“Övladlarımız orta məktəbə və uşaq bağçasına gedərəkən, dizə qədər palçığa batır” - 6 min sakin adından PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
14716

Suraxanı və Sabunçu rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfi, (Mərkəzi küçə) yaşayış massivi sakinləri - Sevil Baxşəliyeva, Ceyhun Səmədov, Rafiq Əliyev, Məmməd Həmidov, Habil Məmmədov və digərləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən sakinlər yazır: “Çox hörmətli Prezident! Siz həmişə öz işinizlə, öz fəaliyyətinizlə doğma xalqımıza ləyaqətlə xidmət edir və ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması işində səylərinizi davam etdirirsiniz. Xalqımız Sizin bütün xidmətlərinizi yüksək qiymətləndirir. Siz məmurlar qarşısında çıxışlarınız zamanı hər dəfə qeyd etmisiniz: "Prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borclarına vicdanla yanaşsın, insanları narahat edən problemləri həll etsinlər. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin. Xalqa və dövlətə xidmət etsin”. Son 8 ildə şəxsən Sizin tərəfinizdən qəbul edilmiş “Regionların sosial-iqtisadi inkişaf” Proqramı üzrə Azərbaycanın hər bir rayonunda irimiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi prosesi uğurla davam etdirilir. Biz, sakinlər 1999-cu ildə Ulu Öndərin göstərişi və Bakı şəhər İcra Hakimiyyətinin başçısının 11.02.2000-ci il tarixli, 134 saylı sərəncamı əsasında Suraxanı və Sabunçu rayonu ərazilərini əhatə edən, Bakı-Aeroport yolunun sol tərəfində ayrılmış 35 ha ərazidə salınmış yaşayış massivində 19 ildir ki, yaşayırıq. Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, 6 min nəfərə yaxın ailənin yaşadığı qəsəbəmiz ölkəmiz üzrə infrastrukturun genişlənməsi və inkişafı üzrə baş verən proseslərdən sanki ayrı düşmüş, yaddan çıxmışdır. Belə ki, qəsəbəmiz 20 metr eni olan bir Mərkəzi küçədən və eni 10 metr olan 29 məhəllədaxili yollardan ibarətdir. Hər bir fiziki şəxsə fərdi yaşayış evinin tikintisi üçün dövlət tərəfindən 400 kv.m torpaq sahəsi ayrılmışdır ki, hazırda 1500 ailə bu torpaqlarda mənzil tikərək yaşayırlar. Suraxanı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2006-cı ildə yaşadığımız qəsəbənin kanalizasiya xəttləri və sonra isə məhəllədaxili yollarının asfaltlaşması məsləsinin həll edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Aparatı tərəfindən bu təyinat üzrə vəsait bizim qəsəbəmiz üçün Suraxanı və Sabunçu rayon İcra Hakimiyyətlərinə ayrılsa da, sonradan Nəqliyyat Nazirliyi rəhbəri olmuş Ziya Məmmədov yol infrastrukturu məsələsinin birbaşa Nəqliyyat Nazirliyinin işi olduğunu əsas gətirərək, qəsəbədaxili yolların asfaltlaşması işini öz öhdəsinə götürmüşdür. Bu məqsədlə, lahiyənin həyata keçirilməsi üçün Suraxanı və Sabunçu rayon İcra Hakimiyyətlərinin hesabına köçürülmüş vəsait yenidən Nəqliyyat Nazirliyin hesabına yönəldilmişdir. Nəticədə 13 ildir ki, Nəqliyyat Nazirliyi vəd etdiyi kimi, bu istiqamətdə heç bir iş görməmişdir. Bəlkə də sənədlərdə qəsəbəmizə yollar və kanalizasiya ayrılmış milyonlarla manat dövlət büdcəsi hesabına “çəkilmişdir”, sadəcə bizim bundan xəbərimiz yoxdur. Əslində isə ayrılmış milyonlarla manat pullar mənimsənilmişdir. Yaz, payız, qış aylarında torpaq yoldan istifadə etdiyimiz zaman biz böyüklərin işə, uşaqların isə 0,5-1 km aralıda yerləşən orta məktəbə və uşaq bağçasına dizdən olan palçıqla gedib-gəlməyimiz yaşadığımız XXI əsrdə bizləri lap hövsələdən çıxarmışdır. Baxmayaraq ki, yaşadığımız Mərkəzi küçəyə perpendikulyar olan Samir Əliyev küçəsi boyunca “Yeni-Şuşa” qəsəbəsi istiqamətində magistral kanalizasiya xətti qəsəbəmizin ortasından keçir və 8 ildir ki, istismara verilmişdir. Qəsəbəmizdəki 9, 10, 11 və 12-ci keçidlərində yaşayan sakinlər isə əsas kanalizasiya xəttinə yaxın olduqlarına görə, hər bir ailə 300-400 manat xərc çəkməklə kustar üsulla, heç bir lükdən istifadə etməməklə bu xəttə qoşulmuşdur. Qəsəbəmizin kənarlarında yaşayan və əsas kanalizasiya xəttindən uzaq olan biz sakinlərin isə bu xəttə qoşulmağımız üçün 600-1000 manat xərc çəkməyimiz tələb olunur. Aidiyyatı məmurlar tərəfindən İnsanlara qarşı göstərilən belə hörmətsizliyi biz Sizə olan hörmətsizlik kimi başa düşürük. Çünki o adamlar öz qanunazidd hərəkətlərilə konkret olaraq Sizin qəbul etdiyiniz “Regionların sosial-iqtisadi inkişafı”na dair Dövlət Proqramına qarşı çıxırlar. Cənab prezident! Siz 17 oktyabr və 01 noyabr 2019-cu ildə Bakıətrafı kənd və qəsəbələrin məhəllədaxili yollarının asfaltlanması ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova verdiyiniz konkret tapşırıqda göstərmisiniz: “Mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır. Əvvəl Kürdəxanı qəsəbəsinin yollarını abadlaşdırdınız. İndi digər qəsəbələr növbədədir. Xəzər rayonunda Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə biz yolların hamısını bərpa edəcəyik”. Siz xüsusi olaraq vurğulamışdınız ki, bəzi yerlərdə hələ də torpaq yolların mövcuddur. Bildirmişdiniz ki, torpaq yollar olmamalıdır, bütün qəsəbədaxili, məhəllədaxili yollara asfalt vurulmalıdır. Cənab Prezident! Sizin bu çıxışışınızdan biz sakinlər də ruhlanaraq bir daha Sizə müraciət edir və çox xahiş edirik ki, aidiyyatı dövlət qurumlarına 19 il qanuni yaşadığımız qəsəbəmizin kanalizasiya və yol çəkilişinin başlanması üçün göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk. Xatırladaq ki, eyni məzmunlu müraciətlərlə əvvələr də etdiyimiz çoxsaylı müraciətlərə Prezident Administrasiyası tərəfindən ölçü götürülməsi üçün Nəqliyyat Nazirliyinə göndərilmişdir. Amma 13 ildir ki, heç bir nəticə olmamaışdır”. Muxalifet.az P.S. Qeyd edək ki, müraciətə aşağıda adları qeyd olunan sakinlər imza atıb: