirib tökür səngərlərə, ona görə də onların ölməsi Sarkisyan hökumətinin vecinə deyil. Qısa müddətli olsa da lokal hərbi əməliyyatlara üstünlük verməliyik, strateji obyektləri ələ keçirməliyik. Hər gün, hər həftə torpaqlarımızı metr-metr düşmən tapdağından azad etməliyik. Yalnız ondan sonra Ermənistan və onun havadarları danışıqlar masasına otura bilər”.
İsmayıl