“Özümüz kağız istehsal etməsək, böhrandan çıxa bilməyəcəyik” – TÜRK NAŞİR

Baxış sayı:
1663

Türkiyənin ən böyük özəl nəşriyyatı olan “Kırmızı kedi yayınları”nın sahibi Haluk Hepkon ölkədə kağızın qiymətinin artmasından sonra nəşriyyatların üzləşdiyi vəziyyəti Turan agentliyinə şərh edib.

-Nəşriyyatlar dalbadal bəyanatlar verərək ölkədə kağız böhranı yaşandığını və rasional çarə tapılmaması halında kitab çapında böyük çətinliklər yaranacağını bildirirlər.Nə baş verir?

Haluk Hepkon- Cümhuriyyət qurulandan sonra həyata keçirilən məqsədyönlü investisylar sayəsində Türkiyə öz kağız ehtiyacını böyük ölçüdə özü təmin edən bir ölkə halına gəlmişdi.Müstəqilliyimizin güclənməsi üçün Mustafa Kamal Atatürkün ən çox önəm verdiyi strateji sahələrdən biri də kağız istehsalı idi.İkinci dünya müharibəsi illərində kağız istehsalı sahəsində bəzi problemlər yaşanmasına baxmayaraq, 1980-ci illərə qədər naşirlərimizin və qəzet redaksiyalarının ciddi şəkildə kağız problemi ilə üzləşdiyini deyə bilmərik.12 sentyabr 1980-ci ildə baş verən dövlət çevrilişindən sonra iqtisadiyyatdakı neoliberal siyasət kağız istehsalı işinə öz mənfi təsirini göstərdi; 2002-ci ildə AKP-nin iqtidara gəlməsindən sonra isə kağız istehsal edən zavodlar bağlandı, yeni zavodlar isə açılmadı.Avqust ayında Türk lirəsinin əcnəbi valyutular qarşısında təxminən 40% dəyər itirməsi xaricdən onsuz da çətin olan kağız idxalatını daha da müşkül hala gətirdi.Hökumət lazımi tədbirləri görmədi.Ona görə indi bir çox nəşriyyatımız kitab çap etməkdən vaz keçmə nöqtəsinə gəlmişdir.Maraqlı bir cəhət var: indiki iqtidarın sələfi olan "milli görüş"ün lideri Necmettin Erbakan 1970-ci illərdəki koalisiya hökumətlərinin ortağı olanda kağız zavodlarının açılması üçün əlindən gələn dəstəyi vermişdi, onun yetişdirmələri olan indiki iqtidarın nümayəndələri isə kağız zavodlarını bağlayıb, onların torpaqlarını tikinti şirkətlərinə verdilər. Gəldiyimiz nöqtə çox acınacaqlıdır: hökumət xaricdən kağız gətirilməsini də məhdudlaşdırıb.Radikal tədbirlər görülməsə,nəşriyyat sahəsindəki bu böhranı aradan qaldırmaq mümkün olmayacaq.

-Sizcə, hökumət yenidən kağız zavodları açmağa təşəbbüs göstərəcəkmi?

- Hökumət neloberal siyasətləri həyata keçirib çoz önəmli sahələrdə böhran yaratdığının fərqinə varsa belə,qısa müddətdə zavodlar tikib kağız istehsalına başlaması mümkün deyildir.Çünki bu gün təməli atılan zavod 4-5 ildən sonra kağız istehsalına başlaya bilər.Kağız istehsalını təşviq edici tədbirlər görməklə yanaşı, bu günkü vəziyyətdən çıxmaq üçün radikal addımlar atılmalıdır.Hökumət bu sahənin problemlərini çox yaxşı bilir.Ona görə də ən yaxın günlərdə lazımi addımların atılacağına inanıram.Yoxsa, xüsusilə, kiçik və orta səviyyədəki bir çox nəşriyyatımızın kitab çap etməkdən vaz keçməsi məsələsi gündəmdə qalmağa davam edəcək.

- Türkiyənin ən böyük özəl nəşriyyatl kimi böhran sizə nə dərəcədə təsir göstərir? Nəşr planlarınızda dəyişikliklər oldumu?

- Biz bu böhranın olacağını qabaqcadan görmüşdük.Ona görə müəyyən qədər kağız alıb ambarımızda saxlayırdıq.Ancaq o qədər kağız bir neçə ay bizim karımıza gələ bilər.Nəşriyyatların hamısının imkanları eyni dərəcədə deyil axı.Bir çox nəşriyyat əvvəlcədən kağız ala bilməyibsə, indi neyləsin? Nəşr işini dayandırmaq məcburiyyətindədirmi? Digər tərəfdən, bizim də əvvəlcədən aldığımız kağız bir neçə aylıqdır.Ağır devalvasiya və digər iqtisadi faktorlar kitab çapının maya dəyərini 100% artırıbsa, bunun səbəbkarı nəşriyyatlar deyil.Normal qiymətə kağız ala bilməyimiz üçün hökumət bir an əvvəl lazımi tədbirləri görməlidir.

- Mətbuatdan oxuduğumuza görə, bu ayın axırında Yılmaz Özdilin "Mustafa Kemal" kitabını 1.5 milyon tirajla çap edəcəksiniz.Sovet vaxtında belə bir kitabın ilk tirajının 1.5 milyon ədəd olduğu bəlkə də mümkün deyildi.Yoxsa böhran sizə təsir göstərməyib?

- Yılmaz Özdilin kitabı bizim 10-cu ilimizdə çıxardığımız 1000-ci kitab olacaq.Türkiyə cəmiyyətinin yarıdan çoxu bunu gördü ki, cümhuriyyətimizin "quruluş əyarları"ndan vaz keçildikcə ölkəmiz daha çox problemlərlə üzbəüz qalır.Bu gün dəbdə olan "yerli və milli" məfhumları məhz Atatürkün həyata keçirdiyi siyasətlər sayəsində dəyər qazanıb.Atatürk iqtisadiyyatımızın xaricə bağlı olmamasını müstəqilliyimizin əsas şərti kimi gördüyü üçün strateji əhəmiyyətli bir çox dövlət müəssisəsi qurub.Biz zaman keçdikcə Türkiyənin Atatürkü daha yaxşı anladığını görür, buna inanırıq.Yılmaz Özdilin "Mustafa Kemal" kitabının cəmiyyət tərəfindən yüksək səviyyədə qarşılanacağına əminik.

- Müsahibələrinizdə Azərbaycan ilə əlaqələr yaratmaq və ortaq işlər görmək istədiyinizi demişdiniz. Hər hansı hansı təşəbbüs varmı?

- Dünyada dəyişən tarazlıqlar bizi, hər şeydən əvvəl, özümüzə çox yaxın bildiyimiz ölkələrlə əməkdaşlığa tərəf aparır.Bu baxımdan eyni millət olduğumuz Azərbaycanın bizim könlümüzdə həmişə ayrı yeri var.Bilirsiniz ki,nəşriyyatımızın təkcə İstanbulda 6 böyük mağazası,40 min kvadratmetr ambarı,topdan kitab satış şirkəti var.Çin Xalq Respublikası ilə əməkdaşlıq edərək "Uluslararası İpek Yolu" adlı dərgi çıxarırıq.Biz Türk cümhuriyyətlərinin hamısı ilə əməkdaşlığa hazırıq.Ancaq bir daha vurğulayıram ki, Azərbaycanın yeri bizim üçün çox fərqlidir.Əməkdaşlıq edə biləcəyimiz hər kəslə müzakirələrə hazırıq.