“Övladımız olmadığı üçün ikimizi də boşadılar...” - Əkiz bacıların taleyi...

Baxış sayı:
364

Son zamanlar qız qaçırma, erkən nigah, boşanma hallarının çoxalması kimi problemləri nəzərə alaraq Moderator.az “Qadın taleyi” rubrikasına uzun bir fasilədən sonra yenidən davam edir. Qeyd edək ki, müsahiblərimizin adlarını bəzi səbəblərdən şərti olaraq təqdim edəcəyik. 
Bu gün boşanmaların səbəblərindən biri də evlənən cütlüklərin övladlarının olmamasıdır. Övladı olmadığına görə əkiz bacısıyla birlikdə boşanan Nərminən (adı şərtidir) həyat hekayəsini təqdim edirik. Nərminə olanları belə nəql edib:
“Anam ailə qurandan sonra on il övladı olmayıb. Bu problem isə ana tərəfimdə var, iki dayımın da övladı olmadı. On ildən sonra isə qardaşlarım dünyaya gəldi. İki qardaşımdan sonra isə biz əkiz bacılar doğulduq. İllər keçdi və biz yaşa dolduq. Qardaşlarım ailə qurandan sonra bizə də elçilər gəlməyə başladı. Bacım öz kəndimizdə, mən isə qonşu rayonda uzaq qohumlarımdan birinə ərə verildim”. 

“Artıq onların gözündə sonsuz biri kimi qəbul olunmuşdum...”

“Bir müddət sonra məlum oldu ki, övladımız olmur. Buna görə də müalicə olunmağa başladıq. Həkim həyat yoldaşıma demişdi ki, müalicə olunduğuna görə içkidən uzaq dur, amma o, buna məhəl qoymurdu. Hər dəfə də içirdi və ona görə də müalicələrin heç bir xeyri olmadı. Övladım olmadığına görə həm həyat yoldaşım, həm də qaynanam, qaynatam mənə qarşı qaressiv idilər. Artıq onların gözündə sonsuz biri kimi qəbul olunmuşdum. Övladıma görə məni boşamaq istədiklərini demək istəməsələr də, gah həyat yoldaşım, gah da adamları tərəfindən incidilirdim ki, bir bəhanəylə məni qovsunlar”. 

“Dedilər ki, biz də nəvə istəyirik, amma qızınızda problem var...”

Artıq hər şeyi başa düşdüyüm üçün sonuncu davadan sonra ata evimə qayıtdım. Mənimlə tez-tez dava etməsinə baxmayaraq, həyat yoldaşım məndən ayrılmaq istəmirdi. Bir neçə dəfə arxamca gəlsə də, geri qayıtmağa razı olmadım. Bununla da mənim onunla ailə həyatıma son qoyuldu. Məhkəmə yolu ilə boşandıq. Mənim boşanmağımın ardından əkiz bacımın adamları da ortalığa düşdü. Dedilər ki, biz də nəvə istəyirik, amma qızınızda problem var, övladı olmur. Bir gün anam gedib xoşduqla bacımı götürüb evə qayıtdı. Məndən sonra həyat yoldaşım ailə qurdu və şikəst uşağı doğuldu”. 

“Əlbəttə biz də istəyərdik ki, övladımız olsun, amma...”

“İki qızın ata evinə qayıtması bilirsiniz ki, ana üçün necə ağır dərddir. Atam rəhmətə getdiyi üçün bu acıları anam çəkirdi. Amma düşündüm ki, bunu dərd etməyə dəyməz. Bir il sonra bacıma ailəsindən boşanan bir adam elçi gəldi. Dedi ki, iki oğlum var, onlara analıq et, başqa səndən heç nə istəmirəm, ailə quraq yaşayaq. Belə də razılaşdılar və bacım ailə qurdu. İndi çox xoşbəxtdir. Ardınca da mənə elçi gəldilər və ailə qurdum. İndi Bakıda yaşayıram. Nə bacımdan, nə də məndən uşaq tələb edən yoxdur. Əlbəttə biz də istəyərdik ki, övladımız olsun, amma Allahın qisməti, bəlkə anam kimi bizim də bir neçə il sonra övladımız olar.  Amma övladın olmamasına görə boşanmağı heç cür qəbul etmirəm. Məsələn, iki dayımın övladı olmasa da, onlar həyat yoldaşlarından boşanmadılar və bu gün də birlikdə yaşayırlar”.