“Öz tarixi torpaqlarımıza qayıtmaq hüququmuz var” – TARİXÇİ ŞAHLAR HACIYEV

Baxış sayı:
4057

“Bu gün o torpaqlarda Azərbaycan insanı yaşamırsa, bu, o demək deyil ki, gələcəkdə də yaşamayacaq”
 
Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılan yeni strukturları və nəzərdə tutulan gələcək planları barədə cəmiyyətə müntəzəm məlumat verilir. Görülən işlər barədə MQA(İ) R Katibliyinin üzvü, tarixçi-araşdırmaçı Şahlar Hacıyev ilə müsahibəni təqdim edirik.  
- Şahlar bəy, Mühacirətdə Qərbi Azərbaycan Respublikasının elan olunmasından 20 gündən artıq vaxt keçir. İstərdik ki, görülən işlər, atılmış addımlar və qarşıda duran vəzifələr haqqında danışaq. İlk öncə təşəbbüsün özü haqqında məlumat vermənizi xahiş edərdik. Təşəbbüs necə ortaya çıxdı və hansı zərurətdən irəli gəldi?
- Əvvəla qeyd edim ki, bu, yeni bir təşəbbüs deyil və uzun illərdir ki, bu istiqamətdə ideyalar və cəhdlər olub. Ermənistan-Azərbaycan münaqişəsinin başlandığı ilk dövrlərdə Göycə-Zəngəzur Respublikasının yaradılması, Qərbi Azərbaycan mühacir hökuməti və parlamentinin formalaşdırılması və s. bu kimi təşəbbüslər səsləndirilib. Sadəcə indiyə qədər təəssüflər olsun ki, bu cəhdlər inkişaf etməyib, ideya olaraq qaldı. Bu dəfə isə əvvəlkilərdən fərqli olaraq daha təşkilatlanmış şəkildə fəaliyyət davam etdirilir. Digər tərəfdən, təşəbbüsün toplum tərəfindən çox ciddi şəkildə dəstəklənməsi də fəaliyyətin inkişafına təkan verir. Uzun illərdir Dağlıq Qarabağla bağlı aparılan danışıqların perspektivsizliyi, ermənilərin ənənəvi düşmənçilik mövqeyindən geri çəkilməməsi insanımızın əzəli torpaqlarımız uğrunda mübarizəsini şərtləndirir ki, fəaliyyətimizin də ana xəttini məhz bu amal və istək təşkil edir. Bu baxımdan da Mühacirətdə Qərbi Azərbaycan hökuməti ideyası çoх ciddi ideyadır və ən azından həmin torpaqların bizə məxsus olduğunu bütün dünyaya sübut etmək baxımından olduqca əhəmiyyətlidir.
- Bu gün işlər hansı yerdədir? Nə kimi işlər görülüb və nələr planlaşdırılır?
- Fəaliyyət əsasən iki istiqamətdə aparılır. Birincisi təşkilatı strukturlarlın formalaşdırılması və Qurultaya hazırlıqla bağlıdır. İkincisi isə təbliğat istiqamətidir. Təşkilat komitəsinin formalaşdırılmasından keçən dövr ərzində bu istiqamətlər üzrə bir sıra vacib qərarlar qəbul olunub. İlk olaraq təşkilat komitəsi və təşəbbüs qrupu üzvlərindən ibarət Millət Şurası formalaşdırıldı və ondan sonrakı bütün qərərlar da məhz Millət Şurasında müzakirə olunaraq qəbul olunur. Millət Şurasının son iclasında yeni qurumların, Katiblik və onun tərkibinin formalaşdırılması ilə bağlı müzakirərlər aparılmış və qərarlar qəbul olunmuşdur. Katiblik Millət Şurasının fəaliyyətini təşkil edir, rəsmi sənədlərin hazırlanması və yayılması işinə rəhbərliyi həyata keçirir, qurumdaxili komissiyaların fəaliyyətini koordinasıya edir.
- Katibliyin tərkibi kimlərdən ibarətdir?
- Qəbul olunmuş qərara müvafiq olaraq katibliyin tərkibində Cəmşid Dərələyəzli, Qələndər Muxtarlı, Allahverdi Seyidov, Əli Mustafa, Yasəmən Qaraqoyunlu, Ruslan Fərzəliyev, Aqil Səmədbəyli, Faiq Ələkbərli, Qurban Vahidov, Rəfi Qurbanov, Yusif Xıdırov, Paşa Həsənli və mən təmsil olunuruq.
- Bir müddət əvvəl Millət Şurasının komissiyalarının formalaşacağı ilə bağlı da məlumatlar verilmişdi. Bu istiqamətdə fəaliyyət nə yerdədir?
- Artıq İdeologiya və siyasət, beynəlxalq münasibətlər, dövlət quruculuğu və hüquq, maliyyə komissiyalarının yaradılmasına dair qərarlar verilib və hal-hazırda onların tərkibinin formalaşdırılması istiqamətində işlər görülür. Bundan savayı ümumi fəaliyyətin effektivliyini təmin etmək üçün bir sıra şəxslərin konkret sahələr üzrə görəvləndirilməsi də həyata keçirilib. Cəmşid Dərələyəzli, Qələndər Muxtarlı, Əli Mustafa, Paşa Həsənli, Muxtar Oxçuoğlu, Nigar Ögeday, Köçəri Nağıbəyli, Rizvan Talıbov müxtəlif məsələlrlə bağlı sədr müavini vəzifələrinə, mən isə sədrin müşaviri vəzifəsinə təsdiq edilmişik. Həmçinin Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası Qadınlar Təşkilatının yaradılmasını təşkil etmək üçün İradə Rzazadə də müvafiq olaraq görəvləndirilmişdir.
- Respublikanın elan olunması ilə bağlı Bəyannamədə də göstərilmişdir ki, əsas hədəflərdən biri Qərbi Azərbaycandan qovulmuş insanlarımızın öz ata-baba yurdlarına qayıtması uğrunda mübarizədir. Səmimi olaraq deyin, siz bu məsələnin perspektivinə nə qədər inanrsız?
- İlk olaraq deyim ki, zaman-zaman ata-baba yurdlarından qovulmuş insanların öz tarixi torpaqlarına qayıtmaq uğrunda mübarizə aparmaq hüququ var və buna heç kəs etiraz edə bilməz. Konkret suala gəldikdə isə mən əminəm ki, nə vaxtsa o torpaqlar öz sahiblərinə qovuşacaq. Əgər bu gün o torpaqlarda Azərbaycan insanı yaşamırsa, bu heç də o demək deyil ki, gələcəkdə də yaşamayacaq.
Rəşad,
Hurriyyet.org