Özbəklərin Brejnev sevgisi az qala baş katibi öldürəcəkmiş – Daşkənddə fövqəladə olay

Baxış sayı:
8644

Bəlkə də bu hadisə baş verməsəydi, SSRİ-də “durğunluq dövrü”nün ömrü bir az da uzanacaqdı, Leonid İliç Brejnev öz yağlı öpüşləri, çaş-baş saldığı məruzələri, hədiyyə və təltiflərə sonsuz ehtirası ilə hələ bir neçə il də Kremlin dəhlizlərində var-gəl edəcəkdi...
 
Siyasi liderlərin həyatında bəzən belə hadisələr də olur, yanında onlarla mühafizəçi, köməkçi, cangüdən olsa da onların “can”ını qorumaq mümkün olmur və sonradan bu cür olaylar “sui-qəsd”, “bədbəxt hadisə” və s. adlarla tarixə düşür.
SSRİ-nin mövcudluğu dövründə belə bir ənənə olub ki, ölkənin birinci şəxsi mütəmadi olaraq müttəfiq respublikalara səfərlər edib, bu səfərlər çərçivəsində baş katib rəsmi görüşlər keçirib, fəaliyyət göstərən müəssisələrə gedib, yeni açılmış obyektlərin qırmızı lentini kəsib, şərəfinə düzlənmiş ziyafətdə böyük həvəslə qədəh qaldırıb. Elə Leonid İliç Brejnevin növbəti Özbəkistan səfərində də məhz bu cür tədbirlər planlaşdırılıb, amma baş vermiş hadisə baş katibin səfərini yarımçıq qoyub.
23 mart 1982-ci ildə Brejnevin Özbəkistana səfəri xalq təsərrüfatında əldə etdiyi nailiyyətlərə görə respublikaya “Lenin” ordenini təqdim etmək məqsədini daşıyıb. Bununla yanaşı bir sıra görüşlərin keçirilməsi də palanlaşdırılıb. Baş katib artıq Daşkənddə olarkən səhhətində yaranmış problemlərə görə görüşlərin bir neçəsini təxirə salıblar. O cümlədən aviasiya zavodundakı görüşün keçirilməsi də təxirə düşüb. Ancaq Brejnev bununla razılaşmayıb. Əvvəlcədən planlaşdırılmış görüşlərin hamısında iştirak edəcəyini söyləyib.

Növbəti gün toxuculuq fabrikinin açılışından sonra Brejnev Özbəkistanın birinci katibi Şərəf Rəşidovdan təkidlə aviasiya zavoduna getməyi xahiş edib və beləliklə avtomobil karvanı zavoda üz tutub. Baş katibin görüşünə 15 min nəfərdən artıq insan toplaşıb. Mühfizəçilər onu çətinliklə zavodun yığma sexinə qədər müşaiyət edə biliblər. İşçilər Brejnevi görmək üçün hətta təyyarənin konstruksiyaları bərkidilmiş qalın və enli taxta tirlərin üstünə çıxıblar. Təbii ki, buradan baş katibi seyr etmək daha rahat və aydın olub. Amma bu “aydın”lığın sonu heç də yaxşı bitməyib. Yüzlərlə adamın ağırlığına tab gətirməyən taxta tir qırılaraq aşağıdakılarının, nümayəndə heyətinin, o cümlədən Brejnevin və Rəşidovun üstünə düşüb.

Həmin anları lentə köçürən SSRİ-nin dövlər televiziyasının əməkdaşı Kaleri Kislovoy hadisəni belə xatırlayıb:
“Zavodda adamların sayı həddindən artıq çox idi. Brejnev və digər nümayəndələr sexə çox çətinliklə keçmişdilər. Bu görüş təxirə salındığına görə təhlükəsizlik tədbirləri də sona çatdırılmamışdı. Bu haqda Brejnevə də məlumat vermişdilər. Amma o, təkid etdi. Baş katiblə kim mübahisə edə bilərdi ki? Bir göz qırpımında iri taxta tirlər çat verib sındı, adamlar yuxarıdan aşağı tökülüşdülər. Hamı şokda idi. Brejnev sınmış taxtaların altında qalmışdı. Onun gözləri açıq idi, qulağından qan gəlirdi. Brejnev mühafizəçi Vladimir Sobaçenkovun çəld hərəkəti hesabına sağ qalmışdı. Mühafizəşi özü isə qanın içində idi. Rəşidovu isə yerli DTK-nın 9-cu idarəsinin rəisi xilas etmişdi. Mən çəkdiyim lentləri Özbəkistanın dövlət televiziyasına gətirdim. Adətən biz çəkilişləri yerli televiziyalar vasitəsi ilə mərkəzə ötürürdük. Kremldən mənə təcili göstəriş gəldi ki, lentləri heç kimə verməyim. Moskvaya qayıdana qədər qısa müddətdə də olsa onları harada saxlamağımı düşünürdüm, çox narahat idim. Yerli rejissorlardan biri mənə dedi ki, lentləri onun seyfinə qoyaq. Amma buna ehtiyac qalmadı. Elə həmin gün tanımadığım və heç vaxt görmədiyim DTK əməkdaşları məni lentlərlə birlikdə xüsusi təyyarə ilə Moskvaya apardılar... ”
Hadisə zamanı Brejnevin körpücük sümüyü sınıb, beş qabırğası və qaraciyəri zədə alıb. Baş katibə təcili tibbi yardım göstərilib.

Brejnevi hadisə yerindən çıxarmaq üçün xidməti avtomobilini sexə sürüblər. Çoxsaylı insanlar maşının hərəkətinə əngəllik törədib. Başqa çıxış yolu tapmayan DTK generalı, Brejnevin şəxsi mühafizəsinin rəisi Aleksandr Ryabenko tapancadan havaya bir neçə güllə buraxıb. Yalnız bundan sonra maşının zavoddan uzaqlaşması mümkün olub.

Baş vermiş hadisə ilə bağlı heç bir məlumat yayımayıb və Özbəkistan rəhbərliyinə sərt şəkildə göstəriş verilib ki, hadisənin məxfiliyi təmin edilsin. Bundan sonra DTK əməkdaşları zavod işçiləri arasında xüsusi tədbirlər həyata keçiriblər.

Brejnev həkimlərin nəzarəti altında Moskvaya gətirilib. Vnukovo aeroportundan Kreml xəstəxanasına qədər gedən yollarda hərəkət tam məhdudlaşdırılıb.

Baş katibin hava limanından Özbəkistana yola salınması ilə bağlı “Vremya” proqramında reportaj getsə də, dönüşü ilə bağlı heç bir məlumat verilməyib. Təbii ki, təyyarədən xüsusi tibb maşınına xərəklə aparılan Brejnevi bu vəziyyətdə göstərmək məqsədəuyğun sayılmayıb.

Qeyd edək ki, Daşkənddə baş vermiş hadisəyə heç bir siyasi don geyindirilməyib, nə terror, nə sui-qəsd, nə də məqsədli sifariş. Bu hadisə sadəcə Brejnevin inadkarlığının və ərköyünlüyünün nəticəsi kimi qiymətləndirilib.

Bu hadisə onsuz da səhhətində kifayət qədər problemlər olan Brejnevin sağlamlığına ciddi zərbə vurub. Akademik Çuçalinin rəyinə görə, Brejnevin Daşkənddə aldığı travmalar onun ölümünü sürətləndirib. Amma bu travmalara baxmayaraq, baş katib bir az da dözüb. Çünki onu hələ qarşıda Azərbaycana səfər də gözləyib.../musavat/com