Özbəkistanı dəmir əllə idarə edən lider – İSLAM KƏRİMOV

İslam Kərimov Özbəkistana 1989-cü ildən rəhbərlik edir
 
Özbəkistanın ilk, yeganə və əvəzedilməz prezidenti İslam Kərimov bu posta hələ 1990-cı ildə seçilmişdi və özünə prezident titulu götürən ilk sovet respublikası lideri olmuşdu.
İnsan haqları müdafiəçiləri onu hüquqların kütləvi pozulmasında ittiham edir və dünyanın ən avtoritar dövlət başçılarından biri hesab edirdilər.
İslam təhlükəsini əsas gətirən Kərimov siyasi müxalifəti qəddar şəkildə əzir, opponentlərini ya ölkədən getməyə məcbur edir, ya da şübhə doğuran ittihamlarla həbsxanaya salırdı.
Qeyri-ardıcıl xarici siyasət yürüdən Kərimov gah Qərblə yaxınlaşır, gah da Rusiya ilə əlaqələri möhkəmləndirirdi.
Kərimovun dövründə bir çox iri sovet müəssisələri işini dayandırmışdı, onun hakimiyyətinin son illərində isə elektrik və qaz fasilələrlə verilir, milli valyuta - som qeyri-sabit olaraq qalırdı.
Halbuki Özbəkistan təbii sərvətlərlə zəngindir, neft və qaz ixrac edir, dünyanın ən iri pambıq istehsalçılarınin ilk beşliyinə daxildir. Ölkə qızılın təsdiq edilmiş ehtiyatlarına görə dünyada 4-cü, hasilatına görə isə 9-cu yerdədir.
 
Yetimxanadan çıxmış texnokrat
 
Rəsmi mənbələrdə Özbəkistanın birinci prezidenti haqqında bioqrafik məlumatlar kasaddır.
Özbəkistan hökumətinin internet saytında yalnız bu göstərilib ki, o 1938-ci ilin 30 yanvarında, Səmərqənddə, qulluqçu ailəsində doğulub. Daha sonra məlumat verilir ki, Kərimov 1960-cı ildə Daşkənddəki Mərkəzi Asiya Politexnik İnstitutunu "mühəndis-mexanik" ixtisası ilə bitirib, artıq 6 ildən sonra isə Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyinin aparıcı mühəndis-konstruktoru olub.
Lakin Kolumbiya Universiteti Yaxın Şərq İnstitutunun sifarişi ilə jurnalist Bruce Pannier-in apardığı təfərrüatlı araşdırmadan məlum olub ki, İslam Kərimovun uşaqlıq illərinin böyük bir hissəsi yetimxanada keçib.
Sənədlərə görə onun qara fəhlə olan atası Abduqəni Kərimov hələ İslamın doğulmasından iki il əvvəl naməlum səbəblərə görə həbsxanaya salınıb. Mənbələr Kərimovun bioloji atası məsələsində haçalanır: onun adı naməlumdur, lakin bəzi məlumatlara görə o tacik və ya yəhudi də ola bilər.
Onun istər dini, istərsə də dünyəvi tərəfdən olan siyasi opponentləri Kərimovun bioqrafiyasındakı bu qrafadan onun devrilməsi məqsədinə nail olunması üçün fəal istifadə edirdilər.
İslam Kərimov uşaq evinə üç yaşında olarkən, atası Abduqəni Kərimovun həbsxanadan çıxdığı vaxt verilibmiş. Lakin bundan sonra İkinci Dünya Müharibəsi başlandığından uşaq evlərini imkan daxilində ləğv edirdilər və valideynlər uşaqlarını evlərinə aparırdılar.
7 yaşında olarkən Kərimov yenidən uşaq evinə qaytarılımışdı. O orada həddi-büluq yaşınadək qalmışdı. Bəzi müşahidəçilər Kərimovun qəddar və despotik xarakterini onun yetimxana uşaqlığının ağır keşməkeşləri ilə izah edirlər.
O 1964-cü ildə Natalya Petrovna Kuçmı ilə evlənib, onların Pyotr adlı bir uşağı doğulub, lakin ər-arvad tezliklə ayrılıblar.
1966-cı ildə Özbəkistan SSR-in Dövlət Plan Komitəsində işə keçən Kərimov iqtisadçı kimi ikinci ali təhsilini alıb.
 
Gülnarə Kərimova
 
İslam Kərimovun böyük qızı - Gülnarə 2014-cü ildə Kərimov tənqid edənlərin düşərgəsinə keçib
1967-ci ildə Kərimov ikinci dəfə yarıtacik-yarırus Tatyana Əkbərovna ilə evlənib. O vaxtlar Tatyana Özbəkistan EA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi idi. Cütlüyün Gülnarə və Lola adlı iki qızları dünyaya gəlib.
Dövlət Plan Komitəsində sədrin birinci müavini vəzifəsinədək yüksələn Kərimov 1983-cü ildə Özbəkistanın maliyyə naziri təyin edilib.
O, 1986-cı ildə Dövlət Plan Komitəsinə rəhbərlik edib və bundan bir neçə ay sonra yeni təyinat alaraq Sov.İKP-nin Qaşqadərya vilayət komitəsinin birinci katibi olub.
1989-cu ildə Özbəkistanın partiya rəhbəri Rafiq Nişanov Moskvaya, SSRİ Ali Sovetinin Millətlər Şurasının sədri vəzifəsinə aparılanda Kərimov onun postunu tutub.
Kərimov 1990-cı ilin 24 martında, Moskvada Mixail Qorbaçovun prezident vəzifəsinə seçilməsindən 9 ay sonra, Özbəkistan Ali Sovetinin Sessiyasında prezident seçilib.
Özbəkistan Respublikası Konstitutsiyasına görə eyni şəxs dalbadal iki müddətdən artıq prezident seçilə bilməz.
Buna baxmayaraq İslam Kərimov 1990-cı ildən bəri ölkənin dəyişməz başçısı olaraq qalır.
O buna necə nail olub? Hesab edilir ki, Kərimov ilk dəfə müstəqüil Özbəkistanın prezidenti kimi 1991-ci ilin dekabrında dövlət başçısının ümumxalq seçkisində seçilib.
Beləliklə onun prezidentlik müddəti 1996-cı ildə başa çatmalı idi. Lakin bundan bir il əvvəl ölkədə referendum keçirilib və Kərimovun prezident səlahiyyətləri 2000-ci ilədək uzadılıb.
Məntiqlə Kərimovun ikinci prezidentlik müddəti 2000-ci ildən başlanıb. Həmin vaxt o, bu yüksək vəzifəyə bir daha seçilib.
Lakin iki ildən sonra Özbəkistanda prezidentlik müddətini 5 ildən 7 ilədək uzadan daha bir referendum keçirilib. Xalqa izah ediblər ki, referendumdam sonra hər şey sıfırdan başlanır və Kərimovun bundan əvvəlki müddətləri hesaba alınmır.
Beləliklə, Kərimov növbəti dəfə "ilk dəfə olaraq" prezidentliyə namizədliyini irəli sürmək hüququ qazanıb və 2007-ci ildə yenidən dövlət başçısı vəzifəsinə seçilib.
 
İnsan haqları
 
Kərimovu dünyanın ən sərt diktatorlarından biri hesab edirdilər.
"Sərhədsiz müxbirlər" təşkilatı onu Zimbabve prezidenti Robert Muqabe və Şimali Koreya lideri Kim Çen İrlə yanaşı "qırğı" adlandırırdı.
2000-ci ildən Özbəkistanda rəsmən senzura fəaliyyət göstərir. İnternetin inkişafı illərində ölkədə xəbər saytlarını, sosial şəbəkələri, o cümlədən "Canlı Jurnalı" bloklamağa başlayıblar.
2005-c ildə baş verən Əndican qırğını hakimiyyətin reputasiyasına ciddi zərbə oldu
İnsan haqları müdafiəçiləri rejimi işgəncələrdə, məhbuslar və dustaqlarla qeyri-insanı rəftarda ittiham edirlər.
Kərimovun hakimiyyəti dövründə belə hallardan ən ciddisi 13 may 2005-ci ildə Andijan şəhərində keçirilən nümayişin dağıdılması zamanı baş verib. O zaman silahsız kütlə hökumət qoşunları tərəfindən mühasirəyə alınmış və əsgərər atəş açmışdılar. Rəsmi məlumata görə 187 nəfər həlak olmuşdu.
Kərimov bəyan etmişdi ki, İslam üsyanı cəhdi baş verib və atəş açılması üçün əsgərlərə əmr olunmayıb. O Qərbi, BBC də daxil böyük media vasitələrini baş tutmamış üsyanın hazırlanmasına yardım göstərməkdə ittiham etmişdi.
Əndican gülləbaranının ardınca bir neçə ay müddətində Özbəkistandan onlarca beynəlxalq təşkilat və jurnalist xaric edilmişdi.
 
Xarici siyasət
 
Xarici siyasətdə İslam Kərimov hərəkət sərbəstliyini qoruyub saxlayır və bu vəziyyətdən maksimum fayda götürməyə çalışırdı.
Özbəkistan 1994-cü ildə MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmuş, lakin 1999-cu ildə bu təşkilatdan çıxmışdı.
2001-ci ildə Özbəkistan Şanxay iqtisadi əməkdaşlıq təşkilatına daxil olmuş, elə həmin il də NATO-nun Əfqanıstandakı əməliyyatını dəstəkləmiş və ABŞ-a ölkə ərazisində tranzit bazasını açmaq icazəsi vermişdi.
Qərb Əndican hadisələrinin tam və obyektiv araşdırılmasını tələb edəndə Kərimov Moskva ilə yaxınlaşmaya getmiş və Rusiyanın başçılıq etdiyi bir neçə beynəlxalq təşkilatlara üzv olmuşdu. Lakin ölkə 2008-ci ildə Avrasiya İqtisadi İttifaqında, 2012-ci ildə isə KTMT-də üzvlüyünü dayandırıb.
Hərçənd belə dəyişkən kurs Özbəkistana xüsusi bir fayda verməyib.
 
Kərimov və Putin Daşkəntdəki Puşkin heykəli qarşısında. ( Daşkənd: 24 iyun 2016-cı il)
 
Özbəkistanın Rusiyaya gah yaxınlaşıb gah da uzaqlaşıb
 
Mərkəzi Asiyada Kərimov və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin apardıqları çoxillik liderlik yarışı əksər ekspertlərin qiymətləndirməsinə görə və Özbəkistan iqtisadiyyatının acınacaqlı vəziyyəti ucbatından heç də Kərimovun xeyrinə başa çatmayıb.
 
Ailə qalmaqalı
 
Avtoritar fiqur olan Kərimovu kimin əvəz edəcəyi barədə söz-söhbətlər 2013-cü ildə, Özbəkistan prezidenti mətbuatın diqqətindən qeyb olandan və onun keçirdiyi infarkt haqqında şayiələr yayılandan başlanmışdı.
Bəzi müşahidəçilər onun böyük qızı, Harvard Universitetinin məzunu Gülnarəni mümkün varis kimi görür, lakin bir başqaları isə qeyd edirdilər ki, "Ququşa" ləqəbi ilə pop ilahəsi kimi çıxış edən Gülnarə Özbəkistan kimi mühafizəkar bir ölkə üçün həddindən artıq qeyri-ənənəvi şəxsdir.
İslam Kərimovun kiçik qızı Lola, xeyriyyəçiliklə məşğul olur. O, ölkəni UNESCO-da təmsil edir
Üstəlik 2013-cü ildə onun fin-isveç telekommunikasiya nəhəngi TeliaSoneranın fəaliyyəti ilə bağlı yaranmış korrupsiya işi ilə əlaqədar olduğu üzə çıxmışdı. Elə həmin vaxt onun Fransadakı malikanəsində aparılmış axtarışın ardınca Özbəkistanın hakimiyyət orqanları Gülnarəni diplomatik toxunulmazlıqdan məhrum etmişdi.
Bundan sonra o ev məhbusu edilmiş, 2014-cü ildə isə Özbəkistan prokurorluğu Kərimovanı dövlətdən 65 milyon dollar oğurlamış cinayətkar qrupa mənsub olmaqda ittiham etmişdi.
Onun nüfuzdan düşməsini cadugərlikdə ittiham etdiyi anası və kiçik bacısı ilə dava-dalaşı, habelə Özbəkistan xüsusi xidmətlərinin başçısı Rüstəm İnoyatovun hakimiyyət rəqabəti ilə bağlayırdılar.